"Rəsmi Bakı əsl qonşuluq münasibətlərinə həmişə sadiq qalıb" ÖZƏL-MÜNASİBƏT

“Mən artıq demişəm, bir daha demək istəyirəm ki, bu qanlı döyüşlər bizim üçün, bütün Azərbaycan xalqı üçün həqiqət anıdır. Biz görürük kim kimdir. Biz görürük ki, bəzi hallarda yaxşı sözlər deyən, yaxşı bəyanatlar verən bəzi tərəflər öz sözünün arxasında durmur. Sözdə bir şey deyilir, əməldə başqa şey edilir”. Prezident İlham Əliyevin Dağlıq Qarabağda döyüşlərin başlamasından 3 gün sonra verdiyi bu açıqlamanın üzərindən 20 gündən artıq zaman keçib. Ötən bu zaman kəsiyi Azərbaycana kimin dost münasibətdə olduğunu, ölkəmizin vaxtilə etdiyi yaxşlıqları kimlərin itirmədiyini tam çılpaqlığı ilə göz önünə sərməkdədir".Bunu SİA-ya Əməkdar jurnalist Elman Babayev deyib.

Onun sözlərinə görə, indiki çətin sınaq dönəmində Azərbaycanın yanında olan ölkələr sırasında qonşu Gürcüstanın da yer alması olduqca mühümdür: "Qonşu dövlət ilk gündən öz ərazisindən düşmən ölkəyə silah-sursat daşınmasını əngəlləyib. Gürcüstanın Azərbaycanın haqq işini dəstəkləyənlər çərgəsində olması bölgədə Ermənistanın təklənməsinə gətirib çıxarıb.

Prezident İlham Əliyev də qonşu ölkənin bu mövqeyini təqdir edib: “Gürcüstanın hazırkı hakimiyyəti strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirir və bu münasibətlərin inkişafına əməli töhfələr verir”. Dövlət başçısı Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində onu da vurğulayıb ki, Azərbaycan və Gürcüstan strateji tərəfdaşdır, iki ölkənin hökumətləri arasında mükəmməl əlaqələr mövcuddur, münasibətlər qarşılıqlı dəstək, dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanır.

Münasibətlərin indiki bu cür arzuolunan səviyyəyə çatmasının səbəblərinə toxunsaq, burada Ulu öndər Heydər Əliyevin zamanında bünövrəsini qoyduğu əlaqələri xüsusi vurğulamaq vacibdir. Unutmaq olmaz ki, ən yüksək səviyyəyə çatan münasibətlər heç də asan başa gəlməyib. 1991-ci ildən 1993-cü ilə qədər olan dövrdə Qamsaxurdiyanın gürcü millətçiliyini yerli azərbaycanlılara qarşı çevirmək kimi seçdiyi yanlış xətt Azərbaycan ilə Gürcüstan arasında müstəqilliyin ilk illərində münasibətlərin xoşagəlməz bir forma almasında xüsusi rol oynamışdı. 1993-cü ildə Azərbaycanda Heydər Əliyevin, Gürcüstanda isə Eduard Şevardnadzenin hakimiyyətə gəlməsi bu vəziyyəti tamamilə dəyişdi. Bu liderlərin kifayət qədər təcrübəli və siyasətdə naşı olmamamaları dərhal özünü büruzə verdi. Yürüdülən yeni siyasət narazılıqların qızışdırılmasına yox, onların qısa müddətdə aradan qalxmasına gətirib çıxartdı. Münasibətlərin yaxşlaşması mühüm sənədlərin imzalanmasına yol açdı, ayrı-ayrı dövrlərdə iki ölkə arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən sənəd imzalandı.

Məlumatlara əsasən, keçən müddətdə, ümumilikdə iki ölkə arasında 100-dən artıq hüquqi-normativ sənədə imza atılıb. Əsası qoyulan strateji əməkdaşlığın bütün sahələr üzrə davam etməsi iki ölkəni Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TRASEKA, Bakı-Tbilisi-Qars kimi qlobal enerji, nəqliyyat-kommunikasiya layihələri ilə daha da yaxınlaşdırdı.

Beynəlxalq qurumlarda əməkdaşlıq nümunəsi də ikