Prezident İlham Əliyev: "Azərbaycan beynəlxalq aləmdə güclü dövlət, etibarlı tərəfdaş kimi tanınır"
Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə və əməkdaşlığa malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın hərtərəfli inkişafı, iqtisadi potensialının güclənməsi, həyata keçirilən müstəqil xarici siyasət ölkəmizin nüfuzunun yüksəlməsini, beynəlxalq aləmə daha sıx inteqrasiyasını, ikitərəfli və çoxtərəfli əlaqələrin möhkəmləndirilməsini təmin edib. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır.
Ölkəmizlə əməkdaşlığın və tərəfdaşlığın getdikcə möhkəmlənməsinə Türkiyə kimi güclü qardaş dövlətin - Ulu Öndər Heydər Əliyevin dediyi kimi, "Bir millət, iki dövlət" tezisinə əsaslanaraq yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan və Türkiyə münasibətləri dayanmadan inkişaf edir, əməkdaşlığın yüksək səviyyəsi hərtərəfli əlaqələrin gücündən və sarsılmazlığından xəbər verir. Həmçinin, dost ölkələrin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin, eyni zamanda, bir çox dövlətlər, beynəlxalq təşkilatların haqq işimizi müdafiə etməsi Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 17 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur. Və bunun nəticəsidir ki, Azərbaycanın dünyadakı dostlarının sayı artmaqdadır. Çünki Azərbaycan mühüm beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə, bu sahədə geniş təcrübəyə malik bir dövlətdir.
"Biz münaqişə ilə bağlı həqiqətləri dünyaya çatdırırıq və bundan sonra da çatdırmalıyıq. Hesab edirəm ki, bu gün vəziyyət tamamilə fərqlidir"
Prezident İlham Əliyevin bu sözləri beynəlxalq aləmin çoxsaylı nümayəndələrinin etiraf etdiyi, müasir Azərbaycan həqiqətlərini ifadə edən faktdır. Artıq elə bir beynəlxalq tribuna yoxdur ki, orada Azərbaycanda aparılan islahatlar haqqında xoş fikirlər səsləndirilməsin. Elə bir beynəlxalq rəy sorğusu keçirən təşkilat yoxdur ki, öz hesabatında Azərbaycanın irəlilədiyini göstərməsin. Bugünkü müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin hələ 1993-cü ilin payızında elan etdiyi "Hüquqi, dünyəvi, demokratik dövlət quruculuğu" kursunu uğurla davam etdirir. Həmin kursun mühüm tərkib hissələrindən olan əsas insan hüquq və azadlıqlarının qorunması məsələsi ölkəmizdə öz müsbət həllini çoxdan tapmışdır. Prezident İlham Əliyev: "Azərbaycan demokratiya, insan hüquqları və azadlıqları kimi dəyərlərə sadiqdir. Bunun dərin tarixi kökləri vardır. Biz fəxr edirik ki, bir əsr bundan əvvəl Şərqdə, müsəlman dünyasında ilk dəfə olaraq Azərbaycanda demokratik respublika qurulmuş, qadınlara səsvermə hüququ verilmişdir. Bu sahədə biz hətta əksər Qərb ölkələrini də qabaqlamışıq. Demokratik inkişaf Azərbaycanın şüurlu seçimidir. Azərbaycanda bütün fundamental insan hüquq və azadlıqları, qanunun aliliyi, mətbuat azadlığı təmin olunur".
"Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək"
Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun artmasının əsas səbəblərindən biri də "Ən islahatçı ölkə" imici qazanmasıdır. Dünya Bankının "Doing Business 2020" hesabatına görə Azərbaycan ötən ildə olduğu kimi, bu il də 20 ən islahatçı ölkələrin sırasında yer alması icmalının təqdimatında qeyd edilmişdi ki, son bir il ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda uğurlu islahatlar həyata keçirilib. Bu məsələ ilə bağlı danışan Prezident İlham Əliyev xatırlatmışdır: "Bizim siyasətimiz ondan ibarətdir ki, ölkəmizi modernləşdirək, ölkəyə ən qabaqcıl texnologiyaları gətirək. Azərbaycanda bütün iqtisadi və sənaye sahələrində ən qabaqcıl təcrübə tətbiq olunmalıdır, peşəkar kadrlar hazırlanmalıdır. Ölkəmiz uğurla inkişaf etməkdə davam edəcəkdir. Bizim təbii resurslarımız var, iqtisadi siyasətimiz var və bu, uğurlu siyasətdir. Beynəlxalq maliyyə qurumları Azərbaycanda bu sahədə aparılan işlərə çox yüksək qiymət verirlər. Yəni bu, həqiqəti əks etdirən qiymətdir və beləliklə, biz ölkəmizin uzunmüddətli inkişaf strategiyasını təmin edəcəyik".
"Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır"
Ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu artıran digər səbəbləri dövlət başçımız çıxışında aydın şəkildə demişdir: "Davos Ümumdünya İqtisadi Forumunun hesabatına istinad edərək deməliyəm ki, elektrik enerjisinin əlçatanlıq əmsalına görə Azərbaycan dünyada ikinci yerdədir. Azərbaycan, eyni zamanda, bir sıra ölkələrin enerji təchizatçısıdır. Asiya və Avropa qitələri arasında körpü rolu oynayan Azərbaycan açıq dənizə çıxışı olmayan ölkə kimi bir sıra regional nəqliyyat layihələrinin təşəbbüskarı və icraçısıdır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri layihələrinin fəal iştirakçısı olaraq hazırda digər mühüm layihələr – Cənub-Qərb və Şimal-Qərb layihələri üzərində çalışırıq. Beləliklə, Azərbaycan etibarlı tranzit ölkəsi kimi çoxtərəfli beynəlxalq əməkdaşlığa öz dəyərli töhfəsini verir. Bizə dünya miqyasında böyük nüfuz qazandıran amillərdən biri də ölkəmizin mötəbər beynəlxalq təşkilatların ali səviyyəli tədbirlərinin keçirildiyi mərkəzə çevrilməsidir. Ötən ayın son günlərində Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün keçirilməsi həmin tədbirlərin pik nöqtələrindən idi. Çünki bu zirvə görüşündə özündə 120 ölkəni birləşdirməklə BMT Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisat olan bir qurumun Yekun sənədi imzalandı və həmin sənədi təsdiqləyən dövlətlərin rəsmiləri Ermənistanı işğalçı ölkə kimi tanıdıqlarını etiraf etdilər".
"Ölkəmizin hərbi qüdrətinin güclənməsi də bizim beynəlxalq nüfuzumuzu artıran səbəblərdəndir"
"Respublikamız bu gün silah və hərbi sursat istehsal edən ölkələr arasındadır. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi, Naxçıvan Muxtar Respublikasında keçirilən əməliyyat nəticəsində böyük torpaq sahəsi işğalçılardan azad edilmişdir. Hərbi qüdrətimizin artırılması nəticəsində bu gün Azərbaycan Ordusu beynəlxalq reytinqlərdə güclü ordular sırasındadır",-deyən dövlət başçısı onu da bildirib ki, Azərbaycan bu gün beynəlxalq nəqliyyat mərkəzlərinin birinə çevrilmək üçün çox fəal iş aparır. Bu istiqamətdə də böyük addımlar atılır, böyük sərmayə qoyulur. Dəmir yolu infrastrukturu, avtomobil yollarının tikintisi, beynəlxalq aeroportun fəaliyyətə başlaması, dəniz nəqliyyatının müasirləşdirilməsi – bütün bunlar son illər ərzində görülmüş işlərdir. Həmçinin, ölkəmizin beynəlxalq aləmdəki nüfuzunun sürətlə artmasına səbəb olan amillərdən biri də "Kosmik ailə"nin ən gənc üzvü olan Azərbaycanın bu istiqamətdə möhtəşəm qələbələrə imza atmasıdır. Bütün bu uğurlu nailiyyətlər Azərbaycan Prezidentinin diplomatik siyasətinin göstəricisidir.
Göründüyü kimi, Prezident İlham Əliyev Qələbə Zəfərindən sonra ardıcıl olaraq Azərbaycanda yeni təyin olunmuş səfirlərin etimadnaməsinin qəbul etməsi, dost ölkələrin rəhbərlərinin və şirkətlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin ölkəmizə səfərləri bir daha onu göstərir ki, Azərbaycan beynəlxalq aləmdə sarsılmaz mövqe və nüfuz sahibidir. Dövlət başçısı, həmçinin qəbul zamanı onu da dəfələrlə vurğulayıb ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik: "Mən artıq dəfələrlə çıxışlarımda demişəm və bir daha qeyd etmək istəyirəm ki, biz yalnız dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik".
Bir sözlə, bu gün Azərbaycanın beynəlxalq münasibətlər sistemində güclü ölkə olması, nüfuzunun ilbəil artması tanınmış ictimai-siyasi xadimlər tətəfindən də etiraf olunur. Artıq Azərbaycan dünyada qalib, öz haqq işi uğrunda sona qədər mübarizə aparan ədalətli dövlət kimi qəbul olunur. Regionun lider dövləti kimi, baş verən istənilən məsələ ilə əlaqədar ölkəmizin maraqları nəzərə alınır. Dünyanın başı üzərini koronavirus pandemiyası alan zaman dövlət başçımızın təşəbbüsü ilə Türk Şurasının və Qoşulmama Hərəkatının təmas qrupu formatında videokonfrans şəklində COVID-19 pandemiyasına həsr olunmuş zirvə görüşlərinin keçirilməsi beynəlxalq ictimaiyyət tərəfindən yüksək dəyərləndirilir. Əslində, Azərbaycan bu təşəbbüslə çıxış edib problemi qlobal səviyyədə müzakirəyə çıxarmaqla bir daha dünya üçün nümunə oldu. Bu, möhtərəm Prezidentimizin beynəlxalq miqyasda xüsusi liderlik qabiliyyətinə malik şəxsiyyət kimi qəbul olunduğunu, ölkəmizin dünya birliyində reytinqinin getdikcə yüksəldiyini bir daha təsdiqlədi. Azərbaycanın beynəlxalq aləmdə nüfuzun qazanılması qalib ölkənin fateh sərkərdəsi – Azərbaycan Prezidentinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün Azərbaycan öz gücünə arxayın olan, bütün tərəfdaşlar ilə münasibətləri qarşılıqlı hörmət və ehtiram prinsipləri əsasında qurmağa çalışan, dinamik inkişaf edən gənc və eyni zamanda, təcrübəli bir regional amildir. Bir sözlə, müstəqil xarici siyasət kursu, mötəbər beynəlxalq qurumlarda uğurlu təmsilçilik Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, regionda lider dövlət kimi nüfuzunu artırmışdır.
RƏFİQƏ KAMALQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB