YAP Ağdaş rayon təşkilatının hesabat yığıncağı keçirilib

YAP Ağdaş rayon təşkilatının hesabat yığıncağı keçirilib
Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş videokonfrans formatında hesabat yığıncağı keçirilib. Hesabat yığıncağında YAP Ağdaş rayon təşkilatının şura üzvləri, ilk partiya təşkilat sədrləri, fəalları və Yeni Azərbaycan Partiyası icra katibliyi təşkilatlarla iş şöbəsinin əməkdaşı Emil Abasov iştirak ediblər.

İclası giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri, millət vəkili Cavid Osmanov iştirakçılara yığıncağın gündəliyində olan məsələlərlə bağlı məlumat verərək qeyd etdi ki, gündəlikdə iki məsələ - YAP Ağdaş rayon təşkilatının 2020-ci ildəki fəaliyyətinin yekunlarına dair hesabatı və 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planının təqdim olunması dayanır. C.Osmanov geniş hesabat məruzəsi ilə çıxış edərək, YAP Ağdaş rayon təşkilatının 2020-ci il ərzində Yeni Azərbaycan Partiyasının Proqram və Nizamnaməsi əsasında fəaliyyət göstərərək işini rayon təşkilatının iş planına, YAP Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun qurduğunu bildirdi.

YAP Ağdaş rayon təşkilatının 2021-ci ilin I yarımilliyi üzrə Fəaliyyət Planını təqdim edən C.Osmanov planın 25 bəndi əhatə edən 3 bölmədən - partiya təşkilat işi, ideoloji iş və tədbirlər bölmələrindən ibarət olduğunu bildirdi və keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışdı.

Gündəlikdə duran məsələlər təqdim edildikdən sonra çıxışlara başlanıldı. Çıxış edən YAP Ağdaş rayon təşkilatı şurasının üzvləri və ilk partiya təşkilat sədrləri görülən işlərdən danışdılar, YAP Ağdaş rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd etdilər və 2020-ci ildə rayon təşkilatının fəaliyyətinin qənaətbəxş qəbul edilməsini bildirdilər.

Yeni Azərbaycan Partiyası icra katibliyi təşkilatlarla iş şöbəsinin əməkdaşı Emil Abasov rayon təşkilatı tərəfindən 2020-ci ildə geniş tədbirlər keçirildiyini bildirərək vurğuladı ki, həm Milli Məclisə keçirilən seçkilər zamanı, həm pandemiya dövründə, həm də Vətən müharibəsi vaxtı rayon təşkilatının həyata keçirdiyi tədbirlər təqdirəlayiqdir. Qarşıda duran məsələlərdən danışan E.Abasov qeyd etdi ki, rayon təşkilatı 2021-ci ildə öz fəaliyyətini daha da aktivləşdirməli, partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən tədbirlərin və görülmüş işlərin rayon sakinləri arasında geniş təbliğ olunmasını təmin etməli, sosial şəbəkələrdə fəallığı daha da gücləndirməlidir.

Yığıncaqda hesabat məruzəsi və Fəaliyyət Planı qəbul edildi, Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının 2020-ci ildəki fəaliyyəti qənaətbəxş hesab edildi.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə