Rusiyanın Ermənistandakı səfirliyi erməni qəzetini şər atmaqda suçladı İTTİHAM

Ermənistanda dərc edilən “Hraparak” qəzeti “Müxalifət Rusiyanın səfirindən razı deyil” sərlövhəli yazı ilə çıxış edib. SİA xəbər verir ki, bu barədə Sputnik-Armeniya yazır və qeyd edir ki, həmin yazıya görə Rusiyanın Ermənistandakı səfirliyi adıçəkilən erməni qəzetində yayılan informasiyaya görə sübut tələb edib.

“Məqalə Rusiyanın Ermənistandakı Fövqəladə və Səlahiyyətli Səfirinin ünvanına böhtan xarakterində yönəlib. Əlinizdə məqalədəki informasiya ilə bağlı inandırıcı sübutlar varsa, xahiş edirik onları təqdim edəsiniz. Əks halda təkzib verməyinizi tələb edirik”, deyə səfirliyin rəsmi “Facebook” səhifəsində yazılıb.

O da qeyd edilir ki, “Hraparak” qəzeti səfirliyə nəşri maraqlandıran bir sıra suallara cavablar istəməsi ilə bağlı müraciət edib. Lakin qəzet hər hansı bir sübut edə bilməsə, bundan sonra əməkdaşlıqdan söhbət gedə bilməz.

Xatırladaq ki, “Hraparak” qəzetinin 21 yanvar buraxılışında erməni müxalif güclərin Rusiyanın Ermənistandakı səfirindən narazı olduqlarını yazıb və eyni zamanda qeyd edib ki, səfir bəzi siyasi qüvvələrə sponsorluq göstərir, həmçinin hakimiyyətin növbədənkənar seçkilər keçirməsi ilə bağlı sövdələşmələr aparır. Məqalədəki informasiyada erməni müxalifətinin Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin geri çağırılmasına nail olmaq məqsədləri də yer alıb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə