Hərbi üstünlüyümüzü təsdiqləyən qələbələr

Prezident İlham Əliyev: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!”

Sentyabrın 27-də faşist Ermənistanın növbəti təxribatından və onların bütün cəbhə boyu yaşayış məntəqələrimizi artilleriya qurğularından atəşə tutmasından dərhal sonra şanlı ordumuzun əks hücumu nəticəsində ölkə Prezidentimizin, Ali Baş Komandanımızın rəhbərliyi ilə bir-birinin ardınca qələbələr sorağı xalqımıza çatdırıldı. Bu, xalq-iqidar-ordu birliyinin, xalqın, ordunun öz Liderinə inamının qələbəsidir. Çünki Ali Baş Komandanın apardığı diplomatik siyasəti düzgün siyasətdir, ölkə Prezidentimizin uğurlu siyasəti haqq işidir! Ordumuzun uğurları hər bir azərbaycanlıda sevinc və sonsuz qürur hissi yaşadır. Dövlət başçımızın dediyi kimi, Qarabağ bizim doğma dədə-baba torpağımızdır, bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır və bu gün bizim mübarizəmiz haqq mübarizəsidir.

Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır

Bu gün bu fərq Milli Ordumuzda da görünməkdədir. Çünki Milli Ordumuz təcavüzkardan fərqli olaraq, beynəlxalq normalara əməl edir, mülki əhalini atəşə tutmur. Bu gün Vətən müharibəsi getdiyi bir zamanda, işğalçı Ermənistan gücləri tükəndiyi haldha öz faşist niyyətlərini mülki əhaliyə atəş açmaqda göstərdiyi bir məqamda Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Xankəndinin erməni sakinlərinə müraciət ünvanlayaraq bildirmişdir ki, bizim hədəfimiz yalnız işğalçı ordu və onun döyüşçüləridir və Azərbaycan ordusu heç vaxt mülki əhaliyə (düşmən tərəfdə olsa da) və onun infrastrukturlarına atəş açmayacaq. Mülki əhalinin narahat olmasına heç bir əsas yoxdur. Halbuki bunun tam əksi olaraq, təcavüzkar ölkə, dinc əhalinin yaşayış yerlərini, infrastrukturları ağır artilleriya atəşinə tutur və bu, birinci dəfə deyil, Xocalı soyqırımı, Tovuz hadisələrində, bu günlərdə də Ermənistanın əsas hədəfi bizim yaşayış məntəqələrimizdir. Bu gün bütün dünyaya daim günahsız qurban kimi qələmə verən ermənilər bir tərəfdən ikili siyasətlərini nümayiş etdirsələr də, bir daha faşist niyyətli olduqlarını göstərməkdədirlər.

Hərb tariximizə həkk olunan 2016-cı ilin Aprel hadisələri, cəbhə xəttində erməni hərbi birləşmələrinin təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri Silahlı Qüvvələrimizin gücünün praktik təsdiqi oldu. Aprel döyüşləri, eyni zamanda, ordumuzun peşəkarlığını göstərdi. Ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji mövqelərə sahib oldu. Bu gün bu strateji yüksəkliklər, mövqelər, işğaldan azad edilmiş ərazilər imkan verir ki, təmas xəttində mövcud olan vəziyyətə tam nəzarət edək və istənilən tədbiri görə bilək. Bu ilin iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində baş verənlər isə aprel hadisələrinin təsadüfi olmadığını təsdiq etdi. Bu dəfə də Ermənistanın hərbi təxribatının qarşısını alan hərbçilərimiz yeni qəhrəmanlıq dastanı yazdılar. Düşmənin qəfil və xain hücumunun qarşısını dərhal alaraq ona sarsıdıcı zərbə vuran, qaçmağa məcbur edən ordumuz Ermənistanı darmadağın etməyə qadir olduğunu Aprel döyüşlərindən sonra bir daha döyüş meydanında sübut etdi.

Ordumuzun hər iki uğuru mühüm hərbi qələbə olmaqla yanaşı, beynəlxalq arenada bütün diqqəti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə cəlb etdi. Hadisələr Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığının, qələbə əzminin yüksək olduğunu nümayiş etdirdi. Bu döyüşlər bir daha dövlətimizin və ordumuzun gücünü, xalqın birliyini, həmrəyliyini, vətənpərvərliyini, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha göstərdi.

“Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!”

“Əziz xalqım, əziz zəngilanlılar, füzulililər, xocavəndlilər, cəbrayıllılar və işğal edilmiş digər rayonların sakinləri, biz öz missiyamızı yerinə yetiririk. Düşmənə layiqli cavab veririk. Düşməni cəzalandırırıq. Düşmən bizim qarşımızda acizdir. Düşmənin belini qırırıq, qıracağıq!»-deyən Ali Baş Komandanımız bildirib ki, «bütün verilmiş vədləri mən yerinə yetirirəm, bütün verilmiş vədlərə sadiqəm və mənim Prezident kimi fəaliyyətim üçün əsas məsələ mənim əsas vəzifəm Azərbaycan torpaqlarının qaytarılmasıdır, ərazi bütövlüyünün bərpa edilməsidir və bu gün biz bunu döyüş meydanında edirik”.

Onların bu gün status-kvonu bərpa etməyə çalışdıqlarını qeyd edən dövlətimizin başçısı deyib: “Mən demişəm, status-kvo yoxdur. Status-kvonu biz məhv etmişik və düz də etmişik. 30 ilə yaxın gözləmişik. On il bundan əvvəl Minsk qrupunun həmsədrləri, onların prezidentləri səviyyəsində açıqlama verilmişdir ki, status-kvo qəbuledilməzdir. Biz də bunu dəstəklədik, biz bunu bəyəndik və bizdə böyük ümidlər yarandı, ondan sonra danışıqlar masasında əldə edilmiş müəyyən tərəqqi bizim ümidlərimizi artırdı. Amma sən demə, mənfur düşmən sadəcə olaraq bizi və beynəlxalq aləmi aldadırdı. Bu, beynəlxalq vasitəçilərə hörmətsizlikdir”.

Azərbaycan yeni reallıq yaratdı, Ermənistanın kapitulyasiyası oldu

44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu; Düşmənin əksər texnikası məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Ermənistan ordusu darmadağın edildi, atəşkəs ərəfəsində artıq vahid komandanlığı olmayan, müqavimət qabiliyyətini itirmiş, başıpozuq dəstələri xatırlatdı; Azərbaycan Dağlıq Qarabağın incisi olan Şuşa şəhərini, onun ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə, Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi; Ermənistanın daxilindəki hazırkı biabırçı mənzərə və gərgin vəziyyət, Paşinyana qarşı artan etirazlar, bununla müqayisədə Ali Baş Komandan, Prezident İlham Əliyevin fəxrlə bəyannaməyə imza atması, Azərbaycan xalqının əhval-ruhiyyəsi, bayram sevinci kimin qalib, kimin isə məğlub olduğunu aydın şəkildə nümayiş etdirir; 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi, Dağlıq Qarabağın statusunun müəyyən edilməsi məsələsi tarixin arxivinə getdi, Dağlıq Qarabağda yeni erməni dövlətinin yaradılması planları pozuldu; Sentyabrın 27-dən başlanan müharibə sonda Azərbaycanın tam qələbəsi ilə nəticələndi. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan Ordusunun məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyü bərpa olundu; Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Dağlıq Qarabağla bağlı heç bir qərar qəbul edilə bilməz; Ərazisi xeyli böyük olan Kəlbəcər, Ağdam və Laçın rayonları şəhid vermədən, qan tökülmədən geri qaytarılır; Şuşa şəhərinin, Kəlbəcər, Ağdam, Laçın rayonlarının, Hadrut qəsəbəsinin geri qaytarılması Dağlıq Qarabağa gedən bütün strateji yolların, yüksəkliklərin, kommunikasiya xətlərinin tamamilə Azərbaycan Silahlı Qüvvələrinin əlində olması deməkdir; Məcburi köçkünlərin geri qayıtması ilə demoqrafik balans tamamilə Azərbaycanın xeyrinə dəyişəcək; Bu gün münaqişənin həlli şərtlərini indi Azərbaycan diktə edir.

Tarixi birgə bəyanat…

Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bəyanat tam Azərbaycanın maraqlarına uyğun hazırlanıb və imzalanıb. Azərbaycan Prezidenti bundan əvvəl də bəyan etmişdi ki, Ermənistan Ağdam, Kəlbəcər və Laçından öz qoşunlarını çıxaracağı təqdirdə, Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Azərbaycan azad etdiyi bütün mövqeləri saxlayır. Noyabrın 15-i Kəlbəcər, 20-si Ağdam, dekabrın 1-i isə Laçın azad edilir. Ermənistan bu rayonlardan öz qoşunlarını Ermənistan istiqamətində çıxarır. Ən vacib məqamlardan biri münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzin yaradılmasıdır. Türkiyə mərkəzdə təmsil olunur. Türkiyə hərbçilərinin prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq. Azərbaycan Türkiyəni də fəal şəkildə münaqişənin tənzimlənməsi işinə cəlb edə bildi. Türkiyə hər zaman olduğu kimi Qarabağ məsələsində də Azərbaycanın yanındadır və indi real olaraq bölgənin təhlükəsizliyinin əsas təminatçılarından birinə çevrildi. Ali Baş Komandan İlham Əliyevin israrlı mövqeyi nəticəsində məğlub və çıxılmaz vəziyyətə düşən Ermənistan rəhbərliyi işğal edilmiş bütün torpaqlarımızdan qeyd-şərtsiz çıxmaq və bunun üçün çıxış qrafikini təqdim etməyə məcbur olmuşdur.

Azərbaycan həm döyüş meydanında, həm danışıqlar masası arxasında istədiyinə nail olub

Bəyanatın bütün müddəaları ölkəmizin, xalqımızın səmərəsinə hesablanmışdır. Qarabağa heç bir status verilmir. «Dağlıq Qarabağ Muxtar Vilayəti» adlı ərazi yoxdur, tamamilə süquta uğrayıb. Qarabağın bütün rayonları digər rayonlarımız kimi Azərbaycanın tərkibində olan ayrılmaz ərazimizdir. Qısa müddət ərzində Azərbaycan dövləti işğaldan azad olunmuş bölgələrimizin inkişafı istiqamətində kifayət qədər nəhəng layihələrin icrasına başlayacaq, kommunikasiya və s. imkanlar genişləndiriləcək. Bundan sonra işğaldan azad edilmiş hər tarixi torpağımızda azan səsləri eşidiləcək.

Məğlub Ermənistanda daxili vəziyyət…

Hazırda Ermənistan 1992-1993-cü illərdəki Azərbaycanı xatırladır, idarəçilikdə naşı, səriştəsiz, qeyri-peşəkar şəxslərin təmsil olunması ölkəni bir-birinin ardınca böhranlara və fəlakətə sürükləyir. Sentyabrın 27-dən başlanmış və noyabrın 10-da başa çatmış hərbi mərhələ sübut etdi ki, Ermənistan hakimiyyəti məntiqli, rasional düşüncəyə malik deyil, onlar erməni xalqının yox, sırf xarici qüvvələrin maraqlarına xidmət edirlər. Ermənistan hazırda vətəndaş müharibəsi ərəfəsindədir, ölkənin baş naziri belə öz kabinetinə daxil ola bilmir. Baş nazirin evi canlı yayımda qarət edilib, şəxsi əşyaları və sənədləri götürülüb, talan başlayıb. Parlament sədri Ararat Mirzoyan qəddarcasına döyülüb, onun ailə üzvlərinə, o cümlədən azyaşlı uşaqlarına təzyiqlər olunub. Hərbi fiaskodan sonra Ermənistanda yüksək çinli məmurların varidatını tələsik ölkədən çıxarması, xarici ölkələrə qaçması, yaxud buna hazırlaşması barədə məlumatlar artıb. Ermənistanda demoqrafik böhran daha da dərinləşib. Minlərlə erməni gəncinin işğal edilmiş ərazilərdə ölməsi, şikəst olması, xaricə miqrasiya axınının daha da artması qarşıdakı illərdə Ermənistanda əhalinin təbii artımını kəskin aşağı salacaq, ölkə insan resurslarını bərpa etmək üçün qeyri-müəyyən müddətə qədər gözləməli olacaq. Ermənistan iqtisadiyyatı tam çöküb, ölkənin xarici borcu artıb, əhalinin sosial təminatı sahəsində fəlakətli durum yaranıb. Erməni diasporası tərəfindən göndərilən vəsaitlərin və yardımın mənimsənilməsi, əhaliyə və orduya çatmaması geniş müzakirə olunur. Ermənistan ordusu darmadağın olub, əksər hərbi texnika məhv edilib. Orduya çağırılacaq canlı qüvvə yoxdur. Ermənistan ictimai-siyasi həyatı «barıt çəlləyinə» bənzəyir. Müxalif qüvvələrlə hökumət qüvvələri rəsmən vətəndaş müharibəsinin astanasındadırlar. Paşinyan Müdafiə Nazirliyinin yüksək rütbəli vəzifəli şəxslərinin və qondarma rejimin Prezidenti Araik Harutyunyanın məsləhəti ilə razılaşmanı imzaladığını desə də, müxalifət nümayəndələri onların adlarını hallandırmır, birbaşa Paşinyanı məsul tuturlar. Bu onu göstərir ki, müxalifətin dərdi Qarabağ deyil hakimiyyətə gəlməkdir. Erməni xalqı Nikol Paşinyanın istefasını tələb edir. Biabırçı məğlubiyyətdən sonra Ermənistan ordusunda yüksək rütbəli zabitlərin əksəriyyəti istefa verib.

Bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır. Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən başlıca səbəbidir.

Bir sözlə, bütün dünya gördü ki, separatçı rejimlərə və işğal siyasətinə necə son qoyulur və beləliklə, 30 ildir danışıqlar prosesində Ermənistan nail olmaq istədiklərinin heç birini əldə edə bilmədi.

Fransa Azərbaycanın qələbəsini həzm edə bilmir…

Azərbaycanın Müzəffər Ordusu və diplomatiyasının son qələbələri indiyədək Ermənistanı gizli dəstəkləyən bəzi dövlətləri və qüvvələri maskalarını çıxarmağa məcbur edib. Onlar bir tərəfdən Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı mövqeyinin beynəlxalq hüquq və reallıqlara əsaslanması qarşısında acizdirlər, digər tərəfdən isə qəhrəman hərbçilərimizin döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirməklə son 30 ilin status-kvosunu məhv etməsi ilə barışa bilmirlər. Çox böyük təəssüflə qeyd etməliyik ki, bu qüvvələrdən danışarkən biz ilk növbədə Fransanın adını çəkməliyik. İkinci Qarabağ müharibəsinin ilk günlərində hətta Fransa parlamentinə separatçı qurumun «müstəqilliyi»nin tanınmasını nəzərdə tutan təşəbbüsün keçirilməsi cəhdi olunub. Fransa Ermənistana frankofon birlik vasitəsilə güclü nüfuz etməkdədir. Fransanın Ermənistana səfər edən prezidentləri mütləq halda iki ölkə arasında olan siyasi, mədəni, humanitar münasibətlərin möhkəmliyi və sarsılmazlığına dair çoxsaylı bəyanatlar verir.

Kasıb ölkə, müharibə hədəsi və Paşinyanın dilənçiliyi…

İqtisadiyyatı sıfıra yaxınlaşan Ermənistanın Azərbaycan kimi güclü ölkəylə müharibəyə qalxması gülünc doğurur. Azərbaycan əsgərləri qarşısında duruş gətirə bilməyən erməni hərbçilər döyüş mövqelərini qoyaraq qaçmaqla xilas olmağa çalışırlar. Hazırda İrəvanda bütün imkanlar müharibəyə yönəldilib, silah-sursat, ərzaq, dərman, hətta hərbi geyim belə tapılmır. Bu gün Ermənistanda əhalinin ümumi sayının cəmi 2,9 milyon nəfər təşkil etməsi fonunda Azərbaycanda hazırkı statistika 10 milyon 100 min nəfərə çatır. Şübhəsiz ki, yuxarıda sadalanan iqtisadi göstəricilərlə yanaşı demoqrafik resurslar da bu gün hərbi əməliyyatların aparılmasında strateji əhəmiyyət daşıyır. Orduda xidmət edən hərbçilərlə bağlı müqayisələr aparanda belə bir mənzərə ortaya çıxır: Azərbaycan Ordusunda ümumi hərbçi sayı təxminən 426 min nəfərdirsə (aktiv şəxsi heyət 126 min, ehtiyatda 300 min), Ermənistanda onların sayı cəmi 245 min nəfər təşkil edir (aktiv hərbçi sayı 45 min, ehtiyatda 200 min). Azərbaycandan fərqli olaraq işğalçı ölkəyə muzdlu döyüşçülərin, ayrı-ayrı ölkələrdən terrorçu qrupların cəlb olunmasını da xüsusi vurğulamaq lazımdır. Ermənistan hakimiyyəti orduda xidmətdən yayınan vətəndaşların yerini muzdlularla doldurmağa çalışır. Suriya, Liviya və digər ölkələrdən cəlb olunan muzdlu-terrorçu qrupların Qarabağda Azərbaycan ordusuna qarşı vuruşmasını təsdiq edən kifayət qədər faktlar mövcuddur.

Azərbaycanın hərbi üstünlüyü…

Əlbəttə, Ermənistanın iqtisadi çöküşü hərbi büdcəyə bilavasitə öz təsirini göstərir. Statistik məlumatlara nəzər yetirdikdə, Azərbaycana qarşı təxribatlara əl atmaqla müharibənin başlamasına səbəb olan Ermənistanın hərbi büdcəsi Azərbaycanla müqayisə olunmaz dərəcədə aşağıdır. Təkcə cari ilin rəqəmlərini deyək ki, 2020-ci il üçün Azərbaycanın hərbi büdcəsinin 2,4 milyard ABŞ dolları təşkil etməsi fonunda Ermənistanın hərbi büdcəsi 625 milyon dollar olub.

Bundan əlavə, beynəlxalq hərbi təşkilatların araşdırmalarında da Azərbaycanın üstünlüyü açıq-aşkar görünür. "Global Fire Power" şirkətinin 2020-ci il üzrə araşdırmasına əsasən, Azərbaycan Ordusu dünyanın 138 ölkəsinin silahlı qüvvələrinin reytinq cədvəlində 64-cü, Ermənistan isə 111-ci yerdə qərarlaşıb. Hazırda ağır döyüşlərin getdiyi cəbhə bölgəsində ölkəmizin Ermənistandan üstün olmasının digər səbəbi Azərbaycan Ordusunun arsenalında hərbi təyinatlı texnika və silah-sursat, eləcə də pilotsuz uçuş aparatların xeyli qisminin yerli sənaye məhsulu olmasıdır. Ermənistan ordusundan fərqli olaraq Azərbaycanın yanacaq və sürtkü yağları ilə təchizatı yerli istehsal hesabına aparılır.

Beləliklə, bütün bunlar, ortada olan faktlar göstərir ki, işğalçı ölkənin ağır iqtisadi-sosial problemlər məngənəsində sıxılması, döyüşlərdəki məğlubiyyətin kökündə Azərbaycanın uzun illərə söykənən təcridetmə siyasəti dayanır. Bölgədə aparıcı gücə çevrilən Azərbaycanın hazırda davam edən müharibədəki uğurları isə düzgün hərbi-iqtisadi və diplomatik siyasətin nəticəsidir. Ermənistan isə hərtərəfli məğlub olan ölkədir.

Azərbaycan Prezidenti, Ali Baş Klmandan İlham Əliyev cənablarının dediyi kimi: “Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir…Siz isə öz miskin həyatınızın sonuna qədər məğlub edilmiş, qorxaq damğası ilə yaşayacaqsınız”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...