Böyük Britaniya-Azərbaycan əlaqələri tarixi və strateji əhəmiyyətə malikdir - ŞƏRH ÖZƏL
"Böyük Britaniya-Azərbaycan arasında əlaqələr tarixi və strateji əhəmiyyətə malikdir. İki ölkənin münasibətlərinin müasir tarixi öz başlanğıcını 90-cı illərin əvvəllərindən götürür. Belə ki, Böyük Britaniya 31 dekabr 1991-ci il taixində Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdən biri olmuşdur. Ölkələrimiz arasında diplomatik münasibətlər isə 11 mart 1992-ci ildə qurulmuşdur. Ötən zaman ərzində iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi baxımından yüksək tarixi nailiyyətlər əldə edilmişdir. Heç şübhəsiz ki, bu uğurların qazanılmasında ümummilli lider Heydər Əliyevin zəngin siyasi təcrübəsinin, regionda cərəyan edən prosesləri öncədən proqnozlaşdırmaq və dəqiq qiymətləndirmək bacarığının mühüm rolu vardır. Ümummilli lider Heydər Əliyevin və möhtərəm Prezident İlham Əliyevin İngiltərəyə səfərləri münasibətlərimizin inkişafına böyük töhfələr verib. Ümummilli liderin 1994-cü ildə və 1998-ci ildə Böyük Britaniyaya səfər etməsi ölkələrimiz arasında qurulacaq müxtəlif istiqamətli əməkdaşlığın əsas ana sütununu təşkil etmişdir. Ümummilli lider tərəfindən uğurla inkişaf etdirilən iki ölkə arasındakı əlaqələr cənab Prezident İlham Əiyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Ölkə başçımızım 2004, 2009 və 2018-ci ildə Böyük Britaniyaya üç rəsmi səfəri baş tutmuşdur. Cənab Prezidentin bu səfərlərindən 2018-ci il səfəri xüsusi əhəmiyyətə malikdir. Belə ki, 11 aprel 2018-ci il tarixində keçirilən prezident seçkilərində Azərbaycan xalqının 86.02% səsini və yenidən etimadını qazanan ölkə başçımız ilk səfərini qardaş Türkiyə dövlətinə etdikdən sonra Britaniyanın Baş naziri Tereza Meyin dəvəti əsasında Azərbaycana qayıtmayaraq Türkiyədən birbaşa Böyük Britaniyaya səfər etmişdir. Bu faktın özü münasibətlərimizin yüksək səviyyədə olmasından xəbər verir. Sözügedən səfər çərçivəsində ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm sənədlər imzalanıb". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.
Politoloqun sözlərinə görə, Böyük Britaniyanın yüksək səviyyəli nümayəndə heyətləri dəfələrlə Azərbaycanda səfərdə olublar: "Bu səfərlər Azərbaycan Respublikası ilə Birləşmiş Krallıq arasında ikitərəfli münasibətlərə təkan verməklə yanaşı, əlaqələrimizə hər dəfə yeni bir impuls qazandırıb. Bu dəfə də Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun Azərbaycana iki günlük səfəri çərçivəsində keçirdiyi görüşlər, apardığı müzakirələr olduqca mühüm əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev fevralın 9-da Böyük Britaniyanın Avropa qonşuluğu və Amerika məsələləri üzrə dövlət naziri xanım Vendi Mortonu qəbul edərkən bildirdi: "Biz region ölkələri, Avropa İttifaqı arasında çox nadir əməkdaşlıq formatını yaratmışıq və buna Birləşmiş Krallıq və Amerika Birləşmiş Ştatlarının hökumətləri tərəfindən güclü dəstək göstərilir". 