Ermənistanın dövlət borcu 8 milyard dollara çatdı

Ermənistanın ümumi dövlət borcu 2020-ci il ərzində 647,2 milyon dollar artaraq 31 dekabr tarixinə 7 968,5 milyon dollar təşkil edib. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə respublikanın Maliyyə Nazirliyinin hesabatına əsasən armbanks.am maliyyə və bank portalı informasiya yayıb.
İnformasiyada ümumi borcun strukturunda 7,5 milyard dollardan çoxunun Ermənistan hökumətinin dövlət borcunun olduğu qeyd edilir. Bildirilir ki, hökumət borcunun strukturunda, 2020-ci ilin sonunda Ermənistanın xarici dövlət borcu 5593,2 milyon dollar, daxili borc isə 1915,3 milyon dollar təşkil edib.
Fitch Ratings agentliyinin oktyabr ayı proqnozunda 2020-ci ilin sonunda Ermənistanın dövlət borcunun ÜDM-in 63,9%-ə qədəri həcmində artacağı qeyd olunub. Halbuki, bu göstərici bir il əvvəl - 53,5% olub.
Ermənistan maliyyə naziri Atom Cancuqazyan noyabr ayında ölkənin ÜDM-ə olan dövlət borcunun səviyyəsinin 2020-ci ilin sonunadək 66.5%-ə, 2021-ci ildə isə 67% -ə çatacağını bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə