Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub Cavad Zərifi

Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

SİA xəbər verir ki, bunu İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi Prezident İlham Əliyevlə görüşü zamanı deyib.

Nazir bildirib: "Cənab Prezident, bizi qəbul etdiyinizə görə Sizə təşəkkür edirəm. Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır. Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur.

Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik. Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.

Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik".

Bütün xəbərlər Facebook səhifəmizdə