Almaniya nəşrində "Bakıda Qara Yanvar” sərlövhəli məqalə dərc edilib

Almaniyanın “Freitag.de” nəşrində həmyerlimiz Asif Məsimovun “Bakıda Qara Yanvar” sərlövhəli məqaləsi dərc edilib.

SİA xəbər verir ki, məqalədə 31 il bundan əvvəl sovet qoşunlarının Bakıya yeridilməsindən bəhs edilir. Bildirilir ki, bu hadisə nəticəsində 147 nəfər öldürülüb, 744 mülki şəxs yaralanıb. Müəllif yazır ki, ittifaq respublikasının paytaxtında sovet qoşunlarının törətdiyi amansız qətliam azərbaycanlıların yaddaşına Qara Yanvar kimi həkk olundu. Bu hadisə Azərbaycan sakinlərinin şüurunda dönüşə çevrildi və onların müstəqilliyə olan səylərini əvvəlcədən müəyyən etdi.

Müəllif qeyd edir ki, bu gün 20 Yanvar azərbaycanlılar üçün böyük əhəmiyyət kəsb edir. Bu gün azərbaycanlıların ədalətə və azadlığa ümidini, həmçinin xalqın zülmə qarşı və müstəqillik uğrunda mübarizəsini təcəssüm etdirir.

Asif Məsimov vurğulayır ki, bu tarixi hadisə bu gün milləti dəmir yumruq kimi birləşdirən milli identikliyin formalaşmasında həlledici olub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...