100 il əvvəl: Nərimanov Qarabağı necə qoruyub saxlaya bildi - ANALİZ
Nərimanov Stalinin, Orconikidzenin üstünə qışqırmış və demişdi: “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!"
19-cu əsrdə Çar Rusiyasına müraciətlər edərək onlara yeni ərazilər verilməsini xahiş edən və Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyən erməni millətçilərinin “Böyük Ermənistan ” yaratmaq iddiası Qafqazda Sovet hakimiyyəti qurulduqdan sonra da davam etdi. Sovet hakimiyyətinin millətçiliyə, etnik qarşıdurmalara qarşı barışmaz siyasəti nəticəsində bu məsələlər bir qədər arxa plana keçsə də, tezliklə Kommunist Partiyasının sıralarına daxil olmuş keçmiş daşnaklar başqa formalarda ərazi iddilarını irəli sürməyə başladılar. Erməni daşnaklarının bu siyasətinə qarşı mübarizə aparanlardan biri də Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan SSR Xalq Komissarları Sovetinin Sədri Nəriman Nərimanov idi.
N.Nərimanovun Dağlıq Qarabağ probleminə münasibəti birmənalı olmuşdur. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “qurultayın” qərarının nəticəsiz qalmasını Nərimanovun Ermənistana verdiyi notanın nəticəsi kimi qiymətləndirmək olar. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında teleqram vurdu. Teleqram bu sözlərlə bitirdi: “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini Sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir”.
1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan olunduğu haqqında dekret qəbul etdi. Bir qədər sonra onlar qətnaməni ləğv etmədən Dağlıq Qarabağ və digər mübahisəli hesab etdikləri ərazilər üzrə komissiya yaratmaq təklifini irəli sürdülər.
1921-ci ildə bir-birinin ardınca qəbul olunan 3 qərardan irəli gələn nəticələri N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. 1921-ci il iyunun 19-da Ermənistan tərəfindən “Dağlıq Qarabağın Ermənistana yenidən birləşdirilməsi haqqında” dekret həyata keçirilmədi, iyunun 26-da Azərbaycan XKS-nin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunaraq xətm edildi. İyunun 27-də Azərbaycan K(b)P MK-nın Siyasi Bürosu və Təşkilat Bürosunun iclası keçirildi. İclas “Tiflisdə komissiyanın işi ilə əlaqədar Azərbaycanla Ermənistanın sərhədləri haqqında” məsələyə baxıb aşağıdakı qərarı qəbul edir:
1. Siyasi Büro və Təşkilat Bürosu Dağlıq Qarabağın Azərbaycana şəksiz iqtisadi meylini nəzərə alaraq, Dağlıq Qarabağ haqqında məsələnin Bekzadyan tərəfindən qoyuluşunu qəbuledilməz sayır. Məsələ həmin mənada da həll olunmalıdır.
2. Ona görə də erməni və azərbaycanlı əhali yaşayan yerlərin müvafiq olaraq Ermənistana və Azərbaycana ayrılması təklifi inzibati və iqtisadi məqsədəuyğunluq baxımından qəbul edilə bilməz.

İyun ayının 28-də N.Nərimanovun sədrliyi ilə Azərbaycan Xalq Komissarları Sovetinin yeni iclası çağırıldı və A.Myasnikovun (Myasnikyan) Dağlıq Qarabağı “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” kimi elan edən bəyanatı rədd edildi. Eyni zamanda, həmin iclasda Azərbaycan XKS-in rəyi olmadan təyin edilmiş A.Mravyanın geri çağırılması məsələsi qoyuldu.
Bununla da, iki sovet respublikası arasında ixtilaflar artdığından, 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosunun plenumu məsələni müzakirə etməli oldu. Məsələnin müzakirəsində RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun üzvləri Q.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, N.Nərimanov, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları iştirak etdilər. Bu zaman 2 nöqteyi-nəzər ortaya çıxmışdı. S.Kirovun təklifinə görə, Qarabağın dağlıq hissəsi Azərbaycandan alınaraq Ermənistan SSR-ə verilməli idi. Ancaq N.Nərimanov qətiyyətlə buna etiraz etmiş və bildirmişdi ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. İyulun 4-də axşam iclasında Kirov-Myasnikov qruplaşmasının (S.Kirov, A.Myasnikov, Q.Orconikidze, Y.Fiqatner) təklifi ilə Dağlıq Qarabağın Ermənistan tərkibinə daxil edilməsi haqqında əsassız və qərəzli qərar qəbul edildi.
Məsələnin belə bir ciddi xarakter aldığını görən N.Nərimanov Qarabağın dağlıq hissəsinin Ermənistan SSR-ə verilib-verilməməsi barədə bütün Qarabağ əhalisi arasında rəy sorğusu keçirməyi təklif etdi. Nərimanovun bu təklifınə qarşı Kirov-Myasnikov qruplaşması bildirdi ki, rəy sorğusu bütün Qarabağda deyil, yalnız Qarabağın dağlıq hissəsində yaşayan ermənilər arasında keçirilsin. Bu məsələ üzrə səsvermədə də Kirov-Myasnikov qruplaşması qalib gəldi. İclasda Qarabağın Azərbaycan hüdudlarında saxlanılması lehinə N.Nərimanov, F.Maxaradze, A.Nazaretyan, əleyhinə Q.Orconikidze, A.Myasnikov, S.Kirov, Y.Fiqatner səs verdilər. Qarabağın dağlıq hissəsinin Ermənistanın tərkibinə verilməsi və rəy sorğusunun yalnız ermənilər arasında keçirilməsi lehinə Orconikidze,Y.Fiqatner, S.Kirov, A.Myasnikov, A.Nazaretyan səs verdilər. Iclasın sonunda N.Nərimanovun təkidi ilə Qarabağ məsələsinin Azərbaycan üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq RK(b)P MK-nın Qafqaz bürosu bu məsələ barədə RK(b)P MK-nın qəti qərarın çıxarılmasmı zəruri saydı.
Nərimanovun mövqeyini Maxaradze və Nazaretyan müdafiə etdi, Orconikidze, Kirov, Myasnikov və Fiqatner isə əleyhinə səs verdi. Nərimanov həqiqətən Stalinin, Orconikidzenin üstünə qışqırmış və demişdi: “Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın. Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!".
Beləliklə, Nərimanovun ciddi müqavimətindən sonra, iyulun 5-də plenumun səhər iclasında Qarabağ məsələsinə yenidən baxıldı. Plenumun RK(b)P MK-nın rəyini nəzərə alaraq yeni qərar qəbul etdi: "Müsəlmanlarla ermənilər arasında milli barışığın zəruriliyini, yuxarı və aşağı Qarabağın iqtisadi əlaqələri və daim Azərbaycanla sıx əlaqədə olmasını nəzərə alaraq Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında saxlanılsın, muxtar vilayətin tərkibinə daxil olan Şuşa şəhəri inzibati mərkəz olmaqla, ona geniş vilayət muxtariyyəti verilsin”.

Qərarda, həmçinin, göstərilirdi ki, Azərbaycan K(b)P MK-ya tapşırılsın ki, muxtar vilayətin sərhədini, ərazisinin həcmini müəyyən etsin və onu RK(b)P MK Qafqaz bürosunun təsdiqinə təqdim etsin.
Göründüyü kimi, Nərimanovun ictimai, siyasi, dövlətçilik fəaliyyətində Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə başlıca yerlərdən birini tutub. Onun bu mövqeyi Bakı, Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağ və Zaqatala məsələlərinin həlli zamanı özünü göstərmişdi.
Nərimanov çox mürəkkəb bir şəraitdə Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışmış və buna nail olmuşdur. İrəvan və Zəngəzur məsələsinə gəldikdə, bu ərazilər Nərimanovun hökumət başçısı işlədiyi dövrdən əvvəl– Müsavat hökuməti dövründə Azərbaycanın nəzarətindən çıxmışdı. İrəvan 1918-ci il mayın 29-da Azərbaycan Milli Şurası tərəfindən ermənilərə verilmişdi. Zəngəzur isə 1919-cu ildə Musavat hökuməti tərəfindən itirilmişdi. 1921-ci ilə qədər Zəngəzur daşnakların idarəçiliyində idi. Ermənistanda Sovet respublikası qurulduqdan sonra isə həmin ərazi bu respublikanın tərkibində qaldı.
Beləliklə, Müsavat hakimiyyəti dövründə ordunun Zəngəzurdan çıxarılması, bunun nəticəısində erməni daşnak silahlı dəstələrinin orada azərbaycanlıları qovaraq erməniləri yerləşdirilməsi 1920-ci ildə Nərimanovun başçılığı ilə Azərbaycan SSR hökumətinin fakt qarşısında qalaraq Zəngəzurun Ermənistan tərkibində qalmasını etiraf etməsinə səbəb olmuşdu. Lakin burada Nərimanov və Azərbaycan hökuməti elə bir siyasət yeritdi ki, Zəngəzur qəzasının yalnız yarısı Ermənistan tərkibinə keçdi, digər yarısı Azərbaycan tərkibində qaldı. Belə ki, Zəngəzur qəzasının 6.742 kvadrat verstlik ərazisindən 3.105 kv.versti Azərbaycan SSR tərkibində qalmış, 3.637 kv.verstlik hissəsi isə Ermənistana verilmişdi.
Burada əsas problem o idi ki, Zəngəzurun yarısının Ermənistana daxil edilməsi ilə Naxçıvanla Azərbaycanın digər torpaqları arasında birbaşa bağlılıq olmurdu. Lakin o vaxt bütün ərazilər ümumi Sovet ərazisi olduğundan bu şərti sərhədlər elə də rol oynamırdı və buna görə də Azərbaycan hökuməti bu arqumenti çox ciddi ortaya qoya bilmədi.
Nərimanov Naxçıvan, Zaqatala-Balakən zonasını və Qarabağı qoruyub saxlaya bildi. 1921-ci il martın 16-da Moskvada, həmin il oktyabrın 13-də isə Qarsda imzalanan müqavilələrdə Naxçıvanın Azərbaycan ərazisi olduğu beynəlxalq sazişlə təsdiqləndi. Naxçıvanın taleyinin həllində Nərimanovun həyata keçirdiyi milli maraqlara söykənmiş, düşünülmüş dövlət siyasəti, ardıcıl, strateji və taktiki addımlar silsiləsi əsas rol oynadı.
Nərimanov Naxçıvanın Azərbaycandan qoparılmaması üçün Meğridən yol verilməsi uğrunda ardıcıl mübarizə aparırdı.
1920-ci il dekabrın 2-də Rusiya ilə artıq sovetləşmiş Ermənistan arasında imzalanan sazişdə Zəngəzur Ermənistan ərazisi kimi göstərilmişdisə də, Naxçıvan və Qarabağ haqqında heç bir qeyd olmamışdır.
Sonrakı dövlərdə də ermənilər Qarabağa və Naxçıvana iddialarını davam etdirsələr ki, Sovet dövründə buna nail ola bilmədilər. Bu iddiaların qarşısını əsrin ortalarında Bağırov, ondan sonra isə Heydər Əliyev aldı.
1991-ci ildən sonra Ermənistan Qarabağı öz işğalı altına keçirə bildi. 30 il sonra Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərbi yolla öz ərazilərini düşməndən azad etdi.
Altay
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi” istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB