Bu, Ermənistanın blokadadan çıxış yolu ola bilər

Rusiya və Ermənistanı Azərbaycan üzərindən birləşdirəcək dəmir yolunun inşası, Ermənistan üçün böyük bir addım sayıla və əslində bu, yük daşımaları blokadasından çıxış yolu hesab oluna bilər. SİA RİA Novosti Agentliyinə istinadən xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert və “İnfra Layihələr” MMC-nin idarəedici tərəfdaşı Aleksey Bezborodov sözügedən agentliyə açıqlamasında deyib.

Nəşrin Rusiya və Ermənistan hökumətlərindəki mənbələrinə istinadən yazdığına görə, bu ölkələrin baş nazir müavinləri ilə Azərbaycanın Cənubi Qafqazda nəqliyyat əlaqələri qurulmasının yanvarın 27-də Moskvada müzakirə edilməsi planlaşdırılır. Qeyd olunur ki, müzakirə bir neçə mümkün layihəyə, xüsusən də Azərbaycan və Naxçıvanı, habelə Ermənistan və Rusiyanı birləşdirəcək Ermənistan ərazisindən keçən bir dəmir yolunun çəkilişinə yönələcək. Xatırladılır ki, Rusiya və Ermənistanın birbaşa dəmir yolu əlaqəsi yoxdur. Nəzərə çatdırılır ki, əgər əvvəllər Gürcüstan ərazisindən keçirilirdisə, Abxaziya ilə əlaqədar olaraq bu da mümkünsüz olub.
Dəmir yolu tikintisi Ermənistanın yük daşınmaları blokadasından çıxması üçün əlbəttə ki, böyük bir addımdır, mahiyyət etibarilə yük daımaları blokadasından çıxmaqdır", deyə Bezborodov dəmir yolu tikintisini yüksək qiymətləndirib.

Bezborodov yeni yolun inşasının Rusiya Dəmir Yollarına nə verəcəyini də şərh verib. Onun fikrincə, nəzəri olaraq yolun çəkilməsi Rusiya ilə Türkiyə arasında ticarətin inkişafına səbəb olacaq.

Xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Qarabağla bağlı üçtərəfli danışıqlardan sonra liderlər bölgənin inkişafı ilə bağlı ortaq bəyanat imzalayıblar. Üç ölkə hökumətlərinin baş nazir müavinlərinin rəhbərlik edəcəyi xüsusi bir işçi qrupunun yaradılması nəzərdə tutulur. Xüsusilə, Azərbaycan, Ermənistan və Rusiya Dağlıq Qarabağın inkişafı üzrə işçi qrupu bu il martın 1-dək beynəlxalq nəqliyyat üçün yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpası və inşası üçün qrafik təqdim etməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...