9 fevral 2021-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramovla xanım nazirin görüşü zamanı da strateji dialoq məsələlərini özündə ehtiva edən siyasi məsləhətləşmələrin bir çox aspektlərinə dair ətraflı fikir mübadiləsi aparıldı və görüşdə ikitərəfli əməkdaşlığımızn və əlaqələrimizin inkişafı səviyyəsindən məmnunluq ifadə olundu. İki ölkə arasında siyasi münasibətlərimizin yüksək səviyyədə olması iqtisadi münasibətlərə də öz müsbət təsirini göstərib. Böyük Britaniya Azərbaycana yatırılan investisiyanın həcminə görə liderliyi saxlamaqdadır. Ölkələrimiz neft-qaz sənayesi sahəsində uğurla əməkdaşlıq edir. BP şirkəti ilə həyata keçirilən səmərəli əməkdaşlıq əlaqələri uğurla davam etdirilir. Şirkət Azərbaycanın neft-qaz sektorunun inkişafına və modernləşdirilməsinə mühüm töhfələr verməklə enerji sektorunda ölkəmizin əsas tərəfdaşı qismində çıxış edir. 1994-cü ilin sentyabrında "Əsrin Müqavilə"si imzalanan vaxtdan Britaniyanın "BP" şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda həyata keçirilən əsas neft-qaz layihələrinin operatoru qismində çıxış edir. Əməkdaşlığımızın davamı olaraq 14 sentyabr 2017-ci ildə Bakıda SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) arasında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq", "Günəşli" yataqlarının 2050-ci ilədək işlənilməsini nəzərdə tutan yeni Sazış imzalanmışdır. Bütövlükdə, 600 Britaniya şirkəti Azərbaycanda qeydiyyatdan keçmişdir ki, bu rəqəm, həqiqətən də, iqtisadi tərəfdaşlığımızın şaxələndirilməsinin yaxşı göstəricisidir".
Ekspertin sözlərinə görə, qeyri-neft sahəsində əlaqələrin inkişafı diqqət mərkəzindədi: "Bu məqsədlə, 02 mart 2015-ci il tarixində Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti və Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılmasını nəzərdə tutan "Azərbaycan Respublikasının Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi və ticarət əməkdaşlığı haqqında Anlaşma Memorandum"u imzalanıb. Xanım Morton qadın sığınacağına səfər etdi. Qeyd olunmalıdır ki, bu gün ölkəmizdə gender məsələlərinə xüsusi diqqət göstərilir. Gender bərabərliyini təşviq etmək üçün əhəmiyyətli işlər görən ilhamverici Azərbaycan qadınları var. Əvvəla, Azərbaycan 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq qadınlara seçki hüququ verən dövlətdir. Ölkəmiz 1991-ci ildə ikinci dəfə müstəqillik əldə etdikdən sonra gender məsələlərilə yaxından məşğul olmaq məqsədilə "Ailə, qadın və uşaq problemləri üzrə Dövlət Komitəsi" yaradılıb. İndiki mərhələdə Azərbaycan qadını ölkənin ictimai-siyasi, mədəni həyatında aktiv fəaliyyət göstərib, aparıcı qüvvəyə malik olmaqla cəmiyyətdə nüfuz sahibidir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə Azərbaycan qadının ən mükəmməl imicini formalaşdırmaqla onu bütün dünyada layiqincə təmsil edir və tanıdır. Vətən müharibəsi dövründə də Azərbaycan qadının xarakterik xüsusiyyətlərinə uyğun olaraq ölkənin Birinci xanımı Mehriban Əliyevanın şəhid dolu müraciətləri bir daha göstərdi ki, qeyd olunduğu kimi həqiqətən də güclü və uzunmüddətli sülhün qurulmasında qadınlar mühüm rol oynayır. Hal-hazırda Azərbaycan Parlamentinin spikeri xanımdır, sonuncu çağırılmış parlamentdə qadın deputatların sayı artmışdır. Milli Məclisdə də ailə və qadın məsələləri ilə məşğul olan xüsusi komitə fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycan parlamenti bu sahəni tənzimləyən bir sıra qanunlar qəbul etmişdir. Bütövlükdə, Azərbaycan qadın və qızların hüquqlarını və gender bərabərliyini dəstəkləyən ölkədir. Xanım Vendi Morton da Azərbaycanda məişət zorakılığının qarşısının alınması və gender məsələləri ilə bağlı görülən işləri yüksək qiymətləndirərək parlamentin bu sahənin hüquqi bazasının təkmilləşdirilməsində böyük rol oynadığını bildirib".
Ş.Həsənova vurğulayıb ki, iki ölkə arasında təhsil sahəsində də əməkdaşlıq yüksək səviyyədədir: "Bu münasibətlərin əsası 1994-cü ilin fevral ayında Prezident Heydər Əliyevin Londona səfəri çərçivəsində iki ölkə arasında təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığa dair Sazişin imzalanması ilə qoyulmuşdur. Xanım nazirin təhsil naziri Emin Əmrullayev ilə görüşü Birləşmiş Krallıq ilə Azərbaycan təhsili arasında güclü əlaqələrin mövcudluğundan xəbər verir. Britaniya universitetləri xarici ölkələrdə təhsil almağa yollanan Azərbaycanlı tələbələrin seçimləri arasında birincilik təşkil edir. İki ölkənin xalqları, mədəniyyətləri arasında da möhkəm əlaqələr mövcuddur. 2013-cü ildə Böyük Britaniyanın Oksford Universitetində Nizami Gəncəvi adına Azərbaycan və Qafqazşünaslıq Elmi Mərkəzi və 2016-cı ildə Azərbaycanı və Qafqazı öyrənən Britaniya Fondu təsis edilmişdir. Bundan əlavə, Oksford Universitetinin Şərqşünaslıq İnstitutunun kitabxanasına Nizami Gəncəvinin adı verilmişdir ki, beləliklə də sözügedən qurumların təşəbbüsü ilə hər il Bakıda və Londonda çoxsayda mədəni və elmi tədbirlər keçirilir. 2014-cü ildən etibarən ölkəmizin dəvət aldığı "Vindzor Kral Atçılıq Şousu"nda Qarabağ atlarının füsunkar gözəlliyinin nümayiş etdirilməsi xüsusi qeyd edilməlidir. İçərişəhərdə olan Xanım nazirin Azərbaycanın zəngin mədəni irsə malik olduğunu, gənc rəssamları dəstəkləyən və Azərbaycanın qədim mədəniyyətini qoruyub saxlayan Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbini şəxsən görməkdən məmnun olduğunu bildirib. Son illərdə ölkəmizdə aparılmış islahatların bir hissəsi bərpaolunan enerji istehsalı olunan razılaşmaların həyata keçirilməsinin, hərbi ingilis dili kurslarında dinləyicilərin sayının artırılmasının zəruriliyini xüsusi vurğulayıb. Nəzərə alsaq ki, bölgədə yeni yaranmış geosiyasi reallıqlar fonunda Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrlə qardaş Türkiyə dövlətlərinin də münasibətlərinin mövcud durumu mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir, o zaman görürük ki, Türkiyə ilə Böyük Britaniya arasında olan münasibətlər də son dərəcə müsbətdir. Belə ki, Böyük Britaniya Avropa İttifaqını tərk etdikdən sonra ilk azad ticarət sazişini əvvəl Avropa İttifaqı ilə, ikincini isə Türkiyə ilə imzaladı ki, bununla da Türkiyə ilə Böyük Britaniya arasında ticarət gömrük rüsumları tətbiq olunmadan həyata keçiriləcək. Böyük Britaniyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair rəsmi mövqeyi də hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanıb, Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyıb. 44 günlük Vətən müharibəsi dövründə də Böyük Britaniya obyektiv münasibət sərgilədi və münasibətlərimizə xələl gətirəcək addım atmadı. Bütövlükdə, xanım nazirin Azərbaycana gəlməsini, keçirilən görüşləri, müzakirə edilən məsələləri nəzərə alsaq o zaman aydın olur ki, Böyük Britaniya ilə Azərbaycan arasında olan əlaqələrimizin inkişafı gələcəkdə daha yüksələn xətlə inkişaf edəcək. Qarşılıqlı əməkdaşlıq hər iki tərəf üçün vacibdir və hər iki tərəf də bunda maraqlıdır. Birləşmiş Krallığın Avropa Qonşuluğu üzrə Dövlət Naziri Vendi Mortonun ölkəmizə iki günlük səfəri Azərbaycan-Böyük Britaniya dostluğunun, əlaqələrinin yüksək səviyyədə olmasına nümunədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB