Koçaryanın məntiqincə, Rusiyanın dəstəyinə görə ödəmək lazımdır ANALİTİK

Koçaryanın məntiqincə, Rusiyanın dəstəyinə görə ödəmək lazımdır ANALİTİK

Ermənistanın siyasi gələcəyi böyük sual altında qalıb – çıxış yolu isə yoxdur

Ermənistanın sabiq prezidenti, birinci Qarabağ müharibəsi dövründə işğalçılara liderlik etmiş, hətta bir müddət quldur rejimin "prezidenti" olmuş Robert Koçaryanın bu yaxınlarda "Sputnik Armeniya"ya müsahibəsi zamanı yenidən böyük siyasətə geri dönməsi ilə bağlı səsləndirdiyi bəyanatı erməni ictimai-siyasi rəyində birmənalı qarşılanmayıb. Xüsusilə, prezidentliyi dövründə və postunu Serj Sarqsyana təhvil verdikdən sonra Qarabağ cinayətkar klanını ölkə boyunca möhkəmləndirməyə müvəffəq olan Koçaryanın iqtidar sahiblənəcəyi halda, yenidən həmin siyasətini bərpa etməyəcəyinə isə kimsə zəmanət verə bilməz.

Koçaryan media və sosial şəbəkələr vasitəsi ilə özü ətrafında Azərbaycanda istehza ilə qarşılanan "xof" yaratmağa cəhd edir

Digər tərəfdən, onun bilavasitə Rusiyanın adamı olması, eləcə də Vladimir Putinlə dostluq əlqələrinin mövcudluğu da kimsəyə sirr deyil və hətta qatı-anti-rusiyaçı, yaxud sorosçu Nikol Paşinyanın sifarişi ilə həbsxanaya salınarkən belə, Rusiya prezidentinin onu ad günü münasibəti ilə təbrik etməsi də diqqətlərdən yayınmadı.

Lakin maraqlı məqamlardan biri də budur ki, Robert Koçaryan özünə yaxın medialar vasitəsi ilə, xüsusilə Qarabağ mənşəli ermənilərin müxtəlif sosial şəbəkələrdəki fəaliyyətindən yararlanaraq guya (!) Azərbaycanda onun böyük siyasətə qayıdışından narahatlıqların yaranması ətrafında süni və gülünc hay-həşirlər saldırmaqdadır. Amma bunun belə omadığı, əksinə Koçaryanın iqtidara yiyələnəcəyi halda, Ermənistanın tamamilə dövlətçilik dayaqlarını itirəcəyi faktı daha çox görünməkdədir. Və bunu yalnız biz deyil, elə ermənilərin özləri də etiraf edirlər.

"Koçaryan altruist deyil, heç patriot deyil, üstəlik dəli də deyil ki, ölkəyə nəyi isə geri qaytarsın"

Misal üçün, armenianreport saytı Koçaryanın bu yaxınlarda Moskvaya etdiyi səfərinə toxunub və qeyd edib ki, istintaq altında olan eks prezidentin Rusiyaya gedişinin məqsədi onun Ermənistandakı hakimiyyətini bərpa etmək məqsədi ilə yanaşı, həm də çoxdankı dostu Vladimir Putinlə görüşünə hesablanmışdı. Erməni saytı bu məsələdə Nikol Paşinyanı da hədəfə alaraq onu uzaqgörən olmadıqda suçlayıb. "Yeganə qalan budur ki, Nikol Paşinyanın uzaqgörənliyə sahib olmamasına sadəcə təəccüb edəsən", yazan armenianreort qeyd edir ki, axı necə ola bilər, baş nazir özünün zalım və təhlükəli rəqibinə Ermənistanı tərk etməyə izn versin: "Nə deyək, bu Paşinyanın və mövcud hakimiyyətin öz problemidir, bizə isə yaxın gələcəkdə hansı problemlərin gözlədiyini danışmaq qalır".

Göründüyü kimi, fakt budur ki, əgər Ermənistanda iqtidar dəyişikliyi baş verərsə belə problemlər həll olumamış qalacaq və erməni saytı həmin reallığı açıq-aydın ifadə etməkdədir. SİTAT: "Beləliklə, Robert Koçaryan Moskvadan geri qayıdan kimi dərhal müsahibə verdi və hər kəsin eşidəcəyi şəkildə elan etdi ki, böyük siyasətə qayıdır. O, "məxməri inqilabçıların" devrilməsi və dövlət kreslosunu geri qaytarması üçün özünün planlarını səsləndirdi. Koçaryanın məntiqincə, Rusiyanın dəstəyinə görə ödəmək lazımdır. Məhz Ermənistanın dövlətçiliyinin və müstəqilliyinin itirilməsi hesabına".

Armenianreport davam edir: "Beləliklə, Koçaryan bizə nə vəd edir? Əslində, heç nə! Ümumi hesabla heç nə! O, "artsaxı" geri qaytaracaq? Ancaq necə? Müharibə başlatmaqla? Axı biz keçən dəfəkindən sonra belimizi düzəltməmişik. Ölkədən yüz minlərlə miqrasiya etmişləri geri qaytarmağa nail olacaq? Halbuki onların böyük hissəsi məhz Koçaryan və Sarqsyanın idarəçilikləri zamanında Ermənistandan qaçıblar və çətin ki, vətənlərinə geri dönməklə həmin dəhşətləri üzərlərində hiss etməyi istəyəcəklər. Büdcəni oğurluq edilməmiş on milyard dollarlarla doldura biləcəkmi? Ancaq Koçaryan altruist deyil, heç patriot deyil, üstəlik dəli də deyil ki, ölkəyə nəyi isə geri qaytarsın. Bəs o konkret olaraq nə təklif edir? Bu sualın cavabı Koçaryanın həmin müsahibəsində verilib".

"Rusiyaya tam hədəfli inteqrasiya geosiyasi nöqteyi-nəzərindən bir çox üstünlüklər verir. Burada ciddi inteqrasiyadan danışmaq lazımdır. Dünyada regionlaşdırılma gedir. Qobal proseslər digər regional inteqrasiyalaşmış proseslərlə dəyişilir və bu planda hesab edirəm ki, Ermənistanın Rusiya ilə birgə əməkdaşlığı barədə ciddi düşünmək lazımdır. İndikindən daha dərin", Koçaryan bəyan edib, deyə yazan armenianreport bir daha belə bir nəticə çıxarır ki, eks-prezident həmin fikirləri ilə Ermənistanın Rusiya qarşısında ödəməli olduğu bir sıra məsələlərin olmasına eyham vurur.

"Ciddi inteqrasiya" Ermənistanın Rusiya tərəfindən udulması deməkdir"

"Ermənistanın KTMT və Avrasiya İqtisadi İttifaqına üzv olması Putinə və Koçaryan üçün azdır. Onlara lazımdır ki, bizim ölkə tamamilə müstəqilliyini və suverenliyini itirsin. "Ciddi inteqrasiya" Ermənistanın Rusiya tərəfindən udulması deməkdir. Bax, budur Robert Koçaryanın böyük siyasətə qayıdışı. Şübhəsiz ki, bizi qarşıda növbədənkənar parlament seçkiləri gözləyir. Seçkilərə həm mövcud iqtidarın, həm də müxalifətin ehtiyacı var. Ölkəmizin gələcək taleyi isə bizim hər birimizin necə səs verəcəyimizdən asılıdır. Ancaq bülletendə işarə qoyarkən bir dəqiqəlik düşünün: özünüzə, öz uşaqlarınıza və nəvələrinizə, ölkənizə hansı gələcəyi arzu edirsiniz...", armenianreport sonda yazıb.

Düzdür, baş nazir Nikol Paşinyan hətta öz partiyadaş deputatlarına olan inam və etimadını da itirmək üzrədir və o, bir müddət əvəll növbədənkənar parlament seçkiləri ilə bağlı irəli sürdüyü təklifini də geri çəkməli olub. Lakin proseslər göstərir ki, seçkilər istər-istəməz baş tutacaq və sonrakı hadisələrin proqnozlaşdırılması da elə bir çətinlik yaratmır.

Beləliklə, bu faktların özü də sübut edir ki, əslində Ermənistanın 90-cı illərdən hazırkı dövrə qədər bütün dövlət başçıları müharibələr, daxili qarşıdurmalar yaratmaqla sadəcə zaman baxımından irəliyə gedə biliblər, siyasi idarəçilik və inkişafdan geri qalma faktı isə ümumiyyətlə dəyişilməyib. Özü də hakimiyyətdə kimlərin olmasına baxmayaraq – istər Qarabağ klanı təmsilçiləri (halbuki ən çox hakimiyyət müddətində onlar olublar), istərsə də Ermənistan erməniləri ölkəni düşdüyü çamur və bataqlıqlardan xilas etməyə müvəffəq ola bilməyiblər. Həmçinin, siyasi liderlik institutunun olmaması, yeni siyasi simaların ortaya çıxa bilməməsi də sözügedən vəziyyəti hərtərəfli şəkildə nümayiş etdirməkdədir.

Rövşən RƏSULOV

P.S. Bu günün Nikol Paşinyan iqtidarının bilavasitə Soros tərəfindən dəstəklənməsi, Robert Koçaryanın Rusiyanın seçimi olması, eləcə də müxalifətin vahid lideri Vazgen Manukyanın digər qüvvələrin namizədi kimi çıxış etməsi və əhatəsinə istənilən qədər kütləni toplaya bilməməsi həm də bir reallığı sübut edir - bu xalqın ümumiyyətlə liderləri olmayıb, olsa belə hansısa xarici qüvvələrin nökəri qismində çıxış ediblər. Hər halda, sözügedən analitikda get-gedə daha çox yox olmağa başlayan Ermənistanın gerçək mənzəri özünü kifayət qədər əks etdirməkdədir.

Bütün xəbərlər Facebook səhifəmizdə