İnformasiya və təbliğat müharibəsinin qaydaları - SİYAHI

Qarabağda anti-terror əməliyyatlarının başlaması ilə qlobal məkanında tərəflərin müharibəsi daha da şiddətlənib. Bəs hazırda vəziyyət necədir? Kəmiyyət və keyfiyyət cəhətdən kimin hansı üstünlüyü var?

İnformasiya müharibəsində mövqelər

İnformasiya və təbliğat müharibəsində bəzi sahələrdə üstünlüyü ələ alsaq da, bəzilərində geri qalırıq. Ermənilər say cəhətdən bizdən 5 dəfə az olduqlarına baxmayaraq, bizdən daha çox və daha fəal iştirak edirlər və dünya xalqlarında ictimai fikri öz tərəflərinə çəkməyə çalışırlar. Bunun da əsas səbəbi ondan ibarətdir bizdə xarici dil bilənlər onlara nisbətən azdır. Hər bir erməni ən azı 1 və ya 2 xarici dili bilir.

Bundan əlavə, dünya ölkələrində ictimai, siyasi, mədəni, elmi mühitlərdə daha çox yer tutublar və bu nüfuzlarından maksimum istifadə edirlər.Əvvəllər biz qlobal informasiya məkanında ermənilərlə əsasən Qafqazın və Qarabağın tarixi, həmçinin ermənilərin törətdiyi sıyqırım, işğal və terrar faktları ilə bağlı mübarizə aparırdıqsa, indi buraya yaranmış situasiya ilə bağlı siyasi və hərbi informasiya müharibəsi də daxil olub.
Dövlət səviyyəsində dünya ictimaiyyətində erməni təbliğatına qarşı mübarizə effektiv və sanballı aparılır. Lakin informasiya müharibəsində təkcə dövlət yox, ictimai institutlar da, fərdlər də döyüşür, ona görə də, bu yazıda yalnız adi insanların sosial şəbəkələrdə, media materiallarına yazılan şərhlərlə, paylaşmalarla bağlı vəziyyətə, onların faydalılığı və ya zərərliliyi, effektivliyi və ya səmərəsizliyi ilə bağlı məsələlərə toxunmaq istəyirəm.
Müşahidələrim onu deməyə əsas verir ki, Feysbuk, Kontakt, Yutub və s. sosial şəbəkələrdə üstünlük əldə etmişik, bu həm paylaşılan materialların, yazılan şərhlərin sayında, həm də keyfiyyətində özünü biruzə verir. Sosial şəbəkələrin daha çox izlədiyim rusdilli seqmentində həm kəmiyyət, həm keyfiyyət cəhətdən üstünlük əldə etdiyimizi görürəm. Ümid edirəm ingilis dili və digər seqmentlərdə də belədir.

Lakin bəzi məqamlar var ki, siyasi savadsızlıq və ya diqqətsizlik bu mübarizədə əks-effekt verir. Bununla bağlı çox faktlar göstərmək olar. Burada yalnız birini qeyd edəcəyəm ki, məsələ aydın olsun.

2 nəfər 200 nəfərin əməyini necə məhv edir?

Bir neçə gün əvvəl Kontakt sosial şəbəkəsində böyük bir auditoriyası olan rusdilli səhifədə müzakirələr gedir. Qarabağla bağlı paylaşılan xəbərə 7 mindən artıq şərh yazılıb. Müzakirədə əsasən MDB-dən olmaqla müxtəlif xalqların nümayəndələri iştirak edir. Səhifəyə daxil olanda görürəm ki, əsasən Azərbaycanda yaşayan və ya vaxtilə yaşamış ruslar, həmçinin bizim rus dilini bilən vətəndaşlarımız erməniləri hər cəhətdən sıxışdırıb, sanballı arqumentlər və təkzibedilməz faktlarla erməni yalanlarını bir-bir ifşa edir və müzakirədə iştirak edən minlərlə şəxsdə ölkəmizə, xalqımıza simpatiya formalaşdırır, ermənilərin isə vəhşi və terrorçu olduğunu sübut edirlər. Və bundan sonra erməni olmayan demək olar ki, hər kəs bizi dəstəkləyən şərhlər yazırlar. Əla! Bu ki, çox gözəldir. Amma...

Elə bu məqamda ortalıqda siyasi savadı, dünyagörüşü olmayan hay-küyçü iki azərbaycanlı peyda olur və yazır- ermənilərin hamısını qıracağıq arvad-uşaq demədən, Ermənistan da bizimdir, oranı da Azərbaycana birləşdirəcəyik və sair, və ilaxır...

Buyurun, bayaqdan yüzlərlə adamın xeyli vaxt sərf edərək ağır zəhmət hesabına apardığı mübarizənin içinə zibili qoydular. Artıq müxtəlif xalqları təmsil edən 7 mindən artıq insanda fikir formalaşmağa başlayır- azərbaycanlılar vəhşidirlər, əsil üzləri budur, yəqin ki o birilər artistlik edirlər, əslində hamısı belə düşünür...
Əvvəl şübhələndim ki, bunlar azərbaycanlı adi ilə üzv olan ermənilərdir. Belələrinə də az rast gəlinmir, amma konkret bu müzakirədəkiləri yoxladım- təmiz azərbaycanlıdırlar. Sadəcə savad, düşüncə, beyin yoxdur...
Əlbəttə, mən başa düşürəm ki, ermənilərin mülki şəxslərə, uşaqlara qarşı etdiyi terror aktları insanları qəzəbləndirir və onlar hisslərini cilovlaya bilmir. Amma siyasət və informasiya məkanı belə fikirlərin və belələrinin yeri deyil, ciddi, peşəkar və soyuqqanlı şəkildə iş aparan adamların yeridir.

Ermənilərin həlak etdiyi mülki vətəndaşlarımızın qisası çox ağır alınır, həm də döyüş meydanında. Burada isə məsələ başqadır, məqsəd başqadır, fəaliyyət istiqaməti başqadır. Bunları bilmirsənsə bu işdən aralı dur.
Ona görə də, hər kəs öz işi ilə məşğul olsa yaxşıdır. İnformasiya müharibəsini jurnalistlər, ictimai xadimlər, siyasətçilər, ziyalılar aparmalıdır. Qalanları öz sahələrində işləyib vətənə xeyir verə bilərlər. Burada isə zərər vururlar.

Bu işdə peşəkar olmayanlar üçün bəzi məsləhətlər

1. Bəzi informasiyalar var ki, daxili auditoriya üçündür, bəziləri isə xarici auditoriya üçün. Bunu ayıra bilmirsinizsə, xarici seqmentdə nəsə paylaşmayın.
2. Bizim məqsədimiz başqa xalqarda Azərbaycana, azərbaycanlılara qarşı simpatiya formalaşdırmaq, həqiqətləri onlara çatdırmaqdır, erməniləri qırırıq və ya qıracağıq deməklə antipatiya qazanmaq yox.
3. Əsas fəaliyyət istiqaməti erməni terrorunu, işğalını və saxtakarlığını ifşa etməkdir. Bir də Paşinyanı sərt tənqid etmək və onun bizim üçün ən pis erməni prezident olmasını vurğulamaq. Bunları söyüşlə yox, mədəni, savadlı və sanballı şəkildə etmək lazımdır.
4. Bəzi məlumatlar var ki, dezinformasiyadır, onları xarici forumlarda ortaya atıb, doğrularımızı da yalan kimi qəbul etdirmək lazım deyil. Bir yalan 10 doğrunu aparır.
5. Bu, xalqların müharibəsi deyil, orduların müharibəsidir. Yəni, bizim hədəfimiz erməniləri qırmaq deyil, Qarabağı işğaldan azad etməkdir. Biz Ermənistan ordusunun terrorçu dəstələrinə qarşı döyüşürük, onlar isə mülki şəxslərə qarşı terror edir.
6. Bu müharibə dini zəmində deyil, burada xristian və ya müsəlman kontekstində nəsə yazmaq zərərlidir. Əksinə, göstərmək lazımdır ki, biz multikultural ölkəyik, burada onlarla xalqın və dinin nümayəndələri uzun əsrlərdir ki, mehriban yaşayır.
7. Ermənilər dünyada təkləndiyindən bəzi dezinformasiyalar yaymaqla həm bizimlə qonşu ölkələrin arasını vurmağa çalışırlar, həm də xalqımızda qorxu yaratmağa çalışırlar. Bu tələyə düşmək olmaz. Bizim yeganə düşmənimiz Ermənistandır.
8. Xarici seqmentlərdə erməni əsgərlərinin meyitlərinin şəkillərini paylaşmaq əvəzinə (hərbçi də olsa insan ölümü digər insanlarda diskomfort yaradır və insan həmişə zəifin yanında olur), raket bombardmanı ilə öldürülmüş dinc vətəndaşlarımızın, uşaqların şəkillərini paylaşmaq lazımdır.
9. Tarixi mövzularda ancaq ciddi və xarici mənbələrə istinad etmək lazımdır, “bizim filan tarixçi belə yazır” əvəzinə, “filan rus, ingilis, fransız tarixçisi belə yazır” daha effektlidir. Deyiləni sübut edən həqiqi sənədlərin və xəritələrin paylaşılması da vacibdir.
10. Hər hansı bir xəbər, material, foto gördükdə onun mənşəyini tələb edin. Məsələn, bir foto paylaşılıb üstünə istənilən sözü yazmaq olar və bu xüsusi mərkəzlərin informasiya müharibəsi elementidir. Suriyada çəkilmiş fotonu yayıb ermənilər Xocalıda bizi belə qırıblar yazmaq xarici auditoriyada əvvəllər görülmüş bütün işi məhv etməyə bərabərdir.
11. Hərbi xarakterli məlumatları, videoları, fotoları rəsmi mənbələrdən paylaşın, rəsmi olmayanları da ciddi mənbələrdə olarsa paylaşa bilərsiniz. Şəhid xəbərlərini çox paylaşmaq indiki vaxtda məsləhət deyil, mülki şəxslərimizin öldürülməsini isə xarici seqmentdə paylaşın.
12. Siyasi, tarixi, demoqrafik və s. mövzularda infoqrafikalardan istifadə edin, qısa, aydın konkret yazın, rəsmi mənbələrdən və sənədlərdən, nüfuzlu alimlərin, siyasətçilərin fikirlərindən bəhrələnin.
13. Müqayisəli ifşaedici faktlar qoyun, məsələn, Azərbaycan ordusunun öldürdüyü erməni uşaq yoxdur, amma erməni ordusunun öldürdüyü xeyli azərbaycanlı uşaq var. Azərbaycanda onlarla xalqın nümayəndəsi yaşayır, Ermənistan isə monoetnik ölkədir. Azərbaycanda erməni kilsələri, qəbiristanlıqları belə durur, Ermənistanda isə bizə məxsus olan hər şey dağıdılıb və s.
14. Dağlıq Qarabağ adlı substansiya yoxdur, Qarabağ coğrafi regionu var, onun da dağlıq hissəsi və aran hissəsi var. Münaqişədən qabaq Qarabağ regionunun (indiki işğal edilmiş bütün ərazilərin) ümumi əhalisinin 75 faizdən çoxu azərbaycanlı olub.
15. Siyasi müzakirələrdə BMT qətnamələrinə istinad edin, erməni xalqının öz müqəddaratını artıq təyin etdiyini, sərhədlərin dəyişilməzliyi haqda beynəlxalq konvensiyanı xatırladın. Əks halda Ermənistandan qovulmuş 200 min azərbaycanlının da orada dövlət yaratma haqqının olduğunu ortaya qoyun.
16. Dünyaya göstərməliyik ki, biz sülh üçün 30 il çalışdıq, ən son imkanlardan istifadə etdik, ən böyük güzəştlərə hazır olduq, lakin Ermənistan hər dəfə danışıqları pozdu. Ona görə də, Azərbaycan BMT-nin qətnamələrini icraya yönəltdi və bununla həm dünya birliyinin dağılmasının, BMT-nin nüfuzunun tamam itməsinin qarşısını aldı, həm də başqa ölkələrə pis bir nümunə olacaq qonşu ölkənin ərazisini zor yolu ilə ələ keçirmək presidentini aradan qaldırdı.

Müharibə həm də arxa cəbhədə udulur

Ümumiyyətlə, informasiya və təbliğat işi peşəkarlıq, yüksək savad və dünyagörüş tələb edir. Ən əsası da ağır zəhmət, səbr, böyük vaxt və enerji. Bu işlə məşğul olanların əməyini yerə vurmaq olmaz. Ona görə də, bu keyfiyyətlər sizdə varsa, və ya yuxarıda dediklərimizi edə biləcəksinizsə, enerjinizi, vaxtınızı daxildə bir-birinizə eyni məlumatları yazmağa yox, xarici seqmentlərdə mübarizəyə çatdırmağa sərf edin. Əgər bu qabiliyyətlər sizdə yoxdursa, dediklərimizi də edə bilməyəcəksinizsə, xarici auditoriyaya çıxmaq məsləhət deyil.
Ümumiyyətlə, nə qədər vacib olsa da informasiya müharibəsi ümumi işin ancaq bir istiqamətidir. Müxtəlif cəbhələrdə (siyasi, iqtisadi, təbliğat, kibermüharibə və s) mübarizə gedir, müxtəlif sahələrdə ümumi Qələbəyə töhfə vermək mümkündür. Bu gün arxa cəbhə ön cəbhənin dayağı olmalıdır. Böyük Vətən Müharibəsində qələbənin əldə edilməsində arxa cəbhənin nə qədər böyük paya malik olduğunu hamı bilir. Cəmi 1 şüar Qələbəni təmin etdi - Hər şey cəbhə üçün, hər şey qələbə üçün! Cəbiş müəllimlərin çox olduğu xalq və ölkə qalib gəlir.

Müharibəni təkcə dövlət, təkcə ordu aparmır, bütün xalq aparır. Bu gün biz xalq və dövlət olaraq heç vaxt olmadığımız qədər birik, birgəyik. Bu birliyimizi heç nə yıxa bilməyəcək. Xalqın birliyi dövlətin gücüdür və Qələbənin açarıdır.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...