Azərbaycan beynəlxalq humanitar hüququn norma və prinsiplərinə söykənir - ŞƏRH

Azərbaycan beynəlxalq humanitar hüququn norma və prinsiplərinə söykənir - ŞƏRH

"Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq"

Demokratik tərəqqi yolunu seçmiş Azərbaycan özünün qonşusu olan və olmayan digər dövlətlərlə müxtəlif sahələrdə həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı faydalı münasibətlərini inkişaf etdirib. Amma 30 ilə yaxın idi ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon Ermənistanın işğalı altında idi. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilirdi ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Əfsuslar olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymadı və öz işğalçı siyasətini davam etdirdi. Bu gün artıq Azərbaycan müharibə yolu ilə öz torpaqların işğaldan azad edir. Azərbaycanın güclü ordusu və Ali Baş Komandan, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsi ilə torpaqlarımız işğaldan azad edilir. Demək olar ki, hər gün insanlarımıza qələbə sevinci yaşadılır. "Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik". Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın "La Repubblica" qəzetinə müsahibə verərkən bildirib.

"MƏN DƏFƏLƏRLƏ DEMİŞƏM Kİ, BİZİM 100 MİN DÖYÜŞÇÜSÜ OLAN ORDUMUZ VAR, NİZAMİ ORDU"

Ölkəmizin son illərdə dinamik inkişafı, silahlı qüvvələrin büdcəsinin artması və nəticə etibarilə ordumuzun güclənməsi nəticəsində bu gün Azərbaycan Vətən müharibəsində döyüş meydanında öz sözünü deyir. Bu gün Azərbaycanın güclü və müasir ordusu vardır. Azərbaycan Ordusu qarşıda duran bütün vəzifələri həll etməyə qadir olan bir ordudur və belə gücə malik nizami ordu işğal altındakı torpaqlarımızı erməni təcavüzkarlarından təmizləyəcək və üçrəngli bayrağımız Dağlıq Qarabağda dalğalanacaqdır. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verir. Azərbaycan işğalçı ölkəyə də, onun havadarlarına da, bütün ermənipərəstlərə də göstərir ki, güclü ordumuz işğalçı erməni qəsbkarlarını məhv edir. Düşmən tərəf ordumuzun qüdrətinə artıq bələddir. Döyüş meydanından qaçırlar. "Mən dəfələrlə demişəm ki, bizim 100 min döyüşçüsü olan ordumuz var, nizami ordu. Tam səfərbərlik elan etsək, bundan bir neçə dəfə çox adam səfərbər edə bilərik. Bizim müasir silahlarımız var. Mükəmməl texnologiyamız var və bizim çox yüksək döyüş ruhumuz var". - deyə Prezident İlham Əliyev bildirib.

Amma təəssüflə də olsa bildirək ki, bu gün Ermənistan tərəfindən döyüşdə muzdlular var. "Bilirik ki, PKK oradadır. Bilirik ki, Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar" deyə bildirən dövlət başçısı qeyd edib ki, 30 il ərzində məğlubedilməz orduları olduqlarını bildirirdilər: "Onlar 30 il ərzində bizim əraziləri təkbaşına işğal etdiklərini deyirdilər, baxmayaraq ki, biz bunun doğru olmadığını bilirik. Beləliklə, biz onlara kimin kim olduğunu sübut etdik. Biz sübut etdik ki, onların "guya məğlubedilməz ordusu" əfsanədir, mifdir və bunu qəbul etmək onlar üçün çox ağrılıdır. Lakin onlar artıq öz məğlubiyyətlərini etiraf ediblər. Baş nazir Paşinyan Prezident Putinə məktub göndərərək hərbi yardım xahiş edib. Bu, onların hərbi məğlubiyyətlərini və bizim qələbəmizi qəbul etmələri deməkdir".

"ONLAR AZƏRBAYCAN XALQININ RUHUNU DÜZGÜN HESABLAYA BİLMƏMİŞDİLƏR"

Dövlət başçısı Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumuna da toxunaraq bildirib ki, onlar mülki şəxslərə hücum etməklə Azərbaycanda, həmçinin xaos və panika yaratmaq istəyirdilər: "Lakin onlar Azərbaycan xalqının ruhunu düzgün hesablaya bilməmişdilər. Bəli, biz bu namərd hücumlardan əziyyət çəkdik. Bu vaxtadək 91 nəfər mülki şəxs öldürülüb və 400-dən çox adam yaralanıb. Lakin bu, bizim iradəmizi sındırmadı. Əksinə, bu, bizi daha da güclü etdi". Bu gün beynəlxalq təşkilatların müraciətləri və humanitar atəşkəs razılaşmalarına baxmayaraq, Ermənistan silahlı qüvvələri şəhər və kəndlərə, dinc əhaliyə və mülki obyektlərə raket hücumlarını davam etdirir. Bu onların xislətinin göstəricisidir. Azərbaycan Ordusu isə beynəlxalq humanitar hüququn norma və prinsiplərinə ciddi riayət edərək işğal altında qalan torpaqları düşməndən təmizləyir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə