Azərbaycan-Türkmənistan əməkdaşlığı regionun iqtisadi inkişafına xidmət edir - ŞƏRH

Prezident İlham Əliyev: "Memorandum Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır"

Enerji siyasəti bu gün dünyada mühüm və strateji rola malikdir. Qloballaşan dünyanı enerji təhlükəsizliyi məsələsindən kənarda təsəvvür etmək qeyri-mümkündür. Son illər bu problem bəşəri əhəmiyyətli məsələ kimi dünyanın diqqət mərkəzindədir. Belə ki, müasir dünyada iqtisadiyyatın və əhalinin davamlı olaraq yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliyi problemi ölkənin enerji təhlükəsizliyinin əsasını təşkil edərək, dövlətin inkişaf səviyyəsinin mühüm göstəricilərindən biri hesab olunur. Zəngin təbii sərvətlərə, davamlı iqtisadiyyata və müasir texnologiyalara malik olan müstəqil Azərbaycan dövləti dünyanın enerji təhlükəsizliyi məsələlərinin həllində də aparıcı rola malikdir. Müstəqillik əldə etdikdən sonra bir sıra iri regional və beynəlxalq enerji layihələrinə imza atan Azərbaycan bu istiqamətdə həyata keçirdiyi strategiyanı hazırda da uğurla davam etdirir. Bu gün ölkəmiz Avropanın əsas enerji tərəfdaşına çevrilib və bu qitənin enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, Azərbaycan təşəbbüskarı və tərəfdaşı qismində çıxış etdiyi enerji layihələrində enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti öz siyasi xəttində əsas tutur, istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa çalışır və enerjini siyasi alət kimi istifadə etmir. Bu mühüm faktları əsas götürərək Azərbaycan Respublikası hər zaman Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üzrə səylər göstərmişdir və Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış etmişdir.

Bu baxımdan da yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən görüş deyilənlərin realllığıdır.

"Bunu tarixi sənəd adlandırardım"

Görüşdə çıxış edən Prezident İlham Əliyev Anlaşma Memorandumunun imzalanmasının tarixi hadisə olduğunu bildirib: "Qəti əminəm ki, ölkələrimiz arasında bütün səviyyələrdə, ilk növbədə, Prezidentlər səviyyəsində sıx siyasi qarşılıqlı fəaliyyət olmasaydı, bugünkü sənədin imzalanması mümkün olmazdı.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizinlə birlikdə səy göstərmişik ki, ölkələrimizin müvafiq strukturları məhz Prezidentlərin onlara göstərdiyi kimi - əməkdaşlıq, dostluq, qarşılıqlı dəstək və qarşılıqlı maraqların düzgün başa düşülməsi ruhunda işləsinlər. Ona görə də mən bugünkü sənədi tarixi sənəd adlandırardım, çünki Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq, həmin yataqdakı iş ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaq, həm Türkmənistan, həm də Azərbaycan xalqlarına xeyir gətirəcək".

"Son illərdə Azərbaycan və Türkmənistan arasında münasibətlər çox müsbət dinamikaya malikdir. Son 3 ildə Türkmənistan və Azərbaycan prezidentlərinin 5 qarşılıqlı səfəri olub. Bu səfərlər çərçivəsində 50-dən çox sənəd imzalanıb",- deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir: "Ən sevindirici hal ondan ibarətdir ki, bütün bu sənədlər, o cümlədən enerji sahəsində əməkdaşlığa dair əldə etdiyimiz razılaşmalar yerinə yetirilir. Bugünkü imzalama Xəzərin karbohidrogen resurslarının mənimsənilməsində yeni səhifə açır. Bu layihə ölkələrimizin, habelə qonşularımızın enerji təhlükəsizliyinin möhkəmlənməsinə şərait yaradacaq. Bu layihə ixrac üçün böyük imkanlar açır, ona görə də xalqlarımızın rifahının yüksəlməsinə şərait yaradacaq".

Azərbaycan Prezidenti çıxışında ikitərəfli qarşılıqlı fəaliyyət məsələlərinə də toxunaraq qeyd edib ki, ölkələrimiz beynəlxalq strukturlarda da bir-birini fəal dəstəkləyir: "Azərbaycan BMT Baş Assambleyasının Türkmənistanın əbədi neytrallığı barədə Qətnaməsinin həmmüəllifi olub. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəaliyyətini qiymətləndirdiyinizə görə də Sizə təşəkkürümü bildirirəm. Sədrlik çərçivəsində bizim təşəbbüsləri, xüsusən Qoşulmama Hərəkatının Zirvə görüşünün, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Sammitinin, həmçinin BMT Baş Assambleyasının koronavirusa qarşı mübarizə məsələləri üzrə xüsusi sessiyasının keçirilməsi təşəbbüslərini dəstəklədiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Belə qarşılıqlı dəstək bizim münasibətlərimizin ruhunu və xarakterini əks etdirir. Əminəm ki, biz milli maraqlarımızın təmin edilməsi üçün gələcəkdə də beynəlxalq arenada fəal qarşılıqlı əlaqə saxlayacağıq".

"Xəzəryanı ölkələrin əməkdaşlığı çox dinamik, qarşılıqlı anlaşma ruhunda inkişaf edir"

"Xəzəryanı ölkələrin əməkdaşlığı da çox dinamik, qarşılıqlı anlaşma və qarşılıqlı dəstək ruhunda inkişaf edir, bunun nəticəsində Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb. Xəzəryanı ölkələr xoş məram, siyasi iradə nümayiş etdiriblər", -deyən Prezident İlham Əliyev onu da vurğulayıb ki, çoxillik uzun diskussiyalardan sonra enerji resurslarının mənimsənilməsi, habelə Xəzərin qorunması üzrə birgə fəaliyyət üçün ölkələrə yeni imkanlar açan Konvensiya razılaşdırılıb: "Biz birgə səylərimizlə bundan sonra da xalqlarımıza bu qədər nemətlər bəxş edən bu nadir su hövzəsini qorumaq üçün nə lazımdırsa etməliyik. Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar". Prezident İlham Əliyev çıxışı zamanı bildirib ki, nəqliyyat sahəsində əməkdaşlıq həm bizim ölkələr, həm də qonşularımız üçün böyük perspektivlər açır: "Türkmənistan və Azərbaycan nəqliyyat infrastrukturunun, məhz sıx qarşılıqlı əlaqəli şəkildə işləyən və bizim ərazilərimizdən keçməklə yüklərin tranzitini təmin edən, habelə Azərbaycan ilə Türkmənistan arasında əmtəə dövriyyəsi imkanlarını artıran müasir beynəlxalq dəniz limanları yaradılması layihələrini bir növ sinxronlaşdırıblar".

"Əminəm ki, ölkələrimiz arasında nəqliyyat-logistika sahəsində əməkdaşlıq bizim regionda yaranmış yeni şərait və yeni nəqliyyat yollarının açılması imkanları nəzərə alınmaqla daha yüksək səviyyəyə çatacaq. Düşünürəm ki, bu, bizim bütün tərəfdaşlarımız və qonşularımız üçün əlavə imkanlar yaradacaq», - deyə Azərbaycan Prezidenti bildirib.

Türkmənistanın nəqliyyat-logistika potensialının möhkəmlənməsi işində Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovun şəxsi xidmətlərini xüsusi qeyd edərək deyib: "Tranzitlə bağlı məsələlərdə qonşu ölkələrlə qarşılıqlı fəaliyyət olmasa, nəticə əldə etmək mümkün deyil. Bu gün bizim nəqliyyat-logistika infrastrukturunun yüksək səviyyəsini qeyd etməyimiz Türkmənistanın və Azərbaycanın bu sahədə məqsədyönlü fəaliyyətinə dəlalət edir. Bu, bizim regionda və hətta bu regiondan uzaqda - Avrasiya məkanında yerləşən bütün ölkələr üçün çox böyük imkanlar yaradır. Ona görə ki, nəqliyyat sferası da enerji sferası kimi, ölkələri birləşdirir. Bir daha demək istəyirəm, bu gün bizim bu Memorandumu imzalamağımız əlamətdar hadisədir, onun müsbət nəticələri olacaq"."Bu gün onu da qeyd etmək istərdim ki, bugünkü mərasim ölkələrimizin müstəqilliyinin, suverenliyinin, iqtisadi potensialının möhkəmləndirilməsi üzrə çoxillik gərgin fəaliyyətinin nəticəsidir. Bu gün Türkmənistan və Azərbaycan beynəlxalq arenada tam əsasla müstəqil xarici və daxili siyasət barədə danışa bilən ölkələrdir. Təəssüf ki, artıq bu gün dünyada belə hallara az-az rast gəlirik. Bizim ölkələrimiz özlərini tamamilə təmin edən ölkələrdir. Onlar istər beynəlxalq kreditlərdən, istər xarici köməkdən, istərsə də xarici təsirin hər hansı başqa formalarından və növlərindən asılı deyil. Bu ölkələr öz milli, mənəvi, əxlaqi ənənələrinə möhkəm sadiqdirlər. Bu, bizi irəliyə aparan əsasdır", - deyən Prezident İlham Əliyev bildirib ki, bu gün Türkmənistan və Azərbaycan nisbətən gənc müstəqil dövlət olaraq çox böyük uğurlar qazana bilmişdir: "Məsələn, bu gün inamla irəliləyirik, sosial rifah, iqtisadi inkişaf, qlobal transmilli layihələr sahəsində çox mühüm məsələləri həll edirik. Ölkələrimiz investisiyalar üçün açıqdır. Xarici şirkətlər həm Türkmənistana, həm də Azərbaycana inamla böyük vəsait yatırırlar. Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir. Sabitlik olmadan inkişaf mümkün deyil. Sabitlik tərəqqiyə, rifaha, investisiyalara, ən iri beynəlxalq şirkətlərin diqqətinə və bununla da ölkələrin beynəlxalq aləmdə rolunun, onların təsirinin möhkəmlənməsinə gətirib çıxarır. Bu gün ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz barədə danışarkən, biz, əlbəttə, bütün bu müsbət cəhətləri belə səmərəli əməkdaşlığa transformasiya etmişik. Beləliklə, bu gün biz, sadəcə, Xəzərdə bir yataq haqqında Memorandum imzalamırıq, bu gün biz münasibətlərimizin gələcək uğurlu inkişafında çox mühüm addım atırıq.

Hörmətli Qurbanqulu Məlikquluyeviç, Sizi təbrik etmək, qardaş türkmən xalqına bir daha ən xoş arzularımı bildirmək, Sizə möhkəm cansağlığı, təşəbbüslərinizdə uğurlar arzu etmək istərdim. Abadlıq, şəhərsalma sahəsində çox böyük səylərinizi də qeyd etmək istərdim. Mən bilirəm ki, Siz həm Aşqabadda, həm də digər şəhərlərdə şəhərsalma layihələrinə şəxsən rəhbərlik edirsiniz. Buna görə də Sizin dostlarınız, qardaşlarınız kimi Aşqabada gələndə biz ürəkdən sevinirik ki, müasir, gözəl, sakinlər üçün rahat şəhər yaradılıb. Bu, Sizin ölkənin inkişafına yönəlmiş çoxillik səylərinizin və öz xalqınıza bağlılığınızın, ona sədaqətinizin nəticəsidir. Sonda bizim birliyimizi, bir növ təsdiqləyərək Türkmənistanda da aydın başa düşüləcək sözləri demək istəyirəm – yaşasın Azərbaycan-Türkmənistan dostluğu!".

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə