"Bu gün Türkiyəyə Cənubi Qafqazda daha aktiv siyasət aparmasına təkan verən dövlətlərdən biri Britaniyadır. Britaniya müəyyən mənada Cənubi Qafqazdakı maraqlarını Türkiyə ilə əməkdaşlıq vasitəsilə həyata keçirməyə çalışır. İngiltərə vaxtilə Rusiyanın türk dövlətlərində möhkəmlənməsinin qarşısını almaq üçün Osmanlı faktoruna müraciət edirdi. Hələ Rusiya XIX əsrdə Kokanda, Buxara Əmirliyinə hücum edəndə, Türkmənistan istiqamətində istila planlarını həyata keçirəndə Britaniya Osmanlı vasitəsilə rusların irəliləməsinin qarşısını almağa çalışıb. Britaniyanın Krım müharibəsində Türkiyə ilə əməkdaşlığı Rusiyanın məğlubiyyətinə gətirib çıxarıb. Beynəlxalq münasibətlər tarixində ilk dəfə Rusiyanın təşəbbüsü ilə erməni məsələsi 1878-ci ildə Berlin Konfransında müzakirəyə çıxarılanda Türkiyə bu məsələni gündəmdən çıxarmaq üçün Britaniya ilə razılaşaraq, Kipri ona güzəştə gedib". SİA xəbər verir ki, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Politoloqun sözlərinə görə, Türkiyə və Britaniya arasındakı bu qarşılıqlı anlaşmalar tarixi münasibətlərə söykənir: "Bu anlaşmalar həm də qarşılıqlı maraqlardan irəli gəlir. Türkiyənin Cənubi Qafqazda fəal mövqe sərgiləməsi Britaniya kəşfiyyatının rəhbərinin Ankara ilə görüşlərindən sonra mümkün olub. Conson da Ərdoğana o zaman zəng etdi ki, Türkiyənin bu müharibədə belə aktiv mövqe sərgiləyəcəyi bəlli deyildi. Conson bütün Qərb liderlərini qabaqlayaraq, perspektivdə Cənubi Qafqazda baş verə biləcək hadisələri Ərdoğanla müzakirə etdiyini istisna etmirəm. Əlbəttə, Britaniyanın bu görünməz fəallığı bölgədə reallaşdırılacaq geosiyasi layihələrdə iştirak etmək istəyindən irəli gəlir. Unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və Türkiyənin Cənubi Qafqazda möhkəmlənməsi və onun perspektivdə Xəzər hövzəsinə çıxması Mərkəzi Asiya istiqamətində irəliləməsi anlamında qəbul olunmalıdır. Şübhəsiz ki, bu da Rusiyanın maraqlarına cavab vermir. Başqa sözlə, Britaniya Türkiyə vasitəsilə Rusiyanın Cənubi Qafqaz və Mərkəzi Asiyaya təsir imkanlarını məhdudlaşdırmağa çalışır. Britaniyanın hədəfi Azərbaycandan sonra zəngin resurslara malik olan Türkmənistana çıxmaqdır. Bu mənada, Britaniyanın ABŞ-ı qabaqlayaraq, müəyyən addımlar atacağını istisna etmirəm. Vaxtilə Səudiyyə Ərəbistanı məsələsində də bu rəqabət özünü göstərmişdi. Nəticədə Britaniya ABŞ-la Səudiyyə məsələsində əməkdaşlıq etməli oldu".
Ekspert bildirib ki, 1951-ci ildə İranda hakimiyyət dəyişikliyi baş verdikdən sonra neft sektoru “Britiş Petrolium”dan alınaraq, İran dövlətinin nəzarətinə qaytarıldı: "Britaniya da bunu bağışlamadı. “Britiş Petrolium”un mövqeyi Britaniya dövləti üçün əhəmiyyət kəsb edir. Çünki Britaniya büdcəsinin formalaşmasında BP-nin özünəməxsus imkanları var. Hətta Qarabağ müharibəsinin gedişində Baronessa Koksun ermənipərəst layihəsinin Britaniya parlamentindəki müzakirələrinin qarşısını BP aldı. Türkiyənin istəyi də burada müstəsna əhəmiyyət kəsb etdi. Başqa sözlə, Britaniya özünün Cənubi Qafqaz və Mərkəzi Asiyadakı maraqlarını həyata keçirmək üçün Türkiyə ilə əməkdaşlıqda maraqlıdır".
E.Manafov hesab edir ki, Rusiyanın Türkiyəyə, Türkiyənin də Rusiyaya istər Suriya, istər Liviya, istərsə də Cənubi Qafqazdakı problemlərin həllində ciddi ehtiyacı var: "Əlbəttə, təhriklərə baxmayaraq, tərəflər bir-biri ilə Cənubi Qafqazda qarşıdurmaya getməyəcəklər. Azərbaycan dövləti də bu qarşıdurmanın baş verməməsi üçün əlindən gələni edəcək. Çünki Rusiya və Türkiyə arasındakı qarşıdurma Cənubi Qafqazda təhlükəsizliyin və sabitliyin pozulması demək olardı. Qərb də bunda maraqlı deyil. Çünki Azərbaycana, xüsusən də neft-qaz sektoruna kifayət qədər investisiya qoyulub, kapital isə təhlükəsizliyin təmin olunmasını tələb edir. Bu mənada, proseslərin Türkiyə və Rusiya arasında qarşıdurmaya səbəb olacaq həddə gətirilməsi Qərbin transmilli korporasiyalarının və Azərbaycanın maraqlarına uyğun gəlmir. Əlbəttə, Rusiyanın Cənubi Qafqaza təsir imkanlarını zəiflətmək üçün ABŞ, Böyük Britaniya, NATO və digər güclər ardıcıl və düşünülmüş şəkildə gedişlər edəcəklər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB