Milli Prioritetlər Azərbaycanın dünyaya yeni inkişaf modelinin təqdimatıdır - ŞƏRH

Milli Prioritetlər Azərbaycanın dünyaya yeni inkişaf modelinin təqdimatıdır - ŞƏRH

Prezident İlham Əliyev cənablarının fevrvlın 2-də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi haqqında imzaladığı Sərəncamı Azərbaycanın dünyaya nümunə olan yeni iqtisadi və sosial inkişaf modelinin təqdimatıdır. Sənəd növbəti 10 ildə sosial-iqtisadi sahədə geniş islahatların həyata keçirilməsini, əhalinin maddi rifah halının daha da yüksəldilməsini, milli iqtisadiyyatın inkişafının başlıca prioritetlərini müəyyən edir.

Reallıq budur ki, son 17 ildə sosial-iqtisadi və mədəni həyatında böyük təkamül yolunda inamla addımlayan Azərbaycanın iqtisadiyyatı dinamik inkişaf edib, beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb, cəmiyyətdə dövlətçilik ənənələri güclənib. 2020-ci ilin ilk aylarından güclənən pandemiyaya qarşı mübarizə tədbirləri, Ali Baş Komandan, Prezident İlham Əliyev cənablarının rəhbərliyi ilə sentyabrın 27-dən başlanan və 44 gün davam edən Vətən müharibəsində müzəffər Ordumuzun gücü ilə rəşadətli əsgər və zabitlərimizin şücaəti ilə işğalçı Ermənistan üzərində parlaq qələbəsi bunu deməyə əsas verir. Azərbaycanda uzaqgörənliklə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası və görülən qabaqlayıcı tədbirlər dünyanı bürüyən maliyyə böhranınıdan yan keçməyə imkan verdi. Dünya iqtisadi böhranının ağır nəticələri ən inkişaf etmiş ölkələrdə hiss olunsa da, Azərbaycan davamlı inkişaf edir və yeni-yeni infrastruktur layihələri gerçəkləşdirilir. Ümumilikdə qeyd etsək, qlobal iqtisadi reallıqlar, həmçinin yeni inkişaf mərhələsində qarşıya qoyulmuş məqsədlər ölkənin sosial-iqtisadi inkişaf istiqamətlərinin müəyyən olunmasını tələb edir. Artıq 44 günlük İkinci Vətən müharibəsinin Zəfər Qələbəsindən sonra Azərbaycanımızda yeni dövr başlayıb, öz doğma torpaqlarından köçkün düşən insanların dayanıqlı məskunlaşmasının təmin edilməsi və bu ərazilərin ölkənin iqtisadi-sosial həyatına qoşulması üçün işlər həyata keçirilməkdədir. Məhz bu məqsədlə Milli Prioritetlərin ən mühüm hədəflərindən biri də Böyük Qayıdışa uyğun proqramların hazırlanması və icrasıdır. Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir körpü olacaqdır. Əvvəlki dövrlərdə olduğu kimi, dövlətimizin başçısı tərəfindən növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair müəyyən edilmiş beş Milli Prioritet bu inkişafı artıq tamamilə yeni, keyfiyyətcə daha yüksək və daha dinamik bir mərhələyə çıxaracaq, işğaldan azad edilmiş ərazilərə qayıdan insanların təhlükəsiz yaşayışı təmin edilməklə yanaşı, region ölkənin ən abad guşələrindən birinə çevriləcək.

Keçirilən bütün görüşlərdə də dövlət başçımız bildirir ki, işğaldan azad olunmuş yerlərimiz region ölkənin ən abad guşələrindən birinə çevriləcək.

Dövlətimizin başçısı İlham Əliyevin İtaliyanın "Maire Tecnimont Group" şirkətinin sədri Fabrizio Di Amatonun başçılıq etdiyi nümayəndə heyətini videoformatda qəbul edərkən bütün dövrlər üçün aktuallığını qoruyub saxlayan yeni texnologiyaların yaratdığı imkanlardan bəhs edərək işğaldan azad edilmiş ərazilərdə "ağıllı şəhər", "ağıllı kənd" konsepsiyasının tətbiq edilməsinin vacibliyini bildirib: "Bu addım, eyni zamanda Azərbaycanın müasirləşməyə və texnoloji tərəqqiyə ehtiyac duyulduğu digər bölgələri üçün yaxşı nümunə olacaq. Müasirləşmək, irəliyə baxmaq və inkişaf etmək üçün Azərbaycanın güclü tərəfdaşa ehtiyacı olduğu xüsusi qeyd edilir. İşğaldan azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işlərinə dost ölkələrin şirkətləri cəlb ediləcək".

Qeyd edək ki, işğaldan azad olunmuş Qarabağımızda dirçəliş çoxdan başlayıb. Belə ki, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasının təməli hələ bir neçə il əvvəl Cəbrayılın Cocuq Mərcanlı kəndinin yenidən qurulması ilə qoyulub. Hələ o zaman Azərbaycan xalqı gördü ki, Prezident İlham Əliyev tezliklə bütün torpaqlarımızı işğaldan azad edəcək və həm də onları yenidən dirçəldəcək. Bu gün də "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in təsdiq edilməsi isə, artıq bütün azad olunmuş şəhər və rayonlar dirçəliş yolunda olduğunun göstəricisidir. Hələ müharibənin davam etdiyi günlərdən İlham Əliyevin göstəriş və tapşırıqları ilə azad olunmuş ərazilərdə kommunikasiyaların bərpasına başlanılıb. 2020-ci ilin yekunlarına həsr olunmuş və videoformatda keçirilən müşavirədə yekun nitqini bu mövzu ilə tamamlayan Prezident İlham Əliyev Qarabağ bölgəsində cənnət yaradılacağını bəyan etdi: "Müharibə cəmi iki aya yaxındır ki, başa çatıb. Amma görün, nə qədər böyük işlər görülüb. Bərpa işləri artıq başlanıb və bu, onu göstərir ki, bizim sözümüzlə əməlimiz arasında bu dəfə də heç bir fərq yoxdur. Biz demişdik ki, torpaqlar işğaldan azad olunandan sonra bu torpaqları tezliklə bərpa edəcəyik. Mən bu yaxınlarda demişdim ki, biz Qarabağ bölgəsində cənnət yaradacağıq və sözümdə dururam".

Göründüyü kimi, dövlətin davamlı inkişafını təmin etmək üçün Azərbaycanda bütün zəruri amillər mövcuddur və tariximizin yeni mərhələsinə qədəm qoymuşuq.

Bir sözlə, ölkə Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər növbəti on il ərzində Azərbaycanda müşahidə olunan sosial-iqtisadi inkişafı tamamilə yeni, keyfiyyətcə daha yüksək mərhələyə çıxaracaq, işğaldan azad edilmiş torpaqlarımızda Azərbaycan dünyaya öz yeni idarəetmə modelini göstərəcək.

HƏMİD PƏNAHOV,

YAP Qazax rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə