“Erməni yaraqlıları ruslar üçün də təhlükə mənbəyidir” TOFİQ ZÜLFÜQAROV
“Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin 2020-ci il 10 noyabr tarixli birgə Bəyanatında nəzərdə tutulmuş maddələrin bir çoxu icra edilsə də, etiraf edək ki, hələ icra edilməyən maddələr də var”. SİA xəbər verir ki, bunu sabiq xarici işlər naziri Tofiq Zülfüqarov sözügedən mövzu ilə bağlı mərbuata verdiyi müsahibəsində deyib. O, missal gətirərək bildirib ki, əsas məsələ Ermənistan ordusunun Azərbaycan torpaqlarından tam çıxarılmasıdır və bu proses mütləq getməli, bir nəfər belə erməni əsgəri Azərbaycanda qalmamalıdır.
Sabiq XİN rəhbəri qeyd edib ki, son günlər baş verən gərginliklərə səbəb olan bidir ki, yerli ermənilərdən ibarət hərbi birləşmələrin tərk-silah olunması və buraxılması mərhələsi tam icra edilməyib: “Halbuki bu, ən vacib məsələ idi. Hesab edirəm ki, bu məsələ 2021-ci ilin əvvəllərində öz həllini tapmalıdır. Bu prosesin bir neçə ay çəkə biləcəyini düşünürəm”.
“Son proseslər onu göstərir ki, qeyri-qanuni birləşmələr bölgədə problemə çevrilib”
Qeyri-qanuni birləşmələrin dərhal çıxarılmalı olduğunu bildirən Zülfüqarov, müşahidələrin gücləndirilməli olduğunu da deyib. Belə ki, bəyannaməyə görə, bu bölgədə təhlükəsizliyi Rusiya sülhməramlıları və Azərbaycan Silahlı Qüvvələri təmin etməlidir. Təhlükəsizliyin düzgün təmin olunmasına isə müşahidəçilər olaraq Rusiya və Türkiyə nəzarət etməlidir. SİTAT: “Xüsusilə Türkiyə. Son proseslər onu göstərir ki, qeyri-qanuni birləşmələr bölgədə problemə çevrilib. Əgər bir problem varsa, tez bir zamanda həll edilməlidir. Məndə olan məlumata görə, artıq müxtəlif yerlərdə başıboş erməni silahlıları rusiyalı sülhməramlılara da atəş açır, hücumlar təşkil edir. Bu xəbərlər nə dərəcə doğrudur, deyə bilmərəm, lakin reallıq ondan ibarətdir ki, erməni yaraqlıları Azərbaycana olduğu kimi, rus sülhməramlıları üçün də təhlükə mənbəyidir”.
“Ermənistan erməniləri müharibədən qaçan Qarabağ ermənilərini qəbul etmir”
Eks-nazir İrəvan erməniləri ilə Qarabağ erməniləri arasında baş verən ixtilaflardan və bu qarşıdurmaların dərinləşşməsindən də danışaraq bu faktın yaranma səbəblərini də şərh edib: “Bir məsələni də qeyd edim ki, bu gün həm Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında, həm də Qarabağ ermənilərinin öz daxilində ciddi fikir ayrılıqları, nifrət güclənməkdədir. Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasında gərginlik günbəgün artmaqdadır. Biz bunu sosial şəbəkələrdən də görürük. Ermənistan erməniləri müharibədən qaçan Qarabağ ermənilərini qəbul etmir. Digər tərəfdən, rəsmi İrəvan bu gün Qarabağ ermənilərini bir növ Azərbaycana güzəştə gedib. Yəni onların nə problemi, nə də dərdləri İrəvanı maraqlandırır. Diqqət edirsinizsə, əvvəllər Ermənistanda “Artsax” və ya “Artsax Ermənistandır” sədaları ucalırdı. Lakin artıq bu kimi şüarlar nəinki səslənmir, hətta Qarabağ erməniləri ittiham edilir. Xüsusilə bu gün erməni ictimaiyyəti övladlarının Qarabağda həlak olmasında Qarabağ ermənilərini də günahkar görür. Çünki bu gün erməni ictimaiyyətində belə bir fikir var ki, Qarabağ erməniləri yox, onların övladları döyüşüb həlak oldu. Tərəflər arasında qarşılıqlı ittihamlar səslənir”.
“Lokal əməliyyatlar davam edəcək”
Tofiq Zülfüqarov Qarabdağdakı separatçılar arasında da kəskin gərginliklərin yaşandığını bildirib və qeyd edib ki, artıq bir sıra qüvvələr ona tabe olmurlar: “Digər tərəfdən, bu gün Xankəndidə olan Araik Arutyunyanla bir zamanlar ona tabe olan separatçı silahlılar arasında da ciddi gərginliklər var. Bir çox hallarda bu qüvvələr ona tabe olmur, bu da azmış kimi elə onun özünü hədələyir. Göründüyü kimi, ermənilər arasında daxili ixtilaf günü-gündən güclənir. Düşünmürəm ki, 2021-ci ildə genişmiqyaslı bir müharibə yenidən baş versin. Sadəcə, lokal əməliyyatlar davam edəcək. Bölgədəki başıboş erməni yaraqlıları ya məhv olmalıdır, ya da tərk-silah olunmalıdır. Onlar törətdikləri cinayətlərə görə qanun qarşısında cavab verməlidirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB