Lağ hədəfi Borreldir, yoxsa Qərb özü? TƏHLİL

Lağ hədəfi Borreldir, yoxsa Qərb özü? TƏHLİL

Rusiya Avropa Birliyinin ümidlərini doğrultmadı və "müasir bir demokratik ölkəyə çevrilmədi." Bu sözləri Avropa Parlamentində çıxış edən Avropa Birliyi xarici siyasətinin rəhbəri Josep Borrell söyləyib. O, Rusiyaya qarşı sanksiyaların genişləndirilməsinə başlamağa hazır olduğunu açıq şəkildə bəyan edib.
Diplomatın keçən həftə Moskvaya səfəri zamanı çıxışı isə dediklərindən tamamilə fərqli idi. Göründüyü kimi, onun nitqinin tonunda belə dəyişiklik nəzərə çarpacaq dərəcədə müşahidə edilirdi. Məhz bu səbəbdən Josep Borrel Moskvaya güzəştə getməkdə günahlandırılır, Avropa siyasətçiləri tərəfindən. Onların əksəriyyəti səfər zamanı Borrelin davranışını alçaldıcı hesab edir və bu səbəbdən də çoxsaylı tənqidlər, hətta təhqirlər yağdıraraq onu dərhal istefaya çağırırlar.
Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi Josep Borrell, koronavirus səbəbi ilə Avropa Parlamentinin yarı boş salonunun qarşısında ilk dəfə deyildi. Ancaq əvvəllər orada heç vaxt bu qədər qeyri-dostcasına qarşılanmamışdı. Borrellin Moskvaya səfəri və Rusiya Xarici İşlər Naziri Sergey Lavrovla görüşündən sonra 81 millət vəkilindən ibarət bir qrup Avropa Komissiyasının sədri Ursula von der Leyenə müraciət edərək Avropa diplomatiyasının rəhbərini istefaya göndərmək təklifi, hətta tələbi ilə çıxış edib. Polşalı millət vəkili Eljbet Krukun sözlərinə görə, Borrellin Moskvada necə qəbul edildiyi ümumiyyətlə, "Avropa Birliyi tarixindəki ən böyük alçaldıcı hadisə" oldu. Onun sözlərinə görə, Jozep Borrel Moskvadan bir növ qovuldu və Avropa diplomatiyasının rəhbərinə Rusiya paytaxtındakı münasibəti Avropa Birliyi tərs şillə, şapalaq kimi qəbul edir.
Doğrudur, cənab Borrel səfəri zamanı “borclu” qalmadı və qarşı tərəfi reallıqla əlaqəni itirməkdə günahlandırdı. İki saat davam edən iclasda öz müdafiəsi üçün iki dəfə Rusiya ilə münasibətlər haqqında sərt nitqlə çıxış etdi. Diplomat çox sərbəst formada, sərbəst ifadələrlə, özü də doğma İspan dilində danışmaqdan belə çəkinmədi.
Josep Borrelin çıxışının rəsmi hissəsi əvvəlcədən çox diqqətlə və bazar ertəsi günü dərc olunan tezislər üzərində hazırlanmışdı. Diplomat, Rusiya ilə Avropa Birliyi arasındakı münasibətlərin bir sıra dəyişikliklərdən keçdiyini xatırlatmaqdan da çəkinmədi. Borrel 1990-cı illərin əvvəllərindən bu vaxta qədər münasibətlərə təsir edən hadisələri sadaladı və bunun nəticəsində "Lissabondan Vladivostoka qədər" ortaq bir nəticə hasil olmadığını və buna görə də "münasibətlərdə dərin inamsızlıq kök saldığını" söylədi. Cənab Borrel bir qədər təəssüflə qeyd etdi ki, Rusiya ümidləri doğrultmadı və "müasir demokratik ölkə" halına gəlmədi. O, son illərdə Rusiya-Avropa münasibətlərinin bir neçə təməl daşını itirdiyini də bəyan etdi.
Rusiya Federasiyası və Avropa Birliyi artıq Ukraynadakı, Dnestryanıdakı münaqişə səbəbi ilə Şərqi Avropa istiqamətində əməkdaşlıq etmir. İndi də Belarusiyada iqtisadi əlaqələr pozulub. 2014-cü ildən bəri siyasi dialoq dondurulub və yaşıl texnologiyalar artıq əhəmiyyətli dərəcədə artıb. Hələ də, son zamanlarda strateji bir əlaqənin təməli olan enerji əməkdaşlığına dair fikirlər dəyişməkdədir. Josep Borrelin də dediyi kimi, bütün bunlar Rusiya Federasiyasındakı "daxili siyasi iqlimin" pisləşməsi və müxalifət lideri Aleksey Navalnının zəhərlənməsi hekayəsi fonunda baş verib.
Jozep Borrel Moskvaya getməsinə şərtlər daxilində qərar verdiyini də gizlətməyib. "Bu səfər açıq bir risk idi və bunu öz üzərimə götürdüm", deyə Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə Yüksək Nümayəndəsi etiraf edib.
Diplomatın sözlərinə görə, iki məqsəd var idi ki, bunlardan birincisi, "avropalıları maraqlandıran problemləri aradan qaldırmaq, ikincisi də insan hüquqları, siyasi azadlıqlar" olub.
"Mən bunu etdim və bəyənmədilər" deyə Borrel qısaca qeyd edərək, Sergey Lavrovla söhbətin sərt və az qala qalxmış, yüksək tonda bir səslə olduğunu açıq şəkildə etiraf edib. O, qeyd edib ki, "Rusiya hakimiyyəti"nin mövcud vəziyyəti ümumiyyətlə düzəltməkdə maraqlı olub olmadığını anlamaq lazım idi. Nəticədə, Avropa diplomatiyasının rəhbəri belə bir nəticəyə gəlib ki, yox, bu, onları ümumiyyətlə maraqlandırmır.
Avropa Parlamentində cənab Borrel israr edib və “Moskvaya səfərdən imtina etməyə dəyməz”, deyib. "Danışmaqdan imtina edə bilmərik" deyə bunu beləcə izah edib və qeyd edib ki, adi rusları "Rusiyadakı mövcud hakimiyyət quruluşundan" fərqləndirmək, ayırd etmək lazımdır. Diplomat Rusiya Federasiyası rəhbərliyinin düşüncə tərzi ilə bağlı müşahidələrini də təsvir edib. Qeyd edib ki, vəziyyət insan hüquqları və ümumilikdə Avropa liberal-demokratik sisteminin müzakirəsi “mövcudluğu üçün bir təhlükə” kimi qəbul edilir və Avropa ilə münasibətlərdə, uzunmüddətli delimitasiya kursu götürülür.
“Rusiya ilə münasibətlərdə tarixi bir yol ayrıcındayıq. Seçdiyimiz seçimlər bu əsrdə beynəlxalq güc dinamikasını təyin edəcəkdir. Avropa Birliyi Rusiya ilə münasibətlərdə daha kooperativ və ya daha qütblü bir modelə gedəcəkmi, açıq və ya qapalı cəmiyyətlərə əsaslanacaqmı?”, deyə Borrel sual edib.
Məsələ burasındadır ki, Jozep Borrelin özü də suallar və fakt qarşısında qalıb. Xatırladığımız kimi, Borrel Rusiyada səfərdə ikən Sergey Lavrovun tənqidinə tuş gəlmişdi. Rusiyalı diplomat onlara “demokratiya dərsi” keçməyə gələn Avropa diplomatiyasının rəhbərinə onların ikili standartları barədə xatırlatma etmişdi. Bildirmişdi ki, Avropa ölkələrində əliyalın nümayişçilərə qarşı atlardan, itlərdən və rezin güllələrdən istifadə edilməsi barədə sosial şəbəkələrdə belə görüntülər yayılıb və Qərbin bu faktları, nümayişçilərin dağıntılar törətməsi fonunda gizlətdiyi hər kəsə bəllidir. Bir növ, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Avropa Birliyi xarici siyasətinin rəhbərinin qarşısına faktlar qoymaqla, onu susdurmağa çalışıb və heç şübhəsiz ki, bu məqam Avropalı siyasətçilərin də diqqətindən yayınmayıb.
Doğrudur, cənab Borrel, “Rusiya hakimiyyət orqanlarının perspektivlərindən narahatdır”, deyə bildirir. Hətta, “Avropa maraqları ilə üst-üstə düşdüyü məqamda” Rusiya Federasiyası ilə Avropa Birliyi arasında əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu bəyan edir. Şərt olaraq da, Rusiyanın “qarşıdurmadan çəkinməsini” ərəli sürür və nəticədə “Avropa ölkəsi” olduğu üçün Avropa Birliyinin ən böyük qonşusu olaraq qalacağını deyir. Amma başqa rakursdan baxanda görünür ki, Borrel öz vəziyyətindən narahat olmalıdır və narahatdır da. Çünki Josep Borrelin Moskvadakı çıxışı çoxsaylı şərhlərə, tənqidlərə səbəb olub, hətta onun özü lağ hədəfinə belə çevrilib. Avropa Parlamentinin dörd üzvü söz alıb, onun əleyhinə səslənib. Parlamentarilərin bir çoxu onu sadəlövhlükdə günahlandırır, ələ salır. Vaxtilə parlamentarilərin Krıma ziyarətini təşkil edən, Fransadan olan millət vəkili Tyerry Mariani də münasibət bildirməkdən çəkinməyib və Borrelin bu səfərini dırnaqarası olaraq, "cəsarətli və zəruri" adlandırıb. Keçmiş Kataloniya lideri Carles Puçdemon isə, Alexei Navalnının üç il yarım həbs cəzasına məhkum olduğunu, eləcə də Kataloniyanın müstəqilliyi uğrunda mübarizə apardığı silahdaşlarının 9 ildən 13 ilədək müddətlərə məhkum olduğunu diqqətə çatdırıb ki, bu özü də Rusiyaya “demokratiya dərsi” keçməyə gedən Borrel üçün heç də xoşagələn fakt deyildi. “Solçular” fraksiyasından olan millət vəkili Cler Deyli isə, rus müxalifətçisini "əhalinin 4% -i tərəfindən dəstəklənən irqçi" adlandırmaqla, əslində Borreli hədəfə alıb və onun yanlış fikirdə olmasını üzünə vurub.
Avropa diplomatiyasının rəhbərinə olan hücumlar, onun ələ salınması, lağ hədəfinə çevrilməsi faktları çoxdur. Əbəs yerə deyil ki, o bütün bunlardan qıcıqlandığını da gizlətməyib.
"Məni tənqid edə bilərsiniz, amma bu məsələlərdə ixtira etməyə ehtiyac yoxdur!", deyə cavab verib Borrel.
Borrel əsəblərini cilovlaya bilməyib və ona ünvanlananlara səslənib. Son iki ildə həmkarlarının, Avropa ölkələrinin xarici işlər nazirlərinin Rusiyaya 19 dəfə səfər etdiyini xatırladaraq fikrini açıq şəklildə çatdıraraq onu ələ salanları cavabsız qoymayıb.
"Yoxsa bunu hamı edə bilər, amma mən edə bilmərəm?", deyə diplomat ona ünvanlananlara əsəbi halda cavab verib.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da çərşənbə axşamı "Rossiya 1" telekanalının efirində bir sıra Avropa parlamentarilərinin Borreli lağ hədəfinə çevirməsinə toxunub.
“Onlar Borreli, guya onu Moskvada alçaltdıqlarına görə təhqir edirlər, özləri alçaltmağa çalışırlar. Hansı aşağılamadan söhbət gedir, bəlli deyil, tamamilə anlaşılmazdır. Yoxsa başqa bir hədəf tapıblar və indi Borreli, özlərindən olan birini günahkar sayırlar? Xatırlatmaq istəyirəm ki, bundan əvvəl bütün işlərdə Tramp günahkar sayılırdı. İndi nə oldu, yeni bir cadugər ovu başladımı?”, deyə Zaxarova tənqidi fikirlərini gizlətməyib.
Maraqlıdır, Borrel Moskvaya şəxsi məqsədləri üçün gəlməmişdi, rəsmi səfərdə idi və Avropa Parlamentariləri bundan xəbərsiz ola bilməzdilər. Elə isə, indi nə oldu ki, özləri öz nümayəndələrini tənqid hədəfinə çevirdilər? Doğrudur, Borrel rəsmi səfərdə ikən Lavrovun ortaya qoyduğu “faktlarla” qarşılaşdı və bu onun tonunun belə dəyişməsinə səbəb oldu. Reallıqda da Rusiya XİN rəhbərinin arqumentləri, irəli sürdüyü fikirlər, Avropa Birliyini, Qərbi analoji şəkildə ittiham etməsi əsassız deyildi və məntiqi olaraq bir presedent sayılır. Həqiqətən də Qərbin öz gözündə tiri görmədən başqasının gözündə tük axtardığını Lavrov birbaşa Borrelin üzünə dedi. Amma gəlin görək, Rusiyaya rəsmi səfər edən Borrelin öz ölkəsində, onunla eyni platformanı bölüşən parlamentarilər arasında bu arqument qarşısında, Lavrovun irəli sürdüyü faktları qarşısında dayana biləcək, cavab verə biləcək kimsə varmı? Qərb öz ikili standartlar siyasəti ilə, komuflyaj olunmuş demokratiya pərdəsi ilə hansı üzlə digər dövlətlərə “demokratiya dərsi” verməyə qalxıb və bu suala Borrel deyil, hansısa digər biri cavab verə bilərmi? Xeyr, verə bilməz və hər biri elə Borrelin düşdüyü vəziyyətə düşməli idi. İndi sual oluna bilər, lağ hədəfi Borreldir, yoxsa Qərb özü?

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə