“Çox problemimiz var, həll edəcək heç bir addım yoxdur” Tiqran Abrahamyan

“Çox problemimiz var, həll edəcək heç bir addım yoxdur” Tiqran Abrahamyan

"Bu adam Ermənistanda baş nazir kimi hökm sürdüyü müddətdə yeni itkilərimiz olacaq." SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri "Enaket" analitik mərkəzin təsisçisi və rəhbəri, qondarma rejim prezidentinin keçmiş müşaviri Tiqran Abrahamyan jurnalistlərlə görüşündə deyib.
Məlumata əsasən, o hesab edir ki, 9 noyabr tarixli müqavilədə gizli bir əlavənin olduğu da güman edilə bilər.
"Əvvəlcə 9 noyabr tarixli ortaq razılaşmanın ümumi itkilərimizin əks olunduğu son nöqtə olduğu təəssüratı yarandısa, bir müddət sonra itkilərimizin daha da böyük olduğu məlum oldu. Çünki müqavilədə nəzərdə tutulmayan ərazilər Azərbaycana keçməyə davam edir", deyə Abrahamyan bildirib.
O, müharibə bitdikdən sonra bir sıra kəndlərin Azərbaycana keçdiyini, sonuncunun cənubda strateji əhəmiyyətə malik olduğunu xatırladıb.
“Bu ərazilər razılaşmaya daxil edilməyib. Amma Nikol Paşinyan söyləyir ki, bunlar şifahi razılaşma yolu ilə ötürülüb. Burada sual yaranır, şifahi razılaşma ilə daha hansı ərazilər Azərbaycana veriləcək? Çünki Rusiya dairələrində digər bölgələrin ərazilərinin də mümkün təslim olması barədə şayiələr dolaşır. Təəssüf ki, mövcud vəziyyət göstərir ki, bunlar fərziyyələr deyil, həqiqətlər ola bilər və bu baş nazir Ermənistanda hökm sürdüyü müddətdə bizim yeni itkilərimiz olacaq”, deyə Tiqran Abrahamyan fikirlərini gizlətməyib.
Onun fikrincə, bu hökumət gələcəkdə ərazilərin təslim edilməsini qanunla təsdiqləməlidir.
“Dünyada elə bir dövlət yoxdur ki, baş naziri şifahi razılaşma ilə ərazilərin təslim olduğunu elan etsin. Bu vəziyyətdə 9 noyabr tarixli müqavilədə gizli bir əlavənin olduğu və bu olmadıqda əraziləri şifahi razılıqla köçürənlərin qanuni bir müddəası olması lazım olduğunu qəbul etmək olar”, deyə o iddia edib.
Mərkəz rəhbəri Ermənistan tərəfinin sərhədlərin müəyyənləşdirilməsi prosesində olmadığına görə təəssüfləndiyini, bu arada Türkiyə və Azərbaycanın bununla kifayətlənməyəcəyini də ifadə edib.
“Bu baxımdan, bir dövlət olaraq bizim bir çox problemimiz var. Ancaq təhlükəsizlik və iqtisadi problemlərimizi həll edəcək heç bir addım yoxdur”, deyə Abrahamyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə