Azərbaycan-Türkiyə – Örnək qardaşlıq birliyi

29 Oktyabr Türkiyə Cümhuriyyəti Günüdür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu yazıb.

Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım. 29 Oktyabr – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda qardaş Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən xoş arzu və diləklərimi yetirirəm. Biz Türkiyə Respublikasının əldə etdiyi nailiyyətləri daim böyük məmnunluqla izləyir, uğurlarına öz uğurlarımız qədər sevinirik. Son illər ərzində qardaş ölkəniz siyasi, iqtisadi, sosial, hərbi, texnoloji cəhətdən hərtərəfli inkişaf nümayiş etdirərək dünya miqyasında müstəqil siyasət yürüdən güc mərkəzinə çevrilmişdir. Bütün bu nailiyyətlərdə şəxsən Sizin misilsiz rolunuz və əvəzsiz xidmətləriniz vardır. Qardaş xalqınızın Sizə bəslədiyi böyük inam və etimad ölkənizin rifahı naminə həyata keçirdiyiniz siyasətə verilən ən yüksək qiymətdir.

Xalqlarımızın iradəsindən və ortaq milli-mənəvi dəyərlərindən qaynaqlanan Azərbaycan-Türkiyə birliyi və strateji müttəfiqliyi birgə səylərimizlə bu gün ən yüksək səviyyədədir. Dünyada bənzəri olmayan bu dostluq və qardaşlıq münasibətləri regionda sülhə, təhlükəsizliyə və əməkdaşlığa xidmət edən, siyasi və iqtisadi proseslərə istiqamət verən mühüm amilə çevrilmişdir.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ortaya qoyduğunuz qəti və birmənalı mövqe, haqq işimizə verdiyiniz tərəddüdsüz dəstək həmrəyliyimizin bariz nümunəsidir və xalqımız üçün olduqca dəyərlidir. Azərbaycan da öz növbəsində bütün məsələlərdə qardaş Türkiyənin yanındadır.

Əminəm ki, gələcək nəsillərə ən böyük əmanətimiz olan sarsılmaz Azərbaycan-Türkiyə birliyi və qardaşlığı "Bir millət, iki dövlət” şüarına uyğun olaraq bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və güclənəcəkdir.

Bu bayram günündə Sizin sevincinizi bölüşür, Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

29 oktyabr tarixində Türkiyədə qeyd olunan dövlət bayramı

1922-ci ildə səltənətin qaldırılmasından sonra Türkiyə dövlətinin siyasi quruluşunun yəkun təsbiti məsələsi 1923-cü ilin oktyabrında cümhuriyyətin elanı ilə həll edildi. 6 əsr ərzində çoxmillətli türk-islam monarxiyası şəklində həyat sürən Türkiyə dövləti TBMM-in 29 oktyabr tarixli qərarı ilə həyatına respublika kimi davam etmişdir. Cümhuriyyətin elanından sonra ilk Prezident seçilən Mustafa Kamal Paşa Türkiyənin Osmanlı İmperiyasından yeni siyasi rejimə faktiki keçidini şərtləndirən geniş miqyaslı islahatların banisidir. 1925-ci ildən etibarən keçirilməyə başlayan bayram Türkiyənin bütün şəhərlərində, Şimali Kipr Türk Respublikasında (KKTC) və dünyanın bütün ölkələrindəki Türkiyə səfirliklərində qeyd edilir.

Azərbaycan–Türkiyə münasibətləri milli, mənəvi və mədəni dəyərləri ilə bir-birinə eyni köklərlə bağlı olan xalqlarımızın iradəsindən qaynaqlanır. Hazırda dünyada bir-birinə bu qədər yaxın olan ikinci bir nümunə göstərmək mümkün deyil. Bu mənada Türk dünyasının böyük oğlu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir", Ümummilli Lider Heydər Əliyevin "Bir millət iki dövlət" ifadələri münasibətlərimizin əsl mahiyyətini əks etdirir.

İftixarla qeyd etmək lazımdır ki, Qurtuluş savaşından sonra çox mürəkkəb və ziddiyyətli bir beynəlxalq vəziyyətdə Türkiyə Cümhuriyyətinin elan edilməsi XX əsrin ən mühüm hadisələrindən idi. Keçən dövr ərzində Türkiyə Cümhuriyyəti hərtərəfli inkişaf edərək, çox böyük və şərəfli yüksəliş yolu keçmiş, ən inkişaf etmiş dövlətlərlə bir sırada layiqli yerini tutmuşdur.

Dünyanın siyasi xəritəsində mühim mövqeyə malik Türkiyə XXI əsrin əvvəllərindən regionda və dünyada əsas söz sahiblərindən birinə çevrilmişdir. Təsadüfi deyildir ki, Türkiyə “Böyük-İyirmilik” ölkələri içərisində ən sürətlə inkişaf edən iqtisadiyyata malik ölkələrdən biridir.

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanı tanıyan ilk dövlət Türkiyə olmuşdur. Müstəqilliyin ilk illərindən etibarən Türkiyə Azərbaycanın dövlət quruculuğu yolunda atdığı addımları daim dəstəkləmiş, böyük dövlətlərin iştirak etdiyi tədbirlərdə Azərbaycan naminə haqq səsini ucaltmışdır.

Ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin həmişə Azərbaycan xalqının yanında olması böyük dostluğumuzun, qardaşlığımızın ifadəsi və həmrəyliyimizin rəmzidir.

Prezident İlham Əliyev: “Türkiyə münaqişənin həllində fəal rol oynamalıdır və oynayacaq”

“Biz gərək mövcud reallıqları nəzərdən keçirək. Bu reallıqlar, həqiqi vəziyyət ondan ibarətdir ki, bu gün Türkiyənin iştirakı olmadan bu bölgədə hər hansı bir məsələ həll edilə bilməz. Bu, kiminsə xoşuna gələ bilər, gəlməyə bilər, bu, faktdır, bu, gerçəkdir. Təbii ki, Türkiyə Azərbaycanın, Ermənistanın və digər Cənubi Qafqaz ölkəsi olan Gürcüstanın qonşusu olaraq bu bölgədə fəal rol oynayır. Bu, Türkiyənin haqqıdır. Bu, tarixən belə olub”.

Prezident İlham Əliyev bu fikirləri Türkiyənin NTV kanalına müsahibəsində Qarabağ probleminin həllində Türkiyənin iştirakının vacibliyindən danışarkən bildirib və deyib ki, bu döyüşlərin ilk saatlarından onu hərbi müstəvidən siyasi müstəviyə, siyasi prosesə çevirmək üçün biz çox açıq və dəqiq mövqeyimizi bildirdik ki, Türkiyə mütləq bu işlərdə olmalıdır: “Əgər olarsa, o zaman bu döyüşlər daha tez bir vaxtda dayanacaq və sülh prosesi başlayacaq. Mən onu da bildirmişdim ki, faktiki olaraq Türkiyə prosesdə var. Çünki dünən cənab Ərdoğanın və cənab Putinin danışığı bunu göstərir. Eyni zamanda, ondan əvvəlki günlərdə Türkiyənin və Rusiyanın Xarici İşlər nazirlərinin, Müdafiə nazirlərinin də telefon danışıqları olub. Onlar Qarabağ mövzusunu müzakirə edirlər”.

Azərbaycanın bu məsələ ilə bağlı mövqeyini bir daha bəyan edən Prezident İlham Əliyev deyib ki, Türkiyə mütləq olmalıdır: “Hansı statusda olacaq, bu, texniki məsələdir. De-fakto artıq Türkiyə var. Onsuz da Türkiyə Minsk qrupunun üzvüdür. Minsk qrupu da otuz il ərzində bir nəticəyə nail olmadı, otuz il ərzində Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsinin icra olunmasına kömək etmədi. Bu vəziyyət faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxardı. Ancaq nəticə etibarı ilə iyul ayında bizə edilən hücum, avqust ayında erməni təxribatçı qrupunun bizə göndərilməsi və nəhayət, sentyabr ayında genişmiqyaslı hücum göstərdi ki, bu münaqişə dondurulmuş məsələ deyil. Biz mövqeyimizdə qalırıq və əlbəttə ümid edirik ki, bu məsələ tez bir zamanda masa arxasında həll edilsin. Türkiyə mütləq bu işlərdə fəal rol oynamalıdır və əminəm ki, oynayacaqdır”.

Rəcəb Tayyib Ərdoğan: “Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək”

Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın dediyi kimi Türkiyənin Dağlıq Qarabağ barədə siyasəti açıq və aydındır. Türkiyə prezidenti bildirib ki, Türkiyə Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü əsasında, sülh yolu ilə həllini dəstəkləyir və bundan sonra da dəstəkləyəcək.

«Ermənistanın Dağlıq Qarabağ münaqişəsinə qeyri-adekvat münasibəti səbəbindən 30 ildir davam edən bu məsələnin yeganə həlli işğala son qoymaqdır. İşğalın qanuniləşdirilməsi təkliflərinin ərazidə tətbiq olunması şansı yoxdur. Torpaqların azad edilməsi istiqamətində Azərbaycanın son dərəcə qətiyyətli olduğunu görürük. Türkiyə olaraq bütün qəlbimizlə torpaqlarını geri almaq üçün apardığı bu haqlı mübarizəsində Azərbaycanı dəstəkləyirik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə-Afrika İqtisadi və İş Forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

Rəcəb Tayyib Ərdoğan: “İlham qardaşıma zəng edib deyirlər ki, yanınızda kimin olduğunu bilirik”

“Bəzi amerikalılar İlham qardaşıma zəng edib deyir: «Biz sizin yanınızda kimin yer aldığını bilirik, Ərdoğan var, Türkiyə var. Biz Türkiyəyə də lazım gələrsə, sanksiya tətbiq edərik». Sən kiminlə oynadığının fərqində deyilsən. Sanksiya tətbiq etmək istəyirsənsə, et, gecikdirmə. «F-35» üçün addım atdıq, bizi təhdid etdiniz. “S-400”ləri Rusiyaya geri göndərin» dediniz. Biz qəbilə dövləti deyilik. Biz Türkiyəyik, Türkiyə! Dünyanı yaşanmaz hala gətirən qüvvələr oyunlarını pozduğumuza, gerçək üzlərini ortaya çıxardığımıza görə bizi hədəf taxtasına qoyublar. Qoysunlar, dayanmaq olmaz, yola davam!”, - deyə Rəcəb Tayyib Ərdoğan sözlərinə əlavə edib.

Azərbaycan Prezidenti: “Türkiyənin iştirakı olmasa, bu məsələ həll edilə bilməz!”

“Təbii ki, biz qardaş Türkiyəni bu prosesdə görürük. Biz bunu alqışlayırıq. Biz bilirik ki, Minsk qrupu ATƏT tərəfindən qurulmuşdur və ATƏT-in öz qaydaları var. O qrupun tərkibinin dəyişdirilməsinin yəqin ki, hüquqi prosedurları var. Biz o dərinliyə getmək istəmirik. Ona görə mən demişəm ki, de-yure, ya da de-fakto, fərq etməz. Əsas odur ki, Türkiyə bu masada olsun. Onsuz da var. Çünki əziz qardaşım, hörmətli Rəcəb Tayyib Ərdoğan Qarabağ məsələsi ilə bağlı hörmətli Putinlə dəfələrlə görüşmüşdür, dəfələrlə danışmışdır. Artıq uzun illərdir, yəni, on ildən çoxdur ki, bu məsələ Türkiyə-Rusiya gündəliyində duran bir məsələdir. Mənim bundan xəbərim var. Həm Türkiyə Prezidenti, həm Rusiya Prezidenti bu haqda mənə demişdilər. Onsuz da Türkiyə var. İndi daha çox, daha böyük həcmdə, daha böyük miqyasda var». Bunu Türkiyənin “Haber Türk” televiziya kanalına müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.

Türkiyənin bölgədəki sabitləşdirici rolunu vurğulayan dövlətimizin başçısı deyib: “Ermənistanın növbəti hücumu ilə əlaqədar bu gün yaranmış vəziyyət bir daha onu göstərir ki, Türkiyə həm regionda, həm dünyada söz sahibidir. Əlbəttə ki, bu, bizi gücləndirir, ruhlandırır. Bu gün həm bizim xalqlarımız, həm də bütün dünya görür ki, Türkiyə-Azərbaycan birliyi nə deməkdir”.

Prezident İlham Əliyev qeyd edib ki, Türkiyə-Azərbaycan birliyi bütün dünya üçün örnək olmalıdır: «Bu gün biz real həyatda bunu göstəririk, sübut edirik və bu birliyin gələcəyi, hesab edirəm ki, bölgədə dayanıqlı sülhün təmin edilməsi üçün əsas şərt olacaqdır».

Bəli, bu gün Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı sadəcə olaraq, kəlam deyil, bu, gerçəkdir. Artıq bu reallıq bütün sahələrdə sübuta yetirilməkdədir. Hər zaman da bu belə olacaq.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə