Tarix yazan sərkərdə İlham Əliyevin doğum günüdür

Tarix yazan sərkərdə İlham Əliyevin doğum günüdür

Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür. SİA-nın məlumatına görə, dövlət başçısının 59 yaşı tamam olur.

İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub.

1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra, 1982-ci ildə İnstitutun aspiranturasına qəbul olub. 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi dərəcəsi alıb.

1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib.

1991-1994-cü illərdə özəl biznes sahəsində çalışıb və bir sıra istehsalat-kommersiya müəssisələrinə rəhbərlik edib.

1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. "Heydər Əliyevin neft strategiyası"nın həyata keçirilməsində fəal iştirak edib.

İki dəfə 1995-ci ildə və 2000-ci ildə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib.
1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin prezidentidir (2016-cı ildə dövlət başçısı bu vəzifəyə yenidən seçilib).

1999-cu ildə hakim Yeni Azərbaycan Partiyasının sədr müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib.

2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.

2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyasının sədr müavini, AŞ PA-nın Büro üzvü seçilib.

2003-cü ildə Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib. Həmin il avqustun 4-də Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təsdiq edilib.

2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib. 2003-cü il oktyabrın 31-də vəzifəsinin icrasına başlayıb.

2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə seçicilərin 88,73 faiz səsini toplayan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. Həmin il oktyabrın 24-də vəzifəsinin icrasına başlayıb.

2013-cü il oktyabrın 9-da İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini (84,54 faiz) qazanaraq beş il müddətinə Azərbaycan Respublikasının Prezidenti seçilib. Oktyabrın 19-da vəzifəsinin icrasına başlayıb.

2018-ci il aprelin 11-də keçirilən Azərbaycan Prezidenti seçkilərində İlham Əliyev seçicilərin 86,02 faiz səsini toplayaraq inamlı qələbə qazanıb. Həmin il aprelin 18-də vəzifəsinin icrasına başlayıb.

Azərbaycan xalqı sabitliyə, dayanıqlı sosial-iqtisadi inkişafa, tərəqqiyə, müstəqil siyasətə səs verməklə azad və demokratik Azərbaycan Respublikasının xoşbəxt və firavan gələcəyini təmin edib. Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin olunması baxımından olduqca təsirli və əhəmiyyətli hesab edilir.

Prezident İlham Əliyevin fəaliyyətinin bariz göstəricilərindən biri Dünya Bankının “Doing Business 2020” hesabatıdır. Bu hesabata əsasən Azərbaycan 20 ən islahatçı ölkə sırasına daxil olub. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında ölkə hökumətin uzunmüddətli strategiyası üzrə 10-cu, islahatlara yönəlmə səviyyəsi üzrə 5-ci yeri tutub.

“U.S.News” jurnalının tərtib etdiyi ən güclü ölkələr reytinqində Azərbaycan 80 ölkə arasında 45-ci yerdə qərarlaşıb.

2020-ci il Prezident, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətin ən parlaq zirvəsi oldu.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-dən başlayaraq 44 gün ərzində Azərbaycan ərazilərini erməni işğalçılarından azad edib. 30 ildən sonra işğaldan azad edilmiş torpaqlarımızda indi üçrəngli bayrağımız dalğalanır.

Prezident İlham Əliyev bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən Müharibəsi Xalq-Prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. Dövlətimizin başçısı Vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən Prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu - Torpaqlarımızdan rədd olub getmək.

44 gündə 5 şəhər, 4 qəsəbə, 300-ə yaxın yaşayış məntəqəsi, xeyli sayda strateji yüksəkliklər döyüşlə işğaldan azad edildi. Təkcə noyabrın 9-da 70-dən çox kənd düşməndən təmizləndi.

Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.

Başa çatmaqda olan il ərzində Azərbaycanın mövqeləri həm dünya siyasi arenasında, həm də ticari-iqtisadi münasibətlər baxımından daha da möhkəmləndi. Azərbaycanın beynəlxalq nüfuzu daha da gücləndi və bunun sayəsində tərəfdaşlar ölkəni güclü, müstəqil və etibarlı oyunçu kimi qəbul edir.

Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.

"SƏS" İnformasiya Agentliyinin kollektivi Prezident İlham Əliyevi ad günü münasibətilə səmimi-qəlbdən təbrik edir, can sağlığı, uzun ömür arzulayır!

Bütün xəbərlər Facebook səhifəmizdə