Türkiyə-Azərbaycan hərbi təlimləri: Qars reallığı erməniləri qorxudur ANALİTİK

Türkiyə-Azərbaycan hərbi təlimləri: Qars reallığı erməniləri qorxudur ANALİTİK

Hərbi şərhçi David Arutyunov: "Azərbaycanın Qarabağda qarşısına qoyduğu məqsədləri həll olunub"

Məlum olduğu kimi, Türkiyənin Ermənistanla həmsədr olan Qars vilayətində qardaş ölkə ilə Azərbaycan arasındakı hərbi əməkdaşlıq çərçivəsində növbəti planlı hərbi təlimlərə start verilib. Hərbi əməliyyatlara kifayət qədər yaxın olan qış təlimləri fevralın 1-dən 12-dək davam edəcək. Təlimlərdə tank birləşmələri, artilleriya hissələri, snayper qrupları, xüsusi təyinatlılar, quru qoşunlarına məxsus birləşmələr, eləcə də aviasiya iştirak edir. Türkiyənin Milli Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlimlərin hədəfi birgə əməliyyatlar zamanı koordinasiyalı fəaliyyətin təmin edilməsi, eyni zamanda yeni silahların, həmçinin nəqliyyat vasitələrinin sınaqdan çıxarılmasıdır. Təlimlərdə şərti düşmənin obyektlərinə aviasiya zərbələrinin endirilməsi, desant və qarşılıqlı dəstək kimi məqsədlər də həyata keçiriləcək.

Ermənilər Kremlin Ankara və Bakıya tərəf qıcıqlanması üçün cəhdlər göstərirlər

Artıq təlimlərlə bağlı erməni tərəfinin aşkar təlaşı və qorxusu açıq-aşkar ifadə olunur, Ermənistanın hərbi-siyasi dairələrindən ehtiyat tədbirlərinin görülməsi çağırışları səslənir. Lakin daha bir məsələ erməni tərəfinin bu dəfə də Rusiya rıçağından sui-istifadə etməklə, sözügedən təlimlərin guya Moskvaya hədələyici ismarıc (?) olduğu ətrafında səs-küylər qaldırmasıdır. Söz yox ki, tarixlər boyu başqalarının onlar üçün iş görmələrinə adət edən ermənilər yenə də rusların ətəyindən yapışmaq məcburiyyətində qalaraq, Kremlin Ankara və Bakıya tərəf qıcıqlanması üçün cəhdlər göstərirlər. Bunu ermənilərin hərbi təlimlərlə bağlı fikirlərindən də görmək olar.

"Türkiyə və Azərbaycanın təlimlərinin nəinki Ermənistana təhlükə yaratdığını hesab etmək olar, eləcə də regionda təsir imkanlarını artırmaq üçün Ankaranın Moskva ilə rəqabət apardığını da demək mümkündür". SİA xəbər verir ki, bu barədə Ermənistanın hərbi şərhçisi David Arutyunov "Sputnik Armeniya"ya ikibaşlı açıqlamasında bildirib.

Türkiyə və Azərbaycanın hərbi-texniki əməkdaşlıq sferası onların birlikdə keçirdikləri təlimləri özü-özlüyündə Ermənistana təhlükə yaradır

"Ümumilikdə götürərkən, Türkiyə və Azərbaycanın hərbi-texniki əməkdaşlıq sferası və onların birlikdə keçirdikləri təlimləri özü-özlüyündə Ermənistana təhlükə yaradır", deyən erməni hərbi şərhçisi əlavə edib ki, hər iki ölkə özünü Ermənistana qarşı düşmən nəzərində baxır - təlimlər isə onların (Türkiyə və Azərbaycanın-R.R.) birgə əməkdaşlıqlarının effektliyini artırır, həmçinin Azərbaycanın hərbi potensialını təkmilləşdirir.

Lakin buna baxmayaraq, Arutyunov təlimlərin həbri əməliyyatlara keçid alması təhlükəsi ilə fikir bildirən digər erməni hərbi şərhçiləri ilə razılaşmır. Onun sözlərinə görə, bu barədə narahat olmağa dəyməz, sentyabrda olduğu kimi müharibə olmayacaq və belə fikirlər şişirdilir. "İndi belə ssenari ehtimalı olduqca azdır", deyə o qeyd edib. SİTAT: "Birincisi, Azərbaycanın Qarabağda qarşısına qoyduğu məqsədləri həll olunub, ikincisi rusların mövcudluğudur. Üçuncüsü isə hərbi təlimləri Türkiyə ilə Rusiyanın regiondakı təsirlərinin göstərici kimi görmək olar. Yəni rus tərəfinə müəyyən təzyiqlər göstərilir".

Onun sözlərinə görə, Rusiya ilə Türkiyə regionda olduğu kimi, Yaxın Şərqdə də rəqibdirlər. Suriya və Liviyadakı təcrübə göstərdi ki, bu rəqabət lokal güc ssenarisi ilə əvəzlənə bilər. Arutyunov riskləri belə izah edib ki, hər iki tərəf regionda hərbi iştirakçıdırlar. Belə ki, türk hərbçiləri Qarabağda-Azərbaycanda fəaliyyət göstərirlər, həmçinin rus sülhməramlıları Qarabağda olmaqla yanaşı, eyni zamanda Ermənistanda hərbi bazaları ilə mövcuddurlar.

Azərbaycanın Türkiyə ilə yanaşı Rusiya ilə də siyasi maraqlar kontekstindən balanslı siyasət aparması ölkəmizin regiondakı gücünü artırmaqdadır

Beləliklə, erməni hərbi şərhçisi bir tərəfdən ermənilərə ürək-dirək verməyə çalışır k, onların arxalarında ruslar dayanıb, amma digər tərəfdən, Ermənistandakı siyasi vəziyyəti də buraya qatarsaq, situasiyanın heç də ermənilərin xeyrinə olmadığını deyə bilərik. Fakt budur ki, anti-Paşinyan ritorikaları, yaxud erməni müxalifətinin hakimiyyətə qarşı çevriliş cəhdləri uğursuzluqla müşahidə edilir, insanlar küçələrə çıxmırlar. Paşinyan hakimiyyətinin isə özünü siyasi kürsüdə saxlamaq cəhdləri demək olar ki, müsbət nəticələrini verir. Belə olan halda, Azərbaycanın Türkiyə ilə yanaşı Rusiya ilə də siyasi maraqlar kontekstindən balanslı siyasət aparması ölkəmizin regiondakı gücünü artırmaqdadır və Türkiyə-Azərbaycan birliyinin güclənməsi bu reallığı daha münbit müstəviyə doğru inkişaf etdirir. Bu baxımdan, Ermənistanın mövcud hakimiyyətinin açılması nəzərdə tutulan nəqliyyat yolları istiqamətində marağını gizlətməməsi, iqtisadi blokadadan çıxmaq istəyi, eyni zamanda, Rusiyanın da iqtisadi maraqlarının təminatı Türkiyə-Azərbaycan hərbi və s. əməkdaşlığına qarşı heç bir sədd qoya bilməz. Bu baxımdan, iki qardaş ölkənin müntəzəm həbri, siyasi və s. istiqamətlərdəki strateji əməkdaşlıqları daha da artacaq və buna heç bir qüvvənin mane olmayacağı da bəllidir. Erməni siyasiləri, hərbi şərhçiləri həmin reallığı da yaxşı bilir və anlayırlar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə