İşğalçı Ermənistanda siyasi böhran: Dünyanın ikili standartları isə yenə qüvvədədir ANALITIK
Paşinyan iki il yarım əvvəl vəd etdiyi “demokratiya”yerinə qan-qada, müharibə və diktatorluq rejimi gətirib
İşğalçı Ermənistanın Qarabağ cəbhəsində uğradığı sarsıdıcı məğlubiyyətindən sonra bu ölkədə yaranmış ağır siyasi böhran və qeyri-stabil vəziyyət böyük xalq narazılığına səbəb olmaqdadır. Xüsusilə, Rusiya və Azərbaycan prezidentlərinin, habelə Ermənistanın baş nazirinin imzaladıqları atəşkəs bəyannaməsinin ardınca işğalçı ölkəyə aid silahlı birləşmələrin müəyyən olunmuş qrafik əsasında ərazilərimizdən çıxarılması faktı kəskin fikir ayrılıqları ilə müşahidə olunmaqdadır. Məhz bu fakt baş verər-verməz Ermənistandakı siyasi qüvvələr, daha dəqiq desək, 17 partiya birgə bəyanatla çıxış edərək Nikol Paşinyanın istefasını tələb etdilər. Onlar təslimçi sülh sənədini qəbul etmədiklərini, hakimiyyətin dəyişdirilərək, yeni güclərə təhvil veirlməsini, sənəddən isə imtina edilməsini irəli sürdülər.
Ermənistanın məğlub baş naziri özünə “haqq” qazandırmaqdan ötrü yenidən “günahkar keçi” axtarışına çıxdı
Cəmi iki il yarım əvvəl Serj Sarqsyan iqtidarını Soros fondunun xeyir-duası və “məxməri inqilab” vasitəsi ilə küçələrdən gələrək dəyişməyə müvəffəq olan Paşinyan indi özü seyt-not vəziyyətinə düşməklə küçələrdən “Rədd ol, Paşinyan!” şüarları ilə qarşı-qarşıya qalmaqdadır. Düzdür, məlum sənəd imzalandıqdan sonra deyilənlərə görə bir-iki gün ABŞ səfirliyində gizlənməklə canını linç olunmaqdan qurtaran, hətta Hitlersayağı bunkerdə belə, “Facebook” vasitəsi ilə canlı yayıma çıxıb məğlubiyyəti xalqının adına yazan erməni baş naziri planını dəyişdi. Artıq ortaya çıxaraq, Ermənistanın prezidenti Armen Sarkisyanla görüş keçirəndən dərhal sonra yenidən sosial şəbəkələr vasitəsi ilə xalqa pafoslu müraciət ünvanlayan Nikol Paşinyan özünə “haqq” qazandırmaqdan ötrü yenidən “günahkar keçi” axtarışına çıxdı. Ancaq bu kimi üsulun da baş tutmadığını tam anladıqda sözü ötürdü hələ ki, hakimiyyətinin nəzarətində qalan güc strukturlarına – xüsusi təyinatlı polis dəstələrinə.
Ən əsas məsələ isə, 17 partiyadan olan 10 siyasi təşkilat liderinin həbslərə məruz qalmaları faktıdır
Ermənistan KİV-lərindən öyrəndiyimiz kimi, artıq yüzlərlə etirazçı həbs olunur, polis zorakılığı tətbiq edilir, habelə Milli Təhlükəsizlik Xidməti mitinq və aksiyalarda iştirak edən şəxsləri evlərindən çıxararaq naməlum istiqamətlərə aparırlar. Üstəlik, Azərbaycan ərazilərində müxtəlif vasitələrlə məskunlamış və Qarabağdan köçən ermənilər də necə deyərlər, Paşinyandan hesabat tələb edirlər. Ən əsas məsələ isə, 17 partiyadan olan 10 siyasi təşkilat liderinin həbslərə məruz qalmaları faktıdır. Onların içində Qagik Tsarukyan, Eduard Şarmazanov, keçmiş Milli Təhlükəsizlik Xidmətinin direktoru, Paşinyanın sabiq ailəvi dostu, hazırda müxalifətin “Vətən” partiyasının lideri Artur Vanetsyan və bir çox digər tanınmış erməni siyasətçiləri yer almaqdadırlar. Beləliklə, ölkəsinə “demokratiya” və “azadlıq” gətirəcəyini vəd edən Paşinyan bütün bunların yerinə qan-qada, müharibə və diktatorluq rejimi gətirib. Məğlub hakimiyyət və məğlub xalq sözün əsl mənasında çalxalanır.
Hansı səbəbdən Ermənistanda baş verən proseslərə, kütləvi siyasi həbslərə səssiz qalınır, sadəcə kənardan izlənilir?
Lakin bütün bunlarla yanaşı, yaranan bəzi suallar bir çoxlarını düşündürməyə vadar edir. Məsələn, nəyə görə belə bir vəziyyətdə beynəlxalq aləmin, əsasən də insan haqlarının müdafiəsi təşkilatlarının, ABŞ dövlət departamentinin, ATƏT DTİHB-nin, Avropa Parlamentinin, Avropa İttifaqının və s. qərb qurumlarının səsləri çıxmır? Hansı səbəbdən Ermənistanda baş verən proseslər, sadəcə kənardan izlənilir və kütləvi həbslərə, siyasi təqiblərə səssiz qalınır? Əslində, bundan sonra da səssiz qalacaqları bəri başdan bəllidir. Çünki Nikol Paşinyan məhz Qərbin məlum dairələri tərəfindən hakimiyyətə gətirlib və hətta onun güc strukturları əhaliyə qarşı silah işlətsə belə, yenə də susqunluq davam edəcək. Uzağı bir-iki cümləlik “bəyanatlar” ola bilər ki, bu da yalnız gözdən pərdə asmağa yönəlmiş addım hesab edilə bilər. Buradan isə nəticə çxarmaq asandır – ikili standartlar və s. Artıq biz – regionda bütün mənalarda yüksək demokratik dəyərlərə qiymət verən, söz və ifadə azadlığını təmin edən ölkə olmaqla tərəfimizə qarşı bu standartların tətbiqini hiss etmişik. Halbuki, nəinki Paşinyan, elə Ermənistanın əvvəlki rejimlərində də mövcud olan antidemokratik məqsədlərə, söz və ifadə azadlığının boğulmasına, təqib və həbslərə, hətta törədilən terrorlara belə, heç bir sərt münasibətlər bildiriməyib, susqunluqlar baş verib. Bütün bunlar öz yerində...
Qarabağ işğalda olarkən dünyanın “demokratiya dərsi” keçən ölkələri, qurum və təşkilatları susurdular!
Lakin gələk Ermənistanla bağlı digər mövzuya. Bu ölkə 30 il boyunca Azərbaycana qarşı açıq-aşkar işğalçılıq siyasəti yürüdüb, son 27-28 ildə isə ərazilərimizi zəbt edərək əzəli torpaqlarımıza qan tökməklə, qətllər, terrorlar, soyqırımları törətməklə sahib olub. Bax, onda da - Qarabağ işğalda olanda dünyanın “demokratiya dərsi” keçən ölkələri, qurum və təşkilatları susdular. Sanki belə də olmalıymış. Amma niyə, nəyə görə?! Axı ötən müddət ərzində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin iştirakı ilə dəfələrlə (!) danışıqlar aparılıb, müxtəlif prinsiplər əsasında razılaşmalar, sazişlər imzalanıb, ancaq Ermənistan hər dəfə öz işğalçılıq siyasətindən əl çəkməməklə yanaşı, təhdid dili ilə danışıb, hərbi-siyasi dairələri yeni ərazilərimizi işğal edəcəyini açıq şəkildə bəyan edib, istər dövlət sərhədlərimizdə, istərsə də Qarabağdakı təmas xətlərində çoxsaylı silahlı təxribatlara əl atıb.
Livandan, Suriyadan və s. Yaxın Şərq ölkələrində yaşayan ermənilərin əraziərimizdə qeyri-qanuni yerləşdirilmələrinə də beynəlxalq təşkilatlar susqunluq nümayiş etdirirdilər
Bu idimi Ermənistanın uzun illər danışıqlar masasında apardığı “sülh danışıqları”? Əlbəttə ki, xeyr. Əgər belə olsaydı, işğallar baş verəndən hazırkı dövrümüzə qədər təmas xətlərinə yaxın yerlərdə, işğal olunmuş ərazilərimizdə keçilməz müdafiə istehkamları, beton bunkerlər, dotlar, dzotlar tikilməzdi və belə olmasa idi, Paşinyan Cəbrayıla yeni yol çəkəcəyini bəyan etməzdi, Laçın dəhlizində və s. ərazilərimizdə nəqliyyat qovşaqlarının istifadəyə veriləcəyini deməzdi və (!) Livandan, Suriyadan və s. Yaxın Şərq ölkələrində yaşayan erməniləri qeyri-qanuni, heç bir konvensiyaya uymadan gətirib bizim ərazilərimizə yerləşdirməzdi. Bütün bunlar isə məhz xarici beynəlxalq təşkilatların gözləri önündə baş verirdi. Özü də Azərbaycan dövlətinin rəsmi qurumlarının müvafiq bəyanatlarını görə-görə, eşidə-eşidə.
Belə olan vəziyyətdə Azərbaycanın ədaləti bərpa etməkdən başqa çıxış yolu da qalmırdı. BMT-nin qətnamələrinin, digər beynəlxalq qrumların qərarlarının yerinə yetirilməsi üçün hərəkətə keçən Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin əmrinə əsasən, məhz Onun rəhbərliyi altında işğal altındakı ərazilərimizi düşmən tapdağından azad etdi. Artıq bu gün bütün Qarabağ Azərbaycanın tərkib hissəsindədir, ərazilərimizdə üçrəngli bayrağımız dalğalanır. Yəni beynəlxalq aləm susurdusa, Azərbaycan dövləti öz əsgərinin şücaəti ilə bu susqunluğu qazandığı qələbəsi ilə əvəzləmiş oldu!
İkili standartlar hər zaman mövcud olub, xüsusilə, işğaçlı, terrorçu Ermənistanla demokratik və sülhpərvər Azərbaycanla müqayisədə...
Düşmən isə bundan ciddi təlaş keçirir və Paşinyan hakimiyyətinin sülhə məcbur edilməsinin ardınca Ermənistanda yaranan aqressiya artıq ölkə daxilindəki böhranı daha da dərinləşdirir. Diktatorluq siyasətini həyata keçirən Paşinyan rejimi ilə müxalifət arasındakı uçurum isə ümumiyyətlə dərindir. Artıq Ermənistandakı siyasi çevrlərin bütün körpüləri yandırılıb. Qərb dairələri isə susur – bu dəfə də Ermənistanda cərəyan edən hadisələri görzəmlikdən gəlir. Belə bir yanaşma isə bizə bir daha isbat edir ki, ikili standartlar hər zaman mövcud olub, xüsusilə, işğaçlı, terrorçu Ermənistanla demokratik və sülhpərvər Azərbaycanla müqayisədə...
Söz yox ki, bütün bunlara baxmayaraq, Azərbacan dövləti və xalqı öz qalibiyyət və zəfərlərini davam etdirəcək, ona sonsuz sevinc, fəxr və qürur hissi bəxş edən Müzəffər Ali Baş Konandanının, Liderinin ətrafında sıx birləşərək, istənilən ayrıseçkiliyin, qeyri-taraz standartlarn öhdəsindən gələcək. Ermənistan isə öz problemləri və çıxılmaz vəziyyətində siyasi-ictimai problemər məngənəsində sıxışıb-qalmaqda davam edəcək.
Bəhruz QULİYEV,
“SƏS” qəzetinin baş redaktoru, fəlsəfə üzrə fəlsəfə doktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB