Bakıda Fransa universitetinin əvəzinə İtaliya universiteti olsa nə baş verər? - ŞƏRH ÖZƏL

Bakıda Fransa universitetinin əvəzinə İtaliya universiteti olsa nə baş verər? - ŞƏRH ÖZƏL

"Prezident İlham Əliyev İtaliya parlamentinin rəhbərliyini qəbul edərkən Bakıda Azərbaycan-İtaliya Universitetinin yaradılması barədə maraqlı fikir söylədi. İtaliya bizə həqiqətən dost və dürüst ölkə olduğu üçün Universitet ideyası lap yerindədir. Ancaq son illərdə Bakıda Fransa məktəbi, hələ Fransa Universiteti də yaradılıb. Fransa son vaxtlar bizim xalqımızın və dövlətimizin bu etimadına haqq etmədiyini məlum davranışlarla tam ortaya qoydu. Bəlkə Fransa məktəbi və Fransa Universiteti ilə bağlı tələsməyək və İtaliya Universitetini qabağa salaq? Onları hətta əvəzləmək də olar. Fransa Universitetinin yerində İtaliya Universiteti. Necə olar?". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi şərhçi Aydın Quliyev deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanda Fransa Universitetinin əvəzinə İtaliya Universiteti açmaq, ya Fransa Universitetini kölgədə buraxmaq heç bir halda Azərbaycanın Fransaya qarşı qisasçılığı kimi yozulmamalıdır: "Burada qisas motivləri yox, ölkənin xarici siyasətinin xarici iqtisadi əlaqələr sahəsində fəaliyyətlə daha səmərəli əlaqələndirilməsindən gedir. İllər öncə biz bir sıra arqumentlərə görə Fransa ilə diplomatik münasibətlərə çox vacib istiqamətlərdən biri kimi baxırdıq və sözsüz ki, bu baxış altında Fransa ilə iqtisadi, elm, təhsil və digər sahələrdə də əməkdaşlıq prioritet xarakter almağa başlayırdı. Bu gün Fransa ilə diplomatik-siyasi münasibətlərdə yaxşı perspektivə yönəlik nələrsə baş vermir, əksinə, bu münasibətlərin perspektivi daha çox pessimist müstəviyə keçir. Belə şəraitdə Fransa ilə Azərbaycanın elm, təhsil və humanitar sahədə üstün əməkdaşlıq meylləri öz cəmiyyətimizdə əsaslı suallar yarada bilər. İndi cəmiyyətimiz özü suallar verir ki, niyə Bakıda Fransa Universiiteti olmalıdır? Niyə daha dost ölkə olan İtaliya Universiteti olmasın? Bir neçə il əvvəl Bakıda Misirin diktator prezidenti Hüsnü Mübarəkin adına məktəbi və onun heykəlini götürməyimiz çox düzgün addım idi, cəmiyyətimiz dəstəklədi ki, əli öz xalqının qanına batmış bir şəxsin heykəli Bakıda niyə "əziz-xələf" olmalıdır?! Göründüyü kimi, siyasətdə də, cəmiyyətin yanaşmalarında da dəyişikliklər təbii olaraq baş verir və bu normaldır. Həm də bu dəyişmələrdə məsuliyyəti dövlətlər və xalqlar yox, konkret şəxslər və hakimiyyətlər daşıyır. Misirin timsalında məsuliyyət tam şəkildə Mübarəkin və onun hakimiyyətinin üzərindədir. Fransanın timsalında isə məsuliyyət Makronun və onun hakimiyyətinin üzərindədir".

A.Quliyev vurğulayıb ki, Bakıda Fransa Universitetini İtaliya Universiteti ilə əvəzləmək çətin günlərdə Azərbaycana dost münasibət göstərmiş ölkələrin haqqına hörmət əlaməti kimi də dəyərlidir: "Eyni zamanda bu, çətin anlarda Azərbaycana dost olmaq istəyən ölkələrin sayına da müsbət təsir göstərəcək. Bakıda İtaliya Universiteti tək təhsil müəssisəsi yox, Azərbaycanın çətin günlərinin dost və qeyri-dost ölkələri üçün həm də "dərs müəssisəsi" olacaq. İtaliya Universitetinin Fransa Univetsitetinin yerində açılması isə "dərsin" təsirini daha da artıra bilən amildir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə