Rusiyadakı nümayişlər sistematik xarakter almayacaq - ŞƏRH ÖZƏL

"Ötən həftə Rusiyada hakimiyyət əleyhinə kütləvi nümayişlər həyata keçirildi. Nümayişdə çıxış edənlərin əksəriyyəti müxalifət lideri Aleksey Navalnının həbsdən azad olunmasını və cari hakimiyyətin istefasını tələb ediblər. Həmçinin, biz onu da müşahidə etdik ki, kütləvi itaətsizlik baş verdi və bunun qarşılığında polis də güc tətbiq etməyə məcbur oldu". Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov deyib.

Politoloq qeyd edib ki, bütün bu nümayişlər Rusiyanın böyük şəhərlərini, o cümlədən də Sankt-Peterburq və Moskva şəhərlərini də əhatə edirdi: "Moskvada digər şəhərlərə nəzərən nümayişçilərin sayı bir qədər çox idi. Bütün bu nümayişlər qanunsuz keçirilirdi və polis qanunun müvafiq tələblərinə riayət etmək barədə çağırışlar edirdi. Aleksey Navalnı uzun müddətdir ki, müxalifət lideri kimi müxtəlif jurnalist araşdırmaları həyata keçirir və hakimiyyəti kəskin şəkildə tənqid edir".

İ.Hüseynov vurğulayıb ki, Navalnının Almaniyada müalicə aldıqdan sonra Rusiyaya qayıdarkən hava limanında həbsi ilə bağlı beynəlxalq mediada Rusiya daxili siyasətini yaxından izləyən siyasətçilər də, xarici ekspertlər də müxtəlif fikirlər səsləndirirlər və azadlığa buraxılmasını tələb edirlər: "Bununla bağlı müxtəlif materiallar da dərc olunur. Rusiyada baş verən hadisələr və nümayişçilərin hərəkətləri qeyri-qanuni idi. Bu nümayişlərin sistematik xarakter alacağını düşünmürəm. Navalnıya gəldikdə isə deyə bilərəm ki, müxtəlif bəhanələrlə bu məsələni şişirtməyə çalışan qüvvələr bir qədər də fəallıq göstərəcək. Lakin çox qısa zamanda Navalnının beynəlxalq təzyiqlər fonunda azadlığa buraxılmağını müşahidə edə bilərik".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə