“ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyalar gözlənilən idi. Bu sanksiyalar Türkiyənin Rusiyadan aldığı S-400 raketləri ilə əlaqəlidir. Ancaq bu izdivacın günahkarı elə Amerikanın özüdür. Çünki, Türkiyə oxşar raket sistemlərini Amerikadan almaq istəyirdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğana raket sistemlərini Türkiyəyə satacağını söz versə də, vədini yerinə yetirmədi. Bundan sonra Ankara Moskva ilə danışıqlara başlamaq məcburiyyətində qaldı və S-400 raketləriylə bağlı razılaşma əldə etdi.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.
Mərkəzin rəhbəri diqqətə çatdırıb ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiyaları iki hissədən ibarətdir.
“Birincisi, ABŞ Türkiyənin müəyyən etdiyi şəxslərə qarşı sanksiya tətbiq edib. Həmin şəxslər Türkiyənin müdafiə sənayesinə rəhbərlik edənlərdir. Onların ABŞ-dakı mal varlıqları dondurulacaq, viza verilməyəcək. Amerika bu növ sanksiyanı əvvəllər də müxtəlif türkiyəli rəsmilərə qarşı tətbiq edirdi. Ancaq bu növ sanksiyaalrın heç bir mənası yoxdur. Çünki həmin şəxslər nə Amerikaya səfər etmək marağındadır, nə də Amerikada mal varlıqları var.
İkincisi, Türkiyə ABŞ-dan ixracat lisenziyalarını, eləcə də ABŞ-a bağlı maliyyə qurumlarından kredit ala bilməyəcək. Məlumdur ki, Türkiyə müdafiə sənayesi son illər xeyli inkişaf edib. Buna baxmayaraq, son illərə qədər Türkiyə müdafiə sənayesinin istehsal etdiyi hərbi texnikanın vacib detalları Amerikadan alınırdı. Sanskiyaların tətbiqindən sonra bu mümkün olmayacaq. Ancaq Ankara üçün bu da çox böyük problem yaratmayacaq. Çünki, mümkün sanksiyaları ehtimal edən Ankara həmin detalların ya istehsalına başlayıb, ya da istehsalına yaxındır. Məsələn, bir neçə gün əvvəl Türkiyə helikopterlərin mühərriklərini də istehsal etməyə başlayıb və bununla bağlı keçirilən tədbirdə Türkiyə prezidenti Rəcəb Təyyub Ərdoğan da iştirak edib.
Donald Trampın türkiyəli həmkarıyla münasibətləri normal idi. Ancaq Amerikada bütün qərarlar prezidentdən asılı deyil. Bəlkə biznesmen kimi Tramp Türkiyəyə bahalı hərbi təyyarələr və raket sistemləri satmaq istəyərdi. Ancaq Konqress, Pentaqon və Mərkəzi Kəşfiyyat İdarəsi buna mane oldu.
Donald Trampdan fərqli olaraq ABŞ-ın yeni prezidenti Cozef Baydenin Türkiyəyə münasibəti tənqidirir və o sanksiyaları dəstəkləyir. Buna görə də Bayden prezident olduqdan sonra Türkiyəyə qarşı sanksiyalardan imtina etməyəcək.
Ankara mövcud sanksiyalara baxmayaraq, Baydenlə normal münasibətlər qurmağa hazırdır. Əlbəttə, Vaşinqtonun Türkiyənin düşmənlərinə - PKK və Fətullah Gülənə verdiyi dəstək Ankaranı hər zaman narahat edib. Ancaq Ankara Vaşinqtonla dialoqdan imtina etməyəcək. Vaşinqton da Türkiyənin bölgədə oynadığı rolu nəzərə alaraq Ankara ilə dialoqdan qopmayacaq.
Buna baxmayaraq, son illər ABŞ və Türkiyənin maraqları kəsişir. Bu Rusiyanın da maraqlarına uyğundur. Təsadüfi deyil ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ-ın Türkiyəyə qarşı sanksiya qərarını tənqid edib. ABŞ-ın və Avropanın Rusiya və Türkiyəyə qarşı sanksiyaları bu iki dövləti bir-birinə yaxınlaşdırır. Bu yaxınlaşma Azərbaycanın da maraqlarına uyğundur. Rusiya və Türkiyə Cənubi Qafqaza sərhədi və təsir imkanları olan dövlətlərdir. Dağlıq Qarabağ məsələsinin Azərbaycanın xeyrinə tam həll olunması üçün Moskva ilə Ankaranın əməkdaşlıq etməsi bizim üçün faydalıdır”, deyə Elxan Şahinoğlu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB