Bəhruz Quliyev: "Erməni cəmiyyəti Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir"

"Ermənistanda insanlar təkcə ordunun acı məğlubiyyəti, ölkədə hərc-mərclik, özbaşınalıqdan deyil, həm də günü-gündən ağırlaşan sosial-iqtisadi durumdan ciddi narazıdırlar. Hazırda Ermənistanda ərzaq da daxil olmaqla, əksər məhsulların qiymətində artım müşahidə olunur ki, bu da onsuz da ciddi sıxıntılar içərisində olan sıravi insanların vəziyyətini daha da ağırlaşdırır". SİA-nın verdiyi məlumata görə, bunu Trend-ə açıqlamasında SƏS Media qrupunun rəhbəri, siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanda hakimiyyət içindəki qüvvələr, klanlar arasında qarşıdurma və ziddiyyətlər o qədər kəskinləşib ki, ölkədə tam xaos hökm sürür: “Ümumiyyətlə Ermənistanda vəziyyətin ağırlaşması təkcə sadaladığım amillərdən ibarət deyil. Sosial-iqtisadi vəziyyəti ağır olan Ermənistanda həm də əsgər anaları ciddi narazılıq içərisindədir. Hətta Ermənistanda Dağlıq Qarabağda öldürülən əsgərlərin valideynləri etiraz aksiyasına başlayıblar. Aksiyada onlar Ermənistan rəhbərliyindən "Boş yerə övladlarımızı məhv etməyin", "Meyitlərimizi verin" kimi şüarlar səsləndiriblər. Erməni ailələri artıq günlərdir ki, sosial şəbəkələrdə övladlarının fotosunu yayaraq, itkin kimi qeydə alınan əsgərlərin tapılmasını tələb edirlər. Bununla belə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan tərəfinə həlak olmuş hərbçilərin cəsədlərinin bitərəfli qaydada qaytarılması təşəbbüsü ilə çıxış etsə də Ermənistan rəhbərliyi hələ ki, bundan imtina edib. Bu faktların özü artıq Ermənistanın daxilində çox ciddi problemlərdən xəbər verir”.

B.Quliyev bildirib ki, istər əvvəlki hakimiyyət, istərsə də bugünkü Paşinyan “dəstəsi” Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını istəmədiyini sübut etməkdədir: “Artıq 27 ilə yaxındır ki, Ermənistan Azərbaycanın ərazilərinin 20 faizini işğal altında saxlayır. Bu, bütün dünya tərəfindən tanınmış faktdır. Bununla bağlı BMT Təhlükəsizlik Şurasının qətnaməsində də işğal faktı əksini tapıb. Və bu qətnamələr kağız üzərində qalmaqdadır. Ermənistan da Dağlıq Qarabağ münaqişəsinin ədalətli və düzgün yolla nizamlanmasını arzulamır, ancaq demaqogiya ilə məşğuldur. İrəvan özünü bütün dünyada qurban kimi qələmə verir, əslində isə işğalçıdır”.

Baş redaktor əlavə edib ki, bu gün ermənilər anlayırlar ki, Azərbaycan ərazilərinin işğalına son qoyulması və Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılması sülh və onların təhlükəsizliyinin yeganə qarantıdır: “Azərbaycan iqtisadi və hərbi baxımdan Ermənistandan xeyli güclüdür. Son hadisələr də onu göstərdi ki, Ermənistanda yerləşən Rusiya hərbi bazaları ermənilərin təhlükəsizliyinə zəmanət vermir. Ermənistan hər nə qədər xaricdən muzdlular, terrorçular cəlb etsə də, cəmi 30 günə Azərbaycana ağır şəkildə məğlub oldu. Belə olduqda, erməni silahlı birləşmələrinin bir yolu qalır - işğal olunmuş əraziləri tərk etmək və iqtisadi baxımdan güclənən Azərbaycanın ərazi bütövlüyünü tanımaq. Erməni cəmiyyəti Nikol Paşinyan iqtidarının girovluğunda qalmaq istəmir və ən maraqlısı odur ki, onların gələcək inkişafı da Azərbaycan Konstitusiyasına əməl etməkdən keçir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...