Erməni cəmiyyəti çətin sınaq qarşısında TƏHLİL

Erməni cəmiyyəti çətin sınaq qarşısında TƏHLİL

"Ermənistan cəmiyyəti çətin bir seçimlə qarşılaşıb. Vətəndaşların əksəriyyəti Paşinyanı dəstəkləmir, əksinə, onun əleyhinədir. Ölkədə hər gün təşkil olunan mitinqlər, etiraz aksiyaları bunu açıq-aşkar təsdiq edir. Məsələ burasındadır ki, ermənilər müxalifətə də rəğbət göstərmir. O zaman nə baş verir və bu vəziyyətə nə ad qoynaq olar? Əlbəttə ki, xaos, vətəndaş müharibəsi astanası və ən çətin sınaq.
Qərb Qarabağ prosesinə və bölgəyə daha çox diqqəti yönəltmək istəyir. Daha dəqiq desək, Ermənistan üçün bir növ yeni oyun hazırlanır. Bəllidir ki, canlı qüvvəsinin, hərbi texnikasının, silah-sursatının, bütövlükdə arsenalının 80 faizini itirən Ermənistan üçün bu mövzu çox faciəli mövzudur. Əbəs yerə deyil ki, erməni baş nazir müharibə mövzusuna gəlinən zaman, bu mövzudan yayınmağa, hətta qaçmağa çalışır. Necə ki, onun Dağlıq Qarabağa göndərdiyi əsgərlər döyüş meydanından qaçırdılar. Bəli, Nikol Paşinyan, eləcə də onun yaxın ətrafı, hansı ki, müharibə vəziyyətindəki rüsvayçı məğlubiyyətlərinə, durumlarına hamıdan yaxşı bələddirlər, bu mövzudan qaçırlar. Amma bəla burasındadır ki, məğlubiyyətləri barədə həqiqətləri daxili auditoriyadan, xalqdan gizlətdikləri üçün və bu səbəbdən də, Ermənistanın bir heç olduğunu hələ anlamadıqları üçün Qərb vəziyyətdən istifadə etmək üçün münasib şəraitin olduğu qənaətindədir.
İlk baxışdan, ikinci Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra izahı verilməsi qəliz olan bir xaos yalnız Ermənistanın siyasi həyatında hökm sürür. Amma xarici siyasətlə bağlı həqiqətlər də var ki, bunu ermənilər nə qədər tez anlasalar, təlatümlərdən bir o qədər cəld yaxa qurtara bilərlər. Məsələ burasındadır ki, erməni cəmiyyəti, başda Nikol Paşinyanın istefası olmaqla dəyişikliklər tələb edir, amma dəyişikliklər tələb edən təkcə ölkə daxilindəki vəziyyət deyil. Bölgədəki vəziyyəti əslində, Ermənistanın regional proseslərdən kənarlaşdırıldığını isbatlayır. İrəvan yenə də proseslərə obyekt yox, mövzu olaraq qayıtmağa çalışır.
Ermənilər Ermənistanda bir hakimiyyət dəyişikliyinin lazım olduğu qənaətində ola bilər. Amma Türkiyə və Azərbaycanla münasibətləri tənzimləməyin, diplomatik əlaqələr qurmağın zəruriliyi onlar üçün yeganə çıxış yoludur desək, yanılmarıq. Təbii ki, bütün reallıqları, Azərbaycan ərazilərini, sərhədlərini tanıdıqdan sonra. Bu barədə Ermənistanda hökumət rəsmilərinin açıqlamaları gərəkir və artıq sərhədlərin müəyyənləşdirilməsini, ərazilərin tanınmasını nəzərdə tutan addımlar atılmalıdır ki, bir qədər sonra gec olmasın. Çünki qeyd edildiyi kimi, Qərb hər an bir oyuna başlaya bilər və Ermənistan kimin üçünsə əvəzedilməz bir ölkə, yağlı bir tikə deyil ki, buna görə təəssüf hissi keçirən olsun. Belə məqam qaçılmaz olarsa, təbii ki, uduzan dövləti məhv olmaq, xəritədən silinmək təhlükəsi qarşısında olan ermənilər olacaq.
İndi Ermənistanın bölgədəki rolundan danışmaq çox nəinki çətindi, heç mümkün də deyil. İndi bu ölkə nə Dağlıq Qarabağda, nə də ətraf ərazilərə bir imkana malik deyil. Hətta indi Ermənistan özünün belə təhlükəsizliyinin qarantı ola bilmir və əhali, vətəndaşlarla güc strukturları arasındakı toqquşmalar təsdiq edir ki, bu işğalçılıq siyasəti yürüdən, yalnız buna ümid edən ölkə tükdən asılı vəziyyətdədir. Bu vəziyyətdə təhlükəsizlik məsələləri heç şübhəsiz ki, birbaşa Rusiya ilə əlaqəlidir və müharibə dövründə də, ondan sonra da istər baş nazirinin, istərsə də vətəndaşlarının bir başa Rusiya prezidentinə ünvanlanması təsadüfi deyildi.
Ermənilər nəzərə almalıdırlar ki, Qərb də Qarabağ prosesinə və bölgəyə qayıtmaq niyyətindədir və bu onlara çox baha başa gələ bilər. Bu vəziyyətdə ən çox cəhdlər, Qarabağın statusu ilə bağlı danışıqlar fonunda baş verir. Daha dəqiq desək, belə söz-söhbətin dövriyyəyə buraxılmasında məqsəd məhz bundan ibarətdir. Bu baxımdan, Ermənistan üçün bəli, bir növ yeni oyun açılır. Baxmayaraq ki, Rusiya da bu məsələdə dominant rolu əldən vermək istəmir. Federasiya Şurasının sədri Valentina Matvienkonun açıqlamasında mühüm bir mesaj var və qeyd olunur ki, Moskva bu mövzuda danışmağa hazırdır. Təbii ki, Ermənistan da bu mövzuda Rusiya ilə bərabər işləyə bilər. Lakin Ermənistan qarşısında Azərbaycan, Türkiyə, Rusiya ilə imzalanan sənəd var və bu bəzi addımlarda ermənilərin qarşısını kəsir.
Türkiyə və Azərbaycanla münasibətlərin yaxşılaşdırılmasına gəlincə, bu barədə danışmaq hələ tezdir. Çünki Ermənistan dövləti buna hardasa meyilli olsa da, erməni cəmiyyəti hələ də məğlubiyyəti ilə, itgiləri ilə, uğursuzluqları və çarəsizlikləri ilə barışa bilmir. Üstəlik, Azərbaycan öz haqlı tələblərini, qanuni tələblərini irəli sürür və bununla ermənilər heç cür barışmaq istəmirlər. Çünki bu, onlar üçün itkilər deməkdir. Lakin artıq erməni tərəfinin buna müqavimət göstərməyinin zərrə qədər mənası yoxdur və heç müqavimət göstərmək potensialı da görünmür.
Məhz bugünkü şərait təsdiq edir ki, erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi çətin bir seçimlə qarşılaşıb. Onlar nə Paşinyanı dəstəkləyir, nə də müxalifətə rəğbət göstərirlər və bu durumda özləri də nə vəziyyətdə olduqlarını anlamırlar. Bir çoxları, məsələn, Akopyan kimi birinə görə, qarşıdakı ildə yeni rəqabətçi bir siyasi qüvvənin meydana çıxacağını ermənilər gözləməməlidirlər. Təbii ki, yeni bir siyasi fiqur ortaya çıxa bilər, amma arxasında yenə də tanış simalar dayanacağı təkzib edilə bilməz. Çox güman ki, populyar və tanınmış fiqurlar yenə də “lokomotiv” olaraq ortaya düşəcəklər və bu heç də xilas demək deyil. Çünki, yanlış yol xilas vəd edə bilməz ermənilərə. Bu da istisna deyil.
İndi "cazibədar uydurmalarla", “cazibədar vədlərlə” məşğul olmağın qəti zamanı deyil. Vəziyyət Ermənistanda kritikdir və vaxt bu işğalçı dövlətin xeyrinə, deyil, ziyanına işləyir. Əsl həqiqət budur ki, erməni cəmiyyəti çətin sınaq qarşısındadır və bu işğalçı ölkə üçün itkilər əvəzolunmazdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə