Paşinyanın yerini kim tutur? MARAQLI MƏQAMLAR

Ermənistan müxalifəti baş nazir postuna namizədini açıqlayıb. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə “Rodina” partiyasının idarə heyətinin üzvü Robert Arutyunyan deyib.

O, bildirib ki, Nikol Paşinyan əvəzinə baş nazir postuna tək müxalifət namizədi keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyan olacaq.

Qeyd edilir ki, Ermənistandakı müxalifət dairələrindəki "İnterfaks" ın mənbələri də bu adı çəkiblər.
"Vazgen Manukyan Ermənistan Keçid Hökumətinin baş naziri vəzifəsinə vahid namizəd olacaq" deyə agentliyin mənbəyi bildirib.

Qeyd edək ki, Manukyan, 27 oktyabrda, Dağlıq Qarabağda döyüşlərin başlamasından bir ay sonra hökuməti istefaya və hakimiyyəti orduya təhvil verməyə çağırıb.

"Bu hökumət istefaya getməli, bütün hakimiyyəti orduya verməli və nəticələri dağıdıcı ola biləcək sarsıntılar olmadan könüllü şəkildə bunu etməlidir", deyə Manukyan bəyan etmişdi.

Xatırladaq ki, son həftələrdə İrəvanda 17 müxalifət partiyası tərəfindən Paşinyanın istefasını tələb edən etirazlar təşkil edilməkdədir. Qeyd edək ki, 9 noyabrda Paşinyan tərəfindən Rusiya və Azərbaycan liderləri ilə Dağlıq Qarabağdakı hərbi əməliyyatların dayandırılması barədə Azərbaycanın xeyrinə bəyanat imzalaması siyasətçiləri və sıravi vətəndaşları hiddətləndirib və bu da işğalçı ölkənin baş nazirinə qarşı istefa tələbi ilə nəticələnib. Görünür, erməni cəmiyyəti Paşinyanın öz postunu tərk etməsi tələbindən əl çəkmək niyyətində deyil və bu da ondan xəbər verir ki, erməni baş nazir mütləq öz postundan əl çəkməli olacaq. Hətta Ermənistan ictimaiyyəti onun yerinə kimi təyin olunacağını da müəyyən edib, daha dəqiq desək, qəbul edib və keçmiş baş nazir və müdafiə naziri Vazgen Manukyanın bu postu tutacağı ehtimalı daha çoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə