Azərbaycanın xarici işlər naziri BMT-nin qaçqınlar üzrə ali komissarını qəbul edib
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Qutyerreşin başçılıq etdiyin nümayəndə heyətini qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının beynəlxalq və regional səviyyələrdə fəaliyyəti müzakirə olunub. A. Qutyerreş Azərbaycan hökuməti tərəfindən qaçqınların durumunun yaxşılaşdırılması üçün mühüm işlər görüldüyünü deyib. O, Azərbaycanın inkişafından və müasir bir ölkəyə çevrilməsindən xeyli mütəəssir olduğunu söyləyib.
E. Məmmədyarov isə Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesi barədə qonağa məlumat verərək Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının sülh prosesinə müsbət təsir göstərəcəyini bildirib. Nazir münaqişənin həllindən sonra regionun inkişafı üçün iqtisadi perspektivlərin mövcud olduğunu qeyd edib. Öz növbəsində ali komissar münaqişə ilə bağlı hazırkı vəziyyətin qəbuledilməz olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB