Xankəndində və Xocavənddə terror təbliğatı: ruslar göz yumur! FOTOLAR+HİDDƏT

Xankəndində separatçıların bu və ya digər şəkildə tətbiq etdikləri təxribat xarakterli əməlləri davam edir. SİA xəbər verir ki, Rusiya sülhməramlılarının nəzarəti altında olan ərazilərimizdə separatçılığı, terrorçuluğu təbliğ edən qanunsuz plakatlar və stendlər quraşdırılır. Görünür, erməni teleqram kanalları bu kimi təxribat cəhdlərini reallaşdırarkən, hələ də Ermənistan ordusunun aldığı ağır və sarsıdıcı məğlubiyyətini dərindən dərk edə bilməyiblər.

Qeyd edək ki, Xankəndi şəhərinin mərkəzindəki “dirçəliş” meydanında “Biz sənə minnətdarıq, erməni əsgəri” stendi qondarma “dqr” bayrağı fonunda quraşdırılıb.

Xocavənd şəhərinin girişində isə birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı çoxsaylı qanlı terror əməlləri törətmiş, Kəlbəcərin və s. ərazilərimizin işğalına rəhbərlik etmiş və gəbərdilmiş terrorçu Monte Melkonyanın şəkli olan plakat quraşdırılıb, üstəlik, onun şəkli qondarma “dqr”in bayrağı ilə yanaşı yerləşdirilib. Fotoların hər biri yenidir.

Maraqlıdır ki, bilavasitə təxribatçılığa hesablanmış bu kimi addımlar Rusiya sülhməramlıları tərəfindən diqqətə alınmır və yığışdırılmır. Həmçinin, noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan ölkə başçıları tərəfindən imzalanmış üçtərəfli bəyanata əsasən, eləcə də Azərbaycanın ölkə başçısının sərt xəbərdarlığına rəğmən, bəyanata müvafiq olan qərarlara, öhdəliyə götürülmüş mühüm müddəalara riayət olunmur və əksinə, Ermənistandan Xankəndinə rəsmi səfərlər də davam etdirilir. Bu kimi addımlar isə erməni tərəfinin sülhə hazır olmadığını, əksinə, əllərinə düşən hər bir imkandan maksimum istifadə etməklə regiondakı vəziyyəti gərginləşdirməyə hesablanıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə