"Ermənistan və erməni xalqı 38,4 milyard dollar ziyana düşdü" Mesrop Manukyan
"Baş nazir Nikol Paşinyan Ermənistan Respublikasına və bütövlükdə, erməni xalqına 38,4 milyard dollar ziyan vurdu". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Hərbi Sığorta Fondu" Qəyyumlar Şurasının üzvü Mesrop Manukyan özünün Facebook səhifəsində Ermənistanda 44 günlük müharibənin vurduğu ziyanı təqdim edərkən yazıb.
Şura üzvü ölkəsinə dəymiş ziyanı bir-bir sadalayıb. O, yalnız insan itkilərinə görə ölkəsinin təqribən 7 milyard dollar ziyana düşdüyünü yazıb. Təxminən 4500 ölən və itkin düşmüş hərbi qulluqçu, təxminən 5000 birinci qrup əlil, təxminən 6000 ikinci qrup əlil, təxminən 2000 nəfər fiziki cəhətdən sağlam görünən, lakin cəmiyyətin onsuz da əlil üzvləri olduğunu və Avropa Şurasına görə ortalama bir insanın həyatının iqtisadi ekvivalentinin dövlət üçün 3,1 milyon avro dəyərini nəzərə alaraq, qeyd rəqəmi sübut etməyə çalışıb. Mesrop işğalçı ölkənin müdafiə sisteminə dəyən ziyanı da diqqətə çatdırıb və bunun 2 milyard dollar həddində olduğunu iddia edib. O, təkcə Sotk mədəninin itkisindən dəyən ziyanı 8 milyard dollar hesablayıb. Yalnız itirilmiş hidroelektrik stansiyalarının dəyərini təxminən 600 milyon dollar həddində nəzərə alan Manukyan bu sahədə ziyanın ölkəsi üçün daha çox olduğunu bildirib. Manukyana görə, rəsmi statistikaya əsasən, Dağlıq Qarabağda hər il 150 min tonadək taxıl və dənli bitkilər yetişdirilirdi və bu, yalnız 150 min ton taxıl itkisi deyil, həm də ölkəsinin ərzaq təhlükəsizliyinin bir hissəsi kimi böyük itkidir. Onun sözlərinə görə, ilkin hesablamalara əsasən, təqribən 95 min hektar əkin sahəsi Azərbaycan tərəfinə keçib və nəzərə alsaq ki, ölkəsinin tütün istehsalının 30% -i Dağlıq Qarabağ ərazilərində istehsal olunurdu, Qarabağdan ən yüksək keyfiyyətli meyvə və tərəvəz tədarük olunurdu, itirilən ərazilərdə kənd təsərrüfatı sektoru hər il təxminən 300 milyon dollarlıq meyvə və tərəvəz istehsal edirdi, bu ərazilər hesabına Ermənistanda ət məhsullarına olan tələbatın böyük bir hissəsi təmin edilirdi və bütün bunların itkisi təqribən 3 milyard dollar ziyan olduğunu təsdiqləyir.
O, həmçinin qeyd edib ki, Hərbi Sığorta Fondunun ("AMD 1000") təqribən 1 milyard 200 milyon dollar borcu var, yəni potensial vergi ödəyən Ermənistan Respublikası vətəndaşları bu məbləği ödəməlidirlər. Şura üzvü Bank sistemindəki zərərləri təxminən 1 milyard dollar, Qarabağ ərazilərindəki 15 yatağın 10-nun itkisi nəticəsində olan ziyanı təxminən 3 milyard dollar, infrastruktura dəyən ziyanı təxminən 2 milyard dollar, əhaliyə minimum mənəvi ziyan 3 milyard dollar, meşələr, torpaq, su və mənzil olmaqla ərazi itirilməsi ilə əlaqədar ziyanın ən azı 7 milyard dollar həddində dəyərləndirib.
Görünür, Ermənistanın müharibə cinayətləri nəticəsində vurduğu ziyana görə Azərbaycana ən azı 50 milyard dollar həddində təzminat ödəyəcəyi barədə öhdəliyi Ermənistanın "Hərbi Sığorta Fondu" Qəyyumlar Şurasının üzvü Mesrop Manukyanın yadına heç düşməyib. Əks halda şura üzvü bu rəqəmi də ölkəsinin düşdüyü ziyanın üzərinə əlavə edərdi. Amma Mesrop Manukyan bu rəqəmi əlavə etməsə də, bu, bir reallıqdır və heş şübhəsiz ki, iqtisadiyyatı sıfır səviyyəsində olan bir ölkə üçün belə bir ziyan bu ölkənin məhvolma astanasında olduğunu isbatlayır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB