Prezident İlham Əliyev: "Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır"
Qarabağın azad edilməsi həmin bölgədə yenidənqurma və bərpa işlərini sürətləndirməyi tələb edir. Belə ki, hökumət mümkün qədər qısa müddətdə bu rayonlarda- şəhər, qəsəbə və kəndlərdə yaşayış evlərini, kommunal infrastrukturu bərpa etməli, oradan köçkün düşmüş əhalini yenidən həmin ərazidə məskunlaşdırmalıdır. Bunun üçün təhsil və səhiyyə müəssisələri, dövlət idarələri tikilməlidir. Bundan başqa, həmin bölgədə müəssisələr, zavod və fabriklər açılmalıdır ki, insanlar işlə və zəruri məhsullarla rahat təmin oluna bilsinlər. Lakin bu vəziyyətdən istifadə edərək, Qarabağın gözəl guşələrində öz məqsədləri üçün yer almaq, orada biznes qurmaq, ən mənzərəli yerlərdə öz idarəsini tikərək oradan istifadə etmək istəyində olanlar da var. Azərbaycan Prezidenti İlham Əliyev AzTV-yə müsahibəsində bu məsələlərə toxunaraq belə məmurları sərt tənqid edib. Xüsusən də, Şuşa şəhəri ilə bağlı.
Ölkə başçısı bəyan etmişdi ki, Şuşa mədəniyyət mərkəzinə, açıq muzeyə çevriləcək. Lakin göründüyü kimi, bəzi iri ranqlı məmurlar başqa fikirdə imişlər. Prezident öz müsahibəsində onlara ciddi xəbərdarlıq edib və bu məsələlərə birdəfəlik nöqtə qoyub: "Mən Şuşanı mədəniyyət paytaxtı elan etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin. Şuşanın ərazisinin ölçüsü 300 hektardır. Mən qoymamışam ki, bir dənə daş daş üstə qoyulsun. Çünki birinci təhlil aparmalıyıq. Ondan sonra o tarixi binaları bərpa etməliyik, necə bərpa etməliyik, bunu mən də deyə bilmərəm, mütəxəssislər deməlidir, biz indi cəlb etmişik".
Bu işlərlə indi artıq müxtəlif yerli və xarici şirkətlərin məşğul olduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: "Şuşada biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən belə hesab edirəm. Ondan sonra "xruşşovkalar"la bağlı, - indi qabaqlamaq istəmirəm, - mənim fikrim var ki, onların bir çoxu oradan yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən, sadəcə olaraq, öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər, memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər ki, bu şəhəri necə görmək istəyirlər, çünki bu, onların şəhəridir. Yoxsa, bütün bunlar, bu işlər kənarda qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən zastava açıram, biri deyir ki, mən fövqəladə hallar açıram. Vallah, adam söz tapmır. Mən söz tapmışam, onlara elə söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm, bərpa ilə bağlı görüləcək işlərdə mütləq ictimai nəzarət olmalıdır. Olmasa bilin ki, yenə də eybəcər binalar tikiləcək, torpaqlar zəbt ediləcək, hərə özü üçün bir obyekt tikəcək".
İlham Əliyev deyib ki, Şuşa nəinki Azərbaycanın, bölgənin, bəlkə də dünyanın mədəniyyət paytaxtlarından birinə çevriləcəkdir: "Şuşada çox zəngin mədəni həyat olmalıdır. Şuşada yaşayacaq soydaşlarımız da, bütün işlər görüləndən sonra oraya qayıtmalıdırlar. Şuşa demək olar ki, dağılıb, bütün binalar dağılıb. Bir keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta özü üçün yuva salmışdı, bir də xunta başçısının villası və bir-iki də cinayətkar, rüşvətxor erməni məmurunun villası. Orada başqa bina yoxdur. Bir də "xruşşovkalar", hansılar ki, çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni yaşayırdı. İndi Mərkəzi Bank insanlara xidmət göstərib ki, orada filial açsın? Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər qurumlar da, indi mənə müraciət etmişlər. Onların hər halda ağlı çatıb mənə müraciət etməyə və mən onlara dedim ki, gedin oturun yerinizdə", - deyə dövlətimizin başçısı qeyd edib.
Prezident onların adlarını sadalayıb: "Azəravtoyol". Onun rəhbəri mənə müraciət edib ki, icazə verin, Şuşada "Azəravtoyol"un regional mərkəzini açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək. Heç kim öz hesabına yol çəkmir, dövlət büdcə ayırır. Şuşada "Azəravtoyol"un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait yaratsın, getsin o torpağı zəbt etsin, özü üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir qarovulçu qoysun və bəli, oraya gedəndə otursun orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu Şuşada yaratmaq istəyirlər. Bu, prinsipcə absurddur. Ona da lazımi sözləri demişəm ki, get otur yerində. Ondan sonra Dövlət Gömrük Komitəsi Şuşada Qarabağ Regional Mərkəzinin yaradılması ilə bağlı müraciət edib. Şuşada sərhəd var ki, gömrüyün regional mərkəzi olsun?
Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam edir hələ. Fövqəladə Hallar Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ regional mərkəzini yaradaq, Şuşa şəhərində. Yenə də eyni məqsədlə, yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə bilim tikanlı məftil, iqamətgah. Dövlət Sərhəd Xidməti. Bu təklifi indi desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da güləcək. Xidmətin rəisi mənə zəng edib deyir ki, icazə verin, biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a kişi, Şuşada sərhəd var? Deyin də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm bəs, nə zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən Cəbrayıla qədər, Ermənistanla sərhəd. Cəbrayıl rayonunda İranla sərhəd, get orada yarat da. Şuşada nə işin var sənin?! Yenə də gəlim, oturum, yerləşim, iqamətgah qurum, hamısı da dövlət hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən bəzən bu şeyləri demirəm vətəndaşlara ki, onları iyrəndirməyim, bağışlayın sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar da bilsinlər. Məmurlar öz yerlərini bilsinlər, öz işləri ilə məşğul olsunlar".
Prezident qeyd edib ki, müvəqqəti idarəetmə strukturu yaradıb. "Nəyə görə? Çünki mən görürəm, bilirəm, artıq gözlər tikilib oraya. İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun. Bütün torpaqlar planlı şəkildə bərpa ediləcək. Orada insanlar üçün şərait yaradılacaq, elə şərait ki, dünya üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət ola bilməz. Heç bir torpaq zəbt oluna bilməz. Hər şey planlı və əsaslı şəkildə olmalıdır. Mən əminəm ki, biz buna nail olacağıq. Biz hamımız istəyirik ki, dağıdılmış şəhərlər tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu, oraya qayıdacaq insanların rahatlığını təmin etsin və müasir, güclü Azərbaycanın gücünü bütün dünyaya göstərsin", - deyə dövlətimizin başçısı vurğulayıb.
Göründüyü kimi, dövlət başçısı bütün məsələlərdən xəbərdardır- ən incə məqamlarına qədər. Həm də Qarabağın bərpası üçün aydın və dəqiq proqrama malikdir. Məhz buna görə dövlət başçısı, özünün dediyi kimi, azad olunan ərazilər üzrə müvəqqəti idarəetmə strukturu yaradıb və bütün işlərə birbaşa nəzarət edəcək.
Şuşanın perspektivinin necə olacağı, digər şəhər və kəndlərin necə bərpa olunacağı, necə məskunlaşdırılacağı, necə sosial-iqtisadi inkişafının təmin ediləcəyi haqda ümumi konsepsiya var. Şuşa təkcə Azərbaycanın deyil, bütün Qafqazın mədəniyyət mərkəzi, açıq muzey şəhəri olacaq. Digər rayonlarda isə plana uyğun şəkildə, smart tipli şəhər və kəndlər yaradılacaq.
Qarabağın Azərbaycan mədəniyyətinin mərkəzi, qədim tarixi məkanı kimi dünyaya tanıdılması üçün xüsusi proqram həyata keçiriləcək. Bunun üçün tarixi abidələrin bərpası, muzeylərin, qalaların, məbədlərin, sarayların rekonstruksiyası işləri görüləcək.
Bu konsepsiyaya uyğun olaraq tədricən, sistemli şəkildə, davamlı olaraq həmin bölgənin bərpası, sosial-iqtisadi infrastrukturu və məskunlaşmasının təmin olunması prosesi, fikrimizcə, 5 ilədək çəkə bilər. Əlbəttə, ilk 1-2 ildə dağıntısız azad edilmiş, salamat qalmış kənd və qəsəbələrdə məskunlaşma prosesi aparılacaq. O ərazidə sadəcə bir qədər infrastruktur və iş yerləri yaratmaq lazım olacaq. Lakin tamamilə dağıdılan rayonların- Kəlbəcərin, Laçının, Ağdamın, Füzulinin, Cəbrayılın, Zəngilanın, Qubadlının məskunlaşması üçün çox böyük işlər görülməli, bu şəhər və kəndlər sıfırdan yenidən yaradılmalıdır. Ermənilərin yaşamasına icazə verilən yerlərdə- Ağdərə, Xocavəndin bir hissəsi (keçmiş Martuni rayonu) və Xankəndidə isə sülh prosesi üzrə tam tənzimləmə prosesindən sonra vaxtilə oralarda yaşamış insanların öz evlərinə qaytarılması mümkün olacaq.
Beləliklə, Qarabağın tam bərpası və sosial-iqtisadi inkişafı üçün çox böyük vəsaitlər, çox böyük enerji və xeyli vaxt tələb olunur. Lakin Azərbaycanın bunun üçün bütün imkanları var. Əsasən də, dövlət başçısı səviyyəsində siyasi iradə var. Demək, qısa müddətdə böyük işlər görüləcək.
Qarabağın bərpası ölkə iqtisadiyyatının da inkişafına təkan verəcək. Aqrar sektor, turizm və yüngül sənaye sahələri inkişaf edəcək. Yüz minlərlə yeni iş yerləri artıracaq. Nəticədə ümumdaxili məhsul və dolayı olaraq dövlət büdcəsinin gəlirləri artacaq. İdxaldan asılılıq azalacaq, ixrac imkanları genişlənəcək. Bütün bunlar son nəticədə ölkədə sosial rifahın artmasına gətirib çıxaracaq.
Elçin Bayramlı
Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB