Dezinformasiyalara inanmamaq: düşmən hər fürsətdən istifadə edir ANALİTİK+AKTUAL
Yaxud, ermənilərlə “Milli Şura”-AXCP cütlüyünün birgə məyusluqları haradan qaynaqlanır?
Sirr deyil ki, müharibənin gedişatına önəmli dərəcədə təsir edən əsas faktorlardan biri də informasiyadır. Lakin informasiyaların doğruluğu ilə əksini, yəni qeyri-doğruluğunu buraya əlavə edərsək, informasiya müharibəsi amilinin, əsasən dezinformasiyaya daha çox söykəndiyini deyə bilərik. Yəni ictimai rəy daha çox qeyri-rəsmi məlumatlara əyilir, yalanlara daha çox inandığını, hətta həmin yalanları şişirdərək, dezinformasiyaların dozasını artırmaqda maraqlı görünür. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Ancaq bir dezinformasiyanın altında daha hansı yüklərin yatdığını da unutmaq olmaz...
Eyni zamanda, müxtəlif dezinformasiyalar məqsədli xarakter daşıyır və hədəf əlbəttə ki, düşmənə bacardıqca çox zərbə vurmaqdan ibarətdir. Məhz həmin zərbədən sonra real informasiya ictimailəşdirilir və əsl həqiqətlər – kimin qalib, kimin isə məğlub olması faktı üzə çıxmağa başlayır.
Düşmənin informasiya maşını da cəbhədəki köhnə, yararsız texnikaları, silah-sursatları və əsgərlərin döyüş ruhları kimi sarsıdıcı məğlubiyyətə uğradı
Digər tərəfdən, yalan informasiyalara inanıb-inanmamaq məsələsi də burada önəmli rol oynamaqdadır. Daha doğrusu, dezinformasiyanın işlənilib-hazırlanması proseduru o qədər dəqiqliklə aparılmalıdır ki, qarşı tərəf buna inanmağa məcbur olsun. Məhz ikinci Qarabağ müharibəsində ermənilərin müdafiə nazirliyinin Şuşan Stepanyan, Artsrun Ovannisyan və s. kimi sözcüləri sentyabrın 27-dən noyabırn 10-a qədər cəbhədə baş verən hadisələrə “qələbə” xarakterli don geyindirməklə, sözün əsl mənasında, erməni xalqının başına ipi salıb-dolandırmaqla məşğul oldular. Halbuki, Azərbaycan tərəfi cəbhədə irimiqyaslı hücum, əks-hücum əməliyyatları keçirməklə, demək olar ki, hər gün işğal altındakı torpaqlarımızı düşməndən azad edirdilər. Beləliklə, düşmənin informasiya maşını da cəbhədəki köhnə, yararsız texnikaları, silah-sursatları və əsgərlərin döyüş ruhları kimi sarsıdıcı məğlubiyyətə uğradı. Amma!
Amma ən əsası bu oldu ki, Azərbaycan xalqı, dövləti və Ordusu birləşərək, dəmir yumruq şəklində yalnız zəfərə, qələbəyə aparan yolda dayandı, düşmənin hər vəchlə - məsələn Peqov, Kots, Solovyov və s. kimiləri vasitəsi ilə yaymağa çalışdığı yalan informasiyalarına, ümumiyyətlə, inanmadı. İnformasiya müharibəsindəki qələbənin əsas amillərindən birini də, məhz bu reallıqla ölçmək mümkündür.
“Milli Şura” və AXCP yetkililəri müharibə dövründə Peqovun oynadığı rolu öz üzərlərinə götürürlər
İndi isə keçək mövzunun digər tərəfinə. Sirr deyil ki, Vətən müharibəsi dövründə ağızlarına qıfıl vuran bir qrup radikal müxalifət yetkililəri, xüsusilə “Milli Şura”, AXCP cütlüyü və onların xarici ölkələrdə erməni lobbisinin maliyyəsi ilə dəstək aldıqları müxtəlif sosial şəbəkə səhifələri (YouTube, Facebook, Twitter və s.) yenidən ortalığa düşərək, axıdılan şəhid qanlarına, əldə edilən müzəffər qələbəyə kölgə salmaqla məşğul olmağa başlayıblar və əsasən də oyunbazlıqlarını Rusiya sülhməramlıları üzərində qurmaqdadırlar. Bəli, bir çoxlarına məlumdur ki, Rusiya sülhməramlıları üçtərəfli razılaşma bəyanatından sonra bir sıra öhdəliklərinə düşən işləri kənara qoyaraq, əsasən ermənilərin cinahında yer alırlar, bitərəfli davranış yerinə üstünlüyü birtərəfli fəaliyyətə doğru aparırlar. Əlbəttə, bütün bunlar fiksasiya edilir və söz yox ki, Azərbaycan dövləti, rəhbərliyi lazımi anda reaksiyasını göstərir və biz artıq bir neçə dəfə bunun şahidləri olmuşuq. Hətta iqtidarın öz sözünü açıq deyən qəzeti, saytı olaraq “SƏS”də də istər Rusiya sülhməramlıları haqqında, istərsə də Azərbaycanın uğurlarına sevinməyən ölkələr, dövlət başçıları haqqında məqalələr yer alıb, narahat edən məsələlər qabardılıb. Ümidvarıq ki, bizim informasiyalarımız da diqqətdən kənarda qalmayıb və müvafiq qurumlar tərəfindən araşdırılıb, öyrənilib, çünki ortada dezinformasiya deyil, həqiqətlər dayanıb.
Lakin radikal müxalifətin psevdovətənpərvərlik artistizmləri get-gedə özünü daha cılız formada sərgiləməyə başlayıb. Sosial şəbəkələr vasitəsi ilə bütün dünyanın qəbul etdiyi qələbəmizə ləkə vurmaqla düşmənin dəyirmanına su tökür, hətta açığını desək, “Milli Şura” və AXCP yetkililəri müharibə dövründə Peqovun oynadığı rolu öz üzərlərinə götürürlər.
Adi bir detala nəzər salaq. Rusiya sülhməramlıları Xankəndidə erməni məktəblilərinə təhlükəsizlik barədə təlim keçiblər və həmin təlimdə separatçılar əsl erməni bicliyindən istifadə edərək, Rusiyanın dövlət bayrağının yanına qondarma, saxta rejimin də bayrağını yerləşdiriblər, çəkilən foto isə Rusiyanın müdafiə nazirliyinin rəsmi saytında yer alıb. Məhz Azərbaycan tərəfinin müdaxiləsindən sonra sözügedən foto saytın səhifəsindən yığışdırıldı. Yaxud, yenə də Rusiya MN-nin saytında Xankəndidə sülhməramlı həkimlərin fəaliyyəti barədə fotolar paylaşılıb və həmin fotonun üzərində “dqr” yazılıb. Növbəti müdaxilədən sonra bu səhv də dərhal düzəldildi və üzrxahlıq edildi. Bu kimi detallar kifayət qədərdir və onların hər biri bilavasitə Azərbaycan dövlətinin müvafiq qurumları tərəfindən qeydə alınır, yanlışlıqlar baş verdikdə isə, aradan qaldırılması tələb edilir və aradan qaldırılır da.
Radikal müxalifətin ermənilərlə iş birlikləri bu gün də davam edir!
Bəs psevdovətənpərvər radikallar nə edirlər? Həmin olayları qəsdən şişirdir, bu şişirtmələri bilavasitə dövlətimizin maraqları əleyhinə işlətməyə çalışırlar. Erməni KİV-ləri və sosial şəbəkə seqmentəri də dərhal həmin məsələləri öz auditoriyalarının diqqətinə çatdırır, üstəlik, Azərbaycan müxalifətinin “tam qələbə qazanılmayıb”, “ruslar işğalçılıq siyasətinə başlayıblar” tipli sərsəm fikirlərini dövlətimiz əleyhinə işlətməyə başlayırlar. Nəticədə açıq-aşkar dezinformasiya, yalan məlumatlar ictimailəşdirilir. Bəli, radikal müxalifətin ermənilərlə iş birlikləri bu gün də davam edir!
Həqiqətdə isə hər şey başqadır. Dövlət başçımız İlham Əliyev çıxışında vurğulayır ki, digər ərazilşərimizlə yanaşı, Xankəndi, Laçın dəhlizinə də istədiyimiz vaxtda gedib-gələcəyik və üstəlik, həmin ərazilərdə bir nəfər də olsun erməni yaraqlısı qalmayacaq. Qalacağı halda isə, 44 günlük müharibədə aldıqları zərbədən qat-qat daha ağır, sarsıdıcı zərbələrə məruz qalacaqlar. Məgər bu ifadədə gizli nə isə varmı? Əlbəttə ki, yoxdur və zaman keçdikcə, qarşıda dayanan ağır və məsuliyyətli işlər problemlərin aradan qaldırılması istiqamətində aparılacaq və hazırda da aparılır. Artıq Fizulidə beynəlxalq hava limanının tikintisi ilə bağlı Prezident İlham Əliyev tərəfindən rəsmi qərar verilib, özü də bu il ərzində! Biz Xocalı aeroportunun ermənilərin dezinformasiyalarına rəğmən, işə düşməyəcəyi faktını da buraya əlavə edə bilərik. Hansı ki, ermənilər artıq uzun illərdir ki, həmin aeroportu işə salacaqlarını bar-bar bağırırdılar, zamanımızın ən çox işlədilən sualını indi biz də səsləndirə bilərik – Bəs nooldu???
İndi isə ən yeni faktı da nəzərə çatrıda bilərik...
Gerçəklik budur ki, ermənilərə dezinformasiyalar ötürməklə, bunu dövətimiz əleyhinə yönəldənlər xalqa, hakimiyyətə qarşı açdıqları uğursuz mübarizələrində uduzublar, ermənilər kimi!
Misal üçün, daha əvvəllər Rusiya sülhməramlılarının nəzarəti və icazəsi ilə ziyarət edilən Kəlbəcərdəki Xudavəng monastırına artıq Azərbaycan əsgərləri nəzarət edirlər. Daha dəqiq desək, oraya kimin buraxılıb-buraxılmayacağı qərarını məhz Azərbaycan hərbçiləri qərar verirlər. Bəs psevdomüxalifətçilər buna qədər nə edirdilər? Bar-bar bağırırdılar ki, həmin monastırın nəzarəti də ruslara keçib və bu, Rusiyanın “işğal siyasətinin tərkib hissəsindən biridir” (?!). Fəqət...
Fəqət bugünlərdə məlum oldu ki, ermənilərin bir qismini Kəlbəcər rayonunun Vəng kəndində yerləşən Xudavəng monastırına buraxmayıblar. Bu barədə Xudavəngi ziyarət etmək istəyən Ermənistan sakini Yevgeniya Yengibaryan öz feysbuk hesabında yazıb. “Milad günü xoşagəlməz hadisə ilə başladı. Rəfiqəm ilə Xudavəngə gedə bilmədik. Ora səfərlərin hər bazar olmasına baxmayaraq, məhz bu gün orada olmaq istədik. Bizim 40 nəfər olmağımıza baxmayaraq, həmçinin ziyarət etmək istəyənlərin sayında məhdudiyyətin olmaması bildirilsə də, bizim tərəf (Ermənistan tərəfi) yalnız 30 ziyarətçini türklərlə (Azərbaycan) razılaşdırıb. Nəticədə üçüncü avtobusdan hamını düşürdüblər. Hə, Xudavəngi ziyarət etmək düşmənlə razılaşdırmadan asılıdır. Salam, yeni reallıq. Səninlə necə barışıb və dəli olmamaq – məsələ budur”, deyə o qeyd edib.
Maraqlıdır, indi həmin o psevdovətənpərvərlər haradadırlar və nəyə görə daha əvvəl səsləndirdikləri fikirlərini bu istiqamətdə təkrarlamırlar? Sərf etmir? Əlbəttə ki, sərf etmir! Çünki Xudavəngi ziyarət etməyə buraxılmayan ermənilər qədər onlar da məyus olublar. Onsuz da kimsəyə lazım olmayan ucuz, məntiqsiz və mənasız həyatları ilə kimsədə hörmət qazana bilməyən radikal müxalifət yetkililəri bu dəfə erməni aşnalarının müxtəlif qaranlıq yollarla ötürdükləri pul-paraları da itirmək istəmirlər. Bax, gerçəklik də budur. Gerçəklik budur ki, ermənilərə dezinformasiyalar ötürməklə, bunu dövətimiz əleyhinə yönəldənlər xalqa, hakimiyyətə qarşı açdıqları uğursuz mübarizələrində uduzublar, ermənilər kimi. Bizə isə yalan informasiyalara inanmamaq, yalnız dövlətimizin apardığı qələbəli, zəfərli yürüşə dəstək olmağa davam etmək düşür, çünki düşmən hər fürsətdən istifadə edir və düşmən yalnız erməni deyil, eləcə də onun dəyirmanına su tökməklə məşğul olanlar da həmin düşməndən heç də fərqlənmir!
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB