"Yaratdığımız yeni reallıqları hər kəs dərk etməli və qəbul etməlidir"

Vüqar Seyidov

YAP Suraxanı rayon təşkilatının sədri

Laçın rayonun işğaldan azad olunması ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü faktiki olaraq tam təmin edilmişdir. Bu məqsədlə mən bütün Laçınlıları və Azərbaycan xalqını təbrik edirəm. Bu tarixi hadisədir. Xüsusən də Ağdam, Kəlbəcər və Laçın rayonlarının bir güllə belə atılmadan, şəhidsiz geri alınması çox böyük uğurdur. Lakin biz bunu sülh yolu ilə həll adlandıra bilmərik. Çünki uzun illər davam edən danışıqlar prossesində Laçın və Kəlbəcər rayonlarının coğrafi mövqeyi bu rayonların ermənilər tərəfindən geriyə verilməsi şansını sıfıra endirirdi. Danışıqların tərəfləri və dünyada bu problemin həllində maraqlı olan dövlətlər işğalçı Ermənistanı dəstəkləyir, onun ağılasığmaz fərziyyələrini mümkün həll kimi qələmə verirdilər.

Cənab Prezidentin özünün də dediyi kimi Laçın rayonunu düşmən vermək istəmirdi. 1,8 min kv km əraziyə, meşə örtüyünə, yeraltı və yerüstü sərvətlərə malik Laçın rayonu bizim gələcək inkişafımızda müstəsna rol oynayacaqdır. İşğaldan azad olunmuş rayonlarda uzunluqları 100 km-dən artıq olan çayların öz başlanğıclarını götürməsi gələcəkdə həmin ərazilərin bərpa prosesinə ciddi kömək olacaqdır. Eyni zamanda da işğaldan azad olunan ərazilərin böyük kənd təsərüffatı və turizm potensialları vardır ki, bu da bölgənin yenidən inkişafına öz töhfəsini verəcəkdir. Laçın rayonun əhalisinin sayı son 28 ildə 50 min nəfərdən 80 min nəfərə çatmışdır və ən əsas məqsəd tez bir zamanda həmin əhalinin Laçın rayonuna köçürülməsinin təminidir.

Əlbəttə, danışıqların mərkəzində həmişə torpaqlarımızın işğaldan azad olunması dayanıb. Lakin bu məsələyə müxtəlif və fərqli prizmalardan baxanlar var idi. Ermənistanla Xankəndində yaşayan Azərbaycan vətəndaşı olan ermənilərin fiziki əlaqəsini təmin edən Laçın dəhlizi danışıqlar prossesində Laçın rayonunun azad olunması məsələsinə qarşı tam fərqli yanaşma ortaya qoyurdu. Ermənistan Laçın və Kəlbəcəri qaytaracaqları təqdirdə “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyini tanımağı tələb edirdi. Orada keçiriləcək qondarma rejimin təşkil edəcəyi referendumun nəticələrini tanımağa bizi məcbur edirdilər. Əhalinin öz müqqədaratını təyin etmək hüququ ilə ərazi bütövlüyünün təmin olunması prinsiblərinin eyni müstəvidə tutulması qəbul olunmaz bir amildir ki, bunu heç vaxt Azərbaycan Respublikası və Prezidenti qəbul etməmişdir. Erməni havadarları Birinci Qarabağ müharibəsinin məğlubu kimi bizim ətraf beş rayonla kifayətlənməli olduğumuzu deyirdi. Onların baxış bucağı ilə nə vaxt status məsələsi həll olunsa, Laçın və Kəlbəcərin də qayıdışı məsələsi müzakirə oluna bilərdi. Əldə etdiyimiz məlumatlara görə Ermənistan çox ciddi və qeyri-qanuni məskunlaşdırma aparmaqla 10 mindən çox adamı Laçın rayonunda yerləşdirmişdi. Belə olan təqdirdə bu adamlar heç vaxt öz xoşları ilə bu ərazilərdən çıxmazdılar.

Müharibədə əldə etdiyimiz hərbi qələbə və əzici zəfərimiz düşmənin məğlub olmasına səbəb oldu. Onlar ərazilərimizdən çıxmağa sadəcə məcbur oldular. Ermənilər ərazilərimizə gəlmələrdirlər. Etdikləri bütün qeyri-adekvat hərəkətlər göstərir ki, ermənilər Qafqaz xalqı deyillər. Qafqaz kişisinin sözü ilə hərəkəti mütənasibdir. Qafqaz qadını ləyaqət simvoludur. Qafqazlı heç vaxt qonşusuna, onun namusuna, malına, ləyaqətinə göz tikməz. Son 30 ildə və ondan öncəki bir əsrdə ermənilərin etdikləri hərəkətlər qətiyyən nəcib və alicənab qafqazlı xüsusiyyətlərini özündə ehtiva etmir. Ağdam haqqında ümumiyyətlə danışmaq, oradakı dağıntılar haqqında düşünmək sadəcə ürək ağrısıdır. Laçın və Kəlbəcəri tərk edərkən isə həyata keçirdikləri barbarlıqlar bir daha sübut etdi ki, ermənilərdə Qafqaz xalqlarından əsər, əlamət yoxdur. Bunu cənab Prezident də xüsusi qeyd etmişdir. Bütün dünyaya öz simalarını bir daha sübut etmiş oldular. Hesab edirəm ki, onların ifşası davam edəcəkdir.

Laçın dəhlizi məsələsi və bəyanatın ilk versiyaları haqqında fikirlərini bildirən cənab Prezident bəyanatın hazırlanması barəsində bəzi vacib məqamlara da toxundu. Belə ki, ilkin variantda 30 km, daha sonra isə 10 km enlikdə olması təkid edilən dəhlizin eninə ciddi etiraz edən dövlət başçısı sonda 5 km enliyin bəyanata salınmasına nail olmuşdur. Daha sonra ermənilər bu ərazilərin özlərinin nəzarətində qalmasını tələb edirdilər. Əlbəttə, qalib ölkə kimi biz buna razı ola bilməzdik. Dəhlizin Rusiya sülhməramlılarının nəzarətinə keçməsi özü belə böyük siyasi-diplomatik uğurdur. İndi yeni bir dəhlizin parametrləri gündəmdədir. Üç il ərzində inşa olunacaq bu yolu biz qısa bir müddətdə istismara verə verə bilərik. Bununla da sülhməramlıların nəzarətində qalan Laçın şəhərinə də biz qısa zamanda qovuşacağıq.

Biz regionda yeni reallıqlar formalaşdırdıq. Biz illərdir BMT qətnamələrinə edilən hörmətsizliyə son qoyduq. Biz yeni nümunələr meydana gətirdik. İndi dünyanın bütün problemli regionları bizim nümunələri öyrənir, təcrübələrimizdən faydalanırlar. Çünki artıq bizim bu sahədə yaxşı təcrübəmiz var. Biz ordumuzu daha da inkişaf etdirmək və qüdrətlənmək üçün yenidən bir yumruq kimi birləşirik. Əlbəttə, Qarabağ müharibəsi və münaqişəsi bitmişdir. Lakin müəyyən zaman lazımdır ki, iki xalq arasında ədavət aradan qalxsın. Rusiya dövləti və cəmiyyətinin hər iki xalqla ciddi tarixi münasibətləri və keçmişləri vardır. Məhz bu səbəbdən Rusiya sülhməramlılarının bölgədə olması və Türkiyə sülhməramlıları ilə prosesə birgə nəzarət etmələri çox təbii hadisədir. Cənab Prezident bəyanatın bəndlərini şərh edərkən bu məqama da xüsusi toxunmağı məhz bu səbəbi özündə ehtiva edirdi. Hər bir erməni millətindən olan Azərbaycan vətəndaşı əlbəttə ki, öz yaşadıqları ərazilərə qayıtmalı və geriyə dönəcək azərbaycanlı qonşuları ilə yenidən mehriban yaşamalıdır. Qarabağda yenidən erməni və azərbaycanlı icmaları bərabər qonşuluq münasibətləri çərçivəsində mütləq yaşayacaqlar. Bu, günümüzün reallığı və tarixin diqtəsidir. Regionda bir daha kimsə sükutu və sülhü poza bilməz. Bölgədə sülhün və təhlükəsizliyin yeganə qarantı isə qüdrətli Azərbaycan ordusudur. Heç kim Ermənistanla danışdığı tonda və üslubda Azərbaycanla danışa bilməz. Azərbaycan beynəlxalq münasibətlərin subyekti, Ermənistan isə obyektidir. Yaratdığımız yeni reallıqları hər kəs dərk etməli və qəbul etməlidir.

Biz 44 günlük qələbə üçün 30 il çalışdıq. Biz dayanmayacağıq. İnkişaf və tərəqqi dövrünü daha böyük əzmlə davam etdirəcəyik. Qarabağda yaşayan erməni millətindən olan Azərbaycan vətəndaşları özləri öz gələcəklərini seçəcəklər. Nağıllarda deyildiyi kimi işıq düşən, su gələn yer məhz inkişafın mərkəzi olan Azərbaycan Respublikasının bayrağının altında və Azərbaycan qaydaları ilə öz milli və dini kimliklərini saxlamaqla yaşamaqdadır. Bu, bugünün və gələcəyin ən böyük reallığıdır. Artıq strateji layihələr başlanılıb. Bərdə-Ağdam və Horadiz-Zəngilan dəmiryolu, Füzuli-Şuşa avtomobil yolu və digər infrastruktur layihələr bugünün və sabahın reallıqlarını formalaşdıracaq. Hər bir erməni vətəndaşımız yarım saata Ağdama gedib müasir dünyadan faydalanmağı on saatlarla yol gedib geridə qalmış Ermənistandan nəyi isə almaqdan əlbəttə ki, üstün tutacaqdır. Bütün istiqamətlər üzrə dəyərləndirmələr aparılır və Rusiya ilə müzakirələr davam etdirilir. Ermənistan dövlətinin özünə məxsus düşmənçilik meyillərindən başqa heç bir əlaməti yoxdur. Bir ölkə kimi bütün suveren hüquqlarını xarici dövlətlərə vermək məcburiyyətində qalan Ermənistan son 44 günlük müharibənin nəticəsində məhv olmaq təhlükəsi ilə üz-üzə qalmışdır. Bugünə qədər bütün layihələrdən kənarda qalan Ermənistanı dalan adlandıran cənab Prezident onun bu hala salınmasına əsas səbəb kimi qonşusuna qarşı aqressiya siyasətinin və təcavüzkar niyyətlərinin olmasını bəyan etdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...