"Ərazi bütövlüyümüzün bərpası İlham Əliyevin 17 illik fəaliyyətinin nəticəsidir" - ŞƏRH ÖZƏL

"Azərbaycan Silahlı Qüvvələri müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz tarixi missiyasını şərəflə yerinə yetirərək işğal olunmuş torpaqları düşməndən azad etdi. Bununla yanaşı, döyüş meydanında əldə edilən qələbə imkan verdi ki, Ağdam rayonu, eyni zamanda, Kəlbəcər və Laçın rayonları bir güllə atmadan, bir şəhid vermədən işğaldan azad edilsin. Ağdamın azad olunması da noyabrın 10-da Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında imzalanmış üçtərəfli bəyanatın nəticəsidir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, Azərbaycanın gücünün yetərli dərəcədə olmaması nəticəsində 1990-cı illərin əvvəllərində ölkəmiz işğala məruz qalmışdır: "Bütün bu uğursuzluqlara baxmayaraq, 17 illik fəaliyyəti dövründə cənab Prezident İlham Əliyevin düşünülmüş şəkildə yürütdüyü siyasətlə münaqişənin həlli üçün hüquqi baza yaradıldı, daha böyük güc toplayaraq torpaqlarımız azad edildi. Baxmayaraq ki, hətta bəzi beynəlxalq təşkilatlar işğalçını öz adı ilə çağırmaq istəmir, işğalla bağlı qəbul edilmiş sənədlərdə işğalçının kim olduğunu göstərmək istəmirdilər cənab Prezidentin düşünülmüş diplomatik addımları bütün dünyada Azərbaycana qarşı obyektiv rəy formalaşdırmağa, bütün beynəlxalq təşkilatlarda ədaləti, beynəlxalq hüququ tanıyan, əks etdirən qərar və qətnamələr qəbul etdirməyə müvəffəq oldu. Eyni zamanda Azərbaycan informasiya müharibəsində də qələbə qazandı, Xocalı soyqırımı haqqında dünyaya müfəssəl məlumat verməyə müvəffəq oldu. Belə ki, “Xocalıya ədalət!” kampaniyası, 10-dan çox ölkə tərəfindən Xocalı soyqırımının soyqırımı kimi tanınması demək olar ki, münaqişə ilə bağlı həqiqəti əks etdirən mənzərəni formalaşdırdı və dünya ictimaiyyətinə çatdırdı. Azərbaycanın BMT-dən sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik etməsi Azərbaycanın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olmasından və bunun da münaqişənin həllində xüsusi rol oynamasından xəbər verir. Çünki Azərbaycan sədrlik etdiyi dövrdə də Dağlıq Qarabağ məsələsini diqqət mərkəzində saxlamağa müvəffəq oldu. Bununla yanaşı, Azərbaycan pandemiya dövründə 30-dan çox ölkəyə humanitar maliyyə yardımı göstərməklə dünya birliyinin etibarlı tərəfdaşı olduğunu bir daha sübut etdi. 17 illik fəaliyyəti dövründə cənab Prezident İlham Əliyev iqtisadi sahəyə, hərbi sahəyə güclü təkan verərək Aərbaycanı öz sözünü deyə bilən bir ölkəyə çevirdi və beləliklə də iqtisadi müstəqilliyimizi təmin edərək, ölkəmizi heç kimdən asılı olmayan ölkə etdi. Elə bu gücün məntiqi izahıdır ki, 44 günlük müharibə ərzində də, ondan sonra da cənab Prezident bütün siyasi təzyiqlərə sinə gərə bildi. Azərbaycanın XXI əsrin müharibəsini qələbə ilə başa vurması bu gün inkişaf etmiş ölkələri bizim təcrübəmizdən yararlanmağa vadar edir. Bu gün müzəffər Ali Baş Komandan Xocalı qətliamını törətmiş cəllad Koçaryanın, Sarkisyanın kürəyini yerə vurdu, şəhidlərimizin qanını yerdə qoymadı".

Politoloq bildirib ki, müharibə başa çatandan sonra artıq Qərb dairələrindən bəzi Qərb liderləri Azərbaycanın nəzarətinə keçən azad edilmiş torpaqlarda xristian məbədləri haqqında narahat olurlar: "İslamofob hissləri alovlandıran Qərb dövlətlərinin liderləri İslam müqəddəslərinin təhqirlərinə göz yumur və hətta onları təhqir edənlərə bəraət qazandırırlar. Elə bu səbəbdəndir ki, onların xristian məbədləri haqqında danışmağa nə mənəvi, nə də heç bir haqqı yoxdur. Azərbaycan dövləti öz ərazisində olan bütün məbədlərə tarixi sərvəti kimi yanaşıb və onları hər zaman dərin hörmətlə qoruyub, bütün tarixi abidələr dövlət tərəfindən qorunur. Elə bunun bariz nümunəsidir ki, Azərbaycanda hər il Bakı Humanitar Forumu, ya da ki, Mədəniyyətlərarası Dialoq Forumu, dünya dinlərinin liderlərinin Zirvə görüşləri keçirilib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda İslam dininə olan münasibəti nümunə kimi göstərir. Rusiya Pravoslav Kilsəsinin patriarxı Kiril Bakıda olarkən Azərbaycanda bu sahədə görülmüş işlərə yüksək qiymət verib. Roma Papası Fransisk Bakıda olarkən rəsmi çıxışında Azərbaycanda tolerantlıq, dini dözümlülük, multikulturalizm haqqında danışıb. Bu səbəbdən də məscidləri bağlayan, ya da müsəlman məscidlərinə öldürülmüş donuzların başlarını atan heç kimin bizə söz deməyə haqqı yoxdur".

Ş.Həsənova vurğulayıb ki, cənab Prezidentin rəhbərliyi və şəxsi nəzarəti altında dövlət vəsaiti hesabına hazırda iki pravoslav kilsəsi təmir edilir, üçüncü kilsə isə təmir olunub, inzibati bina tikilir: "Eyni zamanda, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva bu məsələlərə hər zaman həssas münasibət göstərib. Elə müharibə dövründə udi kilsəsi Heydər Əliyev Fondu tərəfindən təmir olunaraq istifadəyə verilib. Qafqaz Albaniyası kilsələri, gürcü kilsələri, erməni kilsəsi müsəlman məscidləri kimi qorunur, hörmət olunur. Baxmayaraq ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin səfirləri Ağdam məscidində olub və iki dəfə faktaraşdırıcı missiyalar keçiriblər, lakin bununla bağlı məsələ qaldırmayıblar. Əgər Qərb liderləri düşünürlərsə ki, müsəlman məscidlərini təhqir etmək dağıtmaq, inək, donuz saxlamaq olar o zaman onlar yanılırlar. Bu baxımdan da Cənab Prezidentin Ağdam məscidinə Məkkədən gətirdiyi “Qurani-Kərim”i bağışlaması olduqca dərin mənayüklü bir addımdır. Bundan sonra da Azərbaycan heç kimə Azərbaycanın siyasətinə qarışmağa icazə verməyəcək, bütün o ölkələrin təxribatlarına rəğmən tutduğu inkişaf yolu ilə davam edəcək. Bunun üçün Azərbaycanda güclü xalq-iqtidar birliyi və birliyin başında Ulu öndərin möhkəm siyasi təməllərini əsas tutan cənab Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti var".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...