''Ya Qarabağ, ya ölüm'' şüarı 32 il əvvəl siyasətə gəlmiş bir neçə səmimi hərəkatçının inandığı aparıcı ideologiya idi. Əksəriyyət isə “Qarabağ problemi”ndən hakimiyyət uğrunda mübarizədə vasitə kimi istifadə edir, siyasi möhtəkirliklə məşğul olurdu.Həmin dövrdə siyasətə gələnlərin bəziləri səmimi şəkildə hesab edirdi ki, taleyinə “xalqın xilaskarı”olmaq yazılıb və bu “müqəddəs missiya”nı yerinə yetirmək üçün hər şeydən, hətta qeyri-qanuni vasitələrdən də istifadə edə bilər və etməlidir.
Bu düşüncələr ona gətirib çıxardı ki, hakimiyyət uğrunda ölüm-dirim savaşı başladı və ilk olaraq 1992-ci ilin 5-6 martında A.Mütəllibov parlamentdə girov saxlanılaraq zopla hakimiyyətdən uzaqlaşdırıldı. Ali Sovetin binası önündə keçirilən azsaylı mitinqin (500-1000 adam toplaşmışdı və yol bağlanmamışdı) iştirakçılarından biri kimi istefa xəbəri məni də sevindirdi. Ancaq Mütəllibovu yıxanlar hakimiyyət yükünü üzərlərinə götürmək istəmədilər və təqribən 70 gün ölkədə hakimiyyətsizlik yaratdılar. Ermənilər bu vəziyyətdən istifadə edərək Şuşa və Laçını işğal etdilər. Sonrakı dövrdə üzləşəcəyimiz dəhşətli faciələrin əsası həmin hakimiyyətsizlik dövründə qoyuldu və bu günkü müxalifət məsuliyyəti heç vaxt üzərindən ata bilməyəcək.
Mütəllibovun hakimiyyətsizlikdən istifadə edib geri qayıtmaq cəhdi E.Məmmədovun fəal yardımı ilə AXC tərəfindən alındı və bu dəfə AXC hakimiyyət yükünü öz üzərinə götürmək qərarına gəldi. Lakin onların iqtidar ömrü cəmi 1 il çəkdi. Rəqibləri AXC-nin “doğma üsulları” ilə onları hakimiyyətdən uzaqlaşdırdılar. “AXC-Musavat iqtidarı” adlandırılan komanda sonradan bir neçə dəfə bölündü və onların bir hissəsi bu gün müxalifət cəbhəsində hakimiyyət uğrunda mübarizəsini davam etdirir.
Bu qüvvələrin xalqın içərisində populyar olan və milyonlarla olmasa da, heç olmasa onminlərlə insanın arxasınca getməsini təmin edəcək ideologiyası varmı? Yox.
Dünənə qədər Qarabağ probleminin həlli ilə əlaqədar bir proqram ortaya qoyulmuşdumu?
“Milli Şura”istisna olmaqla heç bir müxalif qurum ümumi sözlərdən, hay-küydən ibarət mətnlərdən başqa bir şey ortaya qoymadı.
Tək “Milli Şura”konkret proqram hazırladı(onun Azərbaycanda hazırlandığı ciddi şübhə doğurur)Ə.Kərimlinin vasitəsilə cəmiyyətə təqdim etdi. Maraqlıdır ki, həm onun tərəfdarları, həm siyasət cameəsi, həm də sevimli mətbuat nümayəndələrimiz bu dəhşətli “konsepsiyaya” heç bir əhəmiyyət vermədilər.
Milli Şura nə təklif edirdi?Xaricdə fəaliyyət göstərən televiziyaların birinə “Qarabağ problemi”ni necə həll etmək barədə danışan Ə.Kərimli deyirdi: “Mən bunu açıq ifadə eləyim ki, böyük savaşların əslində vaxtı keçib. İndi hər iki tərəf çox böyük silah arsenalı alıb. İndi böyük bir müharibə çox böyük itkilər deməkdir. İndi Azərbaycanın o qədər problemi var ki, indi biz əslində bilirsiz kursu nəyə götürməliyik. Biz Azərbaycanı xilas eləyib, demokratikləşdirib, Cənubi Qafqaz, bütövlükdə hamımız Avropa birliyinə inteqrasiya xətti götürməliyik. Rusiyanın münaqişəni davam və idarə etmək imkanları tükənməlidir. Ondan sonra Avropa birliyinin həmin o zontikinin altında, moderatorluğu altında ərazi bütövlüyü şərtilə bu problemlər öz həllini tapacaq”.
Ə.Kərimli “yerli istehsal”olmadığı şübhə doğurmayan bu fikirləri söyləyərkən görəsən “Rusiyanın münaqişəni davam və idarə etmək imkanlarının nə vaxt tükənəcəyini”, onun “forpostu” olan Ermənistanın bu asılılıqdan neçə ilə qurtara biləcəyini düşünürdümü?
Avropaya inteqrasiya xətti tutan Ukrayna və Gürcüstanın bu zaman nə qədər torpaq itkisinə məruz qaldığını və avropa liderlərinin tutduğu qorxaq mövqeyi xatırladımı? Təbii ki, düşünmədi və xatırlamadı. Əksinə olsaydı, problemin həllini ən azı 15-20 il geriyə atacaq bu təhlükəli “konsepsiyanı” heç vaxt səsləndirməzdi. Ortada nə qədər maddi və “mənəvi” maraqlar olsa da.
Müxalifətin başqa sahələrdə proqramları varmı?
Q,İbadoğlunun və N.Cəfərlinin arabir səsləndirdikləri iqtisadi mülahizələri nəzərə almasaq, ortada müzakirəyə layiq elə bir proqram və konsepsiya görünmür. Bir vaxtlar belə bir proqramı dəyərli alimimiz, professor Saleh Məmmədov hazırlamışdı və onun müəyyən elementləri sonrakı dövrlərdə hazırlanan dövlət proqramında öz əksini tapdı. Bəs, heç olmasa görüntü yaratmaq üçün müxalifət nəsə edirmi? Hakimiyyəti gecə-gündüz tənqid edir və bu heç bir ciddi mütaliə və araşdırma tələb etmədiyindən hamının “sevimli məşğuliyyətinə” çevrilib.
Bir də arabir “növbəlilik” əsasında “müxalifəti birləşdirmək” istiqamətində “qızğın fəaliyyət” başlayır və sonda, “birləşdiricilər” günah iş tutmuş adamlar kimi sakitcə gözdən yayınır və bir küncə cəkilirlər.
Qərargahında ilk və hələlik son “dəyirmi masa”nı keçirən Musavat partiyasından sonra “birləşdirmə növbətini” Ə.İnsanovun HƏP-i qəbul etdi. HƏP-in sədri yalnız ona məxsus tərzdə 6-7 ay əvvəl təkcə müxalifəti deyil, hətta hakimiyyəti də birləşdirəcəyini bəyan etdi və işin miqyasını nəzərə alıb danışıqlar aparmaq üçün “siyasətimizin veteranlarından” biri olan Z.Məmmədlini görəvləndirdi. Aradan 2 ay keçdi və Ə.İnsanov BBC News Azərbaycancanın qonağı olarkən yenə də “etimad hökuməti” xəyallarından danışdı, bu qurumda YAP-la yanaşı 4 müxalifət partiyasının iştirakını zəruri saydığını bildirdi və israrla həmin partiyaların adlarını çəkməkdən imtina etdi.
Ancaq siyasətdən az-çox anlayışı olanlar anladılar ki, o, müxalifət deyəndə Musavat partiyasında keçirilən “dəyirmi masa”nın 3 iştirakçısını- ev yiyəsini, AXCP-ni, HƏP-i nəzərdə tutur və bu partiyaların gözünə Q.İbadoğlunun rəhbərlik etdiyi hərakatı qatır.
HƏP sədri xüsusi təntənə ilə bəyan etdi ki, bu 4 partiya arasında 2 aydan artıqdır danışıqlar gedir və nəticə ondan ibarətdir ki: “liderlərin bir qismi bəyənib və bizimlə olmaq istəyir, bir qismi düşünürlər, fikirləşirlər, bir qismi də bir az başqa formada təklif eləyirlər”. Bu yerdə lap Ə.İnsanov sayağı:-“Budurmu, sizin apardığınız danışıqlar?!”, “Budurmu, sizin “etimad hökuməti”?!”-deməkdən özünü saxlayıb, düşünürsən ki, ən yaxın müttəfiqlərinlə 2 aydan artıq danışıq aparasan, ““etimad hökuməti”nin proqramları hazırdır, bir “hə”-verin, başlayaq”-deyəsən və sonra məlum ola ki, 3 nəfərdən biri “fikirləşir”, o biri də “bir az başqa formada təklif eləyir”.
Ə.İnsanov müsahibədə “yüngülcə hədələməyin” işə təkan verəcəyini düşünərək bəyan edirdi ki, “yeganə dinc yol” olan “etimad hökuməti”nin yaradılmayacağı təqdirdə digər partiyalarla birlikdə hərəkat formalaşdıracaq, zorakılığa yol vermədən (oğul istəyirəm anlasın: “dinc” mübarizənin “zorakılığa yol vermədən” aparılan mübarizədən fərqi nədir?) mübarizəni davam etdirəcəklərini elan etdi.
Bu gün artıq demək olar ki, gözlənildiyi kimi, Haqq Ədalət Partiyasının və Z.Məmmədlinin birləşdirmə cəhdləri də heç bir nəticə vermədi? Bəlkə, bu uğursuzluq, müəllifləri gizlədilən o “proqramlar”ın dərc edilməməsi ilə bağlı oldu? Bəlkə, qəhrəman ordumuzun uğurlu hərbi əməliyyatları “danışıqlara” mane oldu? Bəlkə də, “birləşdirilmək” istədiklərindən biri sadəcə xaricdən gələn pula kiminsə şərik olacağından qorxdu? Aydınlaşdırılmasına ehtiyacı olan suallar çoxdur. Bir şey aydındır. Müxalifətin məqsədi nə islahat proqramları hazırlamaqdır, nə birləşmək, nə də xalqı “ağ günə” çıxarılmaq. Məqsəd xaricdən gələn yardımlarla hakimiyyəti ələ keçirməkdir. Bu yolda isə ən səmərəli istismar mövzusu 32 ildir dəyişməyən ''Ya Qarabağ, ya ölüm'' olacaq. Tariximizin ən böyük qələbəsini qazandıqdan sonra siyasi möhtəkirlərə yenə meydan verəcəyikmi?
Abutalıb Səmədov,
Azərbaycan Naminə Alyans Partiyasının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB