Azər Badamov: “Torpaqlarımızdakı xristian abidələri heç də ermənilərə məxsus deyil” ÖZƏL-MÜNASİBƏT

Azərbaycanın işğal altındakı mədəniyyət nümunələrini, tarixi irsini dağıdan ermənilərə bir söz deməyən beynəlxalq təşkilatlar bölgədə xristian abidələrinin saxlanılması çağrışları ilə çıxış edirlər. Beynəlxalq təşkilatların bu cür mövqeləri onların məsələlərə ikili yanaşmaları kimi qiymətləndirilə bilər.

“Səs” qəzetinə açıqlamasında millət vəkili Azər Badamov bildirdi ki, torpaqlarımızı işğal altında saxladığı dövrdə daşı-daşı üstündə saxlamayan, məscidlərimizi dağıdan və donuz saxlayan yerlərə çevirmiş erməniyə “gözün üstündə qaşın var” deməyən xarici dairələr indi azad etdiyimiz torpaqlardakı xristian abidələrin dağıdılma ehtimalı ilə bağlı çıxışlar edirlər. “Bu gün Azərbaycan öz torpağına sahib çıxdığı bir zamanda belə çıxışların edilməsi gülünc deyilmi? Yəni, ermənilər üçün torpaqlarımızda müsəlman məscidlərini dağıtmaq olar, bütün mədəni-dini məbədlərimizi məhv etmək olar, istədikləri vandalizm hərəkətlərini etmək olar, Azərbaycan üçün heç nə etmək olmaz? Ermənilər Kəlbəcərdə, Laçında evləri yandırır, meşələri məhv etməklə ekoloji terror törədirlər. Avropa Şurası, Avropa Parlamenti, QHT-lər bütün bunları görə-görə niyə susursunuz? Təbii ki, bu, ikili standartların növbəti təzahürüdür”.

A.Badamovun sözlərinə görə, əgər məsələyə həmin dairələr ikili standartlarla yanaşmasaydı, ermənilərə bu müddətdə bir təzyiq göstərsəydilər, işğal da bu qədər uzun çəkməzdi, mədəni-dini abidələrimiz viran qoyulmazdı: “Bizə kiminsə göstəriş və ağıl verməyinə ehtiyacımız yoxdur. Biz nəyi, necə etməyimizi yaxşı bilirik. Onu da qeyd edim ki, torpaqlarımızdakı xristian abidələri heç də ermənilərə məxsus deyil. Ermənilər tarixi Qafqaz Alban abidələrini özününküləşdirmişdi. İndi həmin abidələr də erməni işğalından azad olunmuşdur. Azərbaycan dövləti öz ərazisindəki bütün dini mədəni abidələri qoruyur. Ölkəmizdə tolerantlıq həyat tərzinə çevrilmişdir. Sadəcə, Qərbə məsləhət bilirəm ki, öz ərazisindəki müsəlman məscidlərinə, dini-ibadət yerlərinə dözümlə yanaşsınlar. Məscidlərə donuz kəllələrini atmasınlar, öz dininə ibadət edən müsəlman bacı-qardaşlarımıza qarşı ksenofobiya və diskriminasiya hərəkətlərinə yol verməsinlər. Öz ölkəsində islamofobiya və ksenofobiyanı günü-gündən çoxaldan bu dövlətlər bizə ağıl verməkdənsə, öz ölkələrində tolerant siyasətə üstünlük versinlər, dünyada sülhün və ədalətin möhkəmlənməsinə töhfə versinlər”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...