“Rusiya diplomatları keçmişdə də Qarabağı Azərbaycandan kənarda tutan layihələri dəstəkləməyiblər” Jirayr Lipartyan

“Bu bəyannamənin iki izahı ola bilər. Biri pessimistdir və əsasən də, həqiqəti əks etdirir. Ancaq o qədər pessimistdir ki, insanlar onu çətin qəbul edəcəklər. Beləliklə, atəşin kəsilməsi ilə bağlı bəyanat Qarabağ mövzusunu faktiki olaraq bağlayır. O, bunu birbaşa əks etdirməsə də, Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır və Ermənistanın baş naziri Paşinyan onu imzalayıb və onu heç kim dəyişməyəcək”.

SİA xəbər verir ki, bunu Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın müşaviri 1991-1997-ci illərdə Qarabağ danışıqlarının iştirakçısı, Miçiqan universitetinin professoru Jirayr Liportyan BBC-nin rus versiyasına müsahibəsində deyib.

Onun sözlərinə görə, azərbaycanlılar geri dönəcəklər və Azərbaycan hakimiyyəti daha çox insanın geri qayıtması üçün maksimal dərəcədə çalışacaq. “Axı biz istəyirik ki, bizim soydaşlarımız, qarabağlı ermənilər geri dönsünlər. Ancaq onlar belə bir Qarabağa qayıtmağa hazır olacaqlarmı?”, deyə erməni siyasət adamı sual edib.

“Qarabağ Azərbaycanın tərkib hissəsidir”

“Başqa tərəfdən – Rusiya maraqlıdır ki, daha çox erməni geri dönsün... Ancaq Putin və başqa dünya liderləri deyəndə ki, Qarabağın statusu müəyyən olunmayıb, əslində, onlar bu ifadələri ilə Qarabağın müstəqilliyini nəzərdə tutmurlar. Onlar artıq bunun mümkün olmadığını deyir, təsdiq ediblər ki, Qarabağ Azərbaycanın tərkib hissəsidir. Onlar bunu dəqiq müəyyən ediblər”, deyə Lipartyan bildirib və qeyd ediblər ki, Rusiya diplomatları keçmişdə də Qarabağı Azərbaycandan kənarda tutan layihələri dəstəkləməyiblər.

“Yeganə hal bu olub ki, onlar status məsələsini qeyi-müəyyən vaxta qədər təxirə salıblar”, erməni siyasətçisi müsahibəsində bildirib.

“Qarabağ erməniləri coğrafiyası, ərazi vahidi müəyyən olunaraq Azərbaycanın tərkibində olacaqlar, ya da İlham Əliyevin də dediyi kimi mədəni muxtariyyət alacaqlar”

Jirayr Lipartyan əlavə edib ki, 9 noyabr bəyannaməsi Qarabağın müstəqilliyi, ya da Azərbaycanın tərkibində olması məsələsində seçimin olmadığını göstərir. Belə ki, nə zamandı mövcud olan seçim indi mövcud deyil.

O, gələcək danışıqlar ətrafında da fikir bildirib və qeyd edib ki, danışıqlar iki ssenarili ola bilər: “Qarabağ erməniləri coğrafiyası, ərazi vahidi müəyyən olunaraq Azərbaycanın tərkibində olacaqlar, ya da İlham Əliyevin də dediyi kimi, mədəni muxtariyyət alacaqlar. Bu, ermənilərin Türkiyədəki, ya da İrandakı vəziyyətlərinə uyğun olacaq, hansı ki, orada dini azlıq olaraq ərazi istisna olmaqla bəzi muxtariyyətlərə sahibdirlər – öz kilsələrinə, məktəblərinə, mümkündür ki, qəzetlərinə, nəşriyyatlarına və erməni dili dərslərinə...”

“Siz bütün mümkün variantlardan istifadə etməyə borclu idiniz, belə yanaşma dövlətçilik düşüncəsinin yoxluğudur...”

Lipartyan vaxtilə Paşinyan hökumətinin bir təmsilçisi ilə söhbət etdiyini də xatırladıb: “Mən soruşdum ki, siz Qarabağ münaqişəsi ilə bağlı hansı təklifləri irəli sürürsünüz? Cavab bu oldu ki, burada həll olunası heç nə yoxdur. Həmin vaxt artıq danışıqlar yox idi və heç bir təklif də olunmurdu. Mən ondan soruşdum ki, nəyə görə belə hesab edirsiniz? Əliyevlə eyni masaya oturub və bütün mümkün variantları müzakirə edə bilərdiniz. Siz bunu etmədiniz. Azərbaycanla heç bir müzakirəyə ehtiyacın olmadığını bəyan etməmişdən əvvəl siz bütün mümkün variantlardan istifadə etməyə borclu idiniz, belə yanaşma dövlətçilik düşüncəsinin yoxluğudur...”

“Biz xalqa doğru olmayan informasiyanı veririk, səhv analizlərlə qeyri-real ssenariləri mümkün həll kimi göstəririk. Biz xalqı dövlətçilik yerinə millətçiliyə doğru itələyirik. Sonra da deyirik ki, dünya qəbul etməyəcək. Ancaq buna görə kim cavabdehdir?..”

Bütün xəbərlər Facebook səhifəmizdə