"“YAŞAT” Fondunun yaradılması haqqında Fərman xüsusi önəmə malikdir" ÖZƏL-MÜNASİBƏT

"“YAŞAT” Fondunun yaradılması haqqında Fərman xüsusi önəmə malikdir" ÖZƏL-MÜNASİBƏT
"Bu günlərdə Azərbaycan xalqı Zəfər günlərini yaşayır. Xalqımız bu günlərdə böyük birlik və həmrəylik nümayiş etdirərək düşmən üzərində möhtəşəm qələbəsini təmin etdi". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib. Deputatın sözlərinə görə, hazırda qarşıda yeni mühüm vəzifələr durur: "Bu günlərdə baş verənləri ciddi təhlil etmək, nəticə çıxarmaq və bu qələbənin reallaşmasında payı olan heç kəsi unutmamaq. Digər vacib məsələ isə şəhid və qazi ailələrinə yüksək dəstəyi təmin etmək, onları daimi diqqət və qayğıda saxlamaq. Artıq bu istiqamətdə ciddi işlərə başlanılıb. Dövlət ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirir. Azərbaycanda şəhid və qazilərə dövlət səviyyəsində hər zaman yüksək diqqət və qayğı olub. Bu kateqoriyadan olan insanlar hər zaman dövlətin diqqət və qayğısı ilə tam əhatə olunublar. Bununla yanaşı ölkə vətəndaşları da bu kateqoriyadan olan insanlara hər zaman həssaslıqla yanaşıblar. Bu yanaşma özünü daha qabarıq formada İkinci Qarabağ savaşında açıq büruzə verdi. Xalqımız qazi və şəhid ailələrinə böyük diqqət və qayğı göstərdi, öz maddi və mənəvi dəstəklərini onlardan əsirgəmədilər. Bu Azərbaycan xalqının böyüklüyünü bir daha təsdiq edir. Bu baxımdan Prezident İlham Əliyevin Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun ("YAŞAT" Fondu) yaradılması haqqında bu gün Fərman imzalaması xüsusi önəm daşıyır. Qeyd etdiyimiz kimi dövlət bu kateqoriyadan olan insanların ailələrinin maddi durumunun yaxşılaşdırılması istiqamətində bütün zəruri addımları atır. Bu qərar bu sahədə vətəndaş cəmiyyətinin iştirakının və şəffaflığın təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Fərmanda da qeyd olunduğu kimi, Fondun yaradılmasında əsas məqsəd bu kateqoriyadan olan şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi (maliyyə yardımlarının göstərilməsi və digər dəstək tədbirlərinin həyata keçirilməsi) üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılmasıdır. Sözsüz ki, bu Fərman həmin kateqoriyadan olan insanlara diqqət və qayğının artırılmasında, onların problemlərinin mərkəzləşdirilmiş qaydada həllində ciddi rol oynayacaq. Bu Fərman eyni zamanda, dövlətin xüsusilə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu kateqoriyadan olan insanları hər zaman diqqətdə saxladıqlarının göstəricisidir".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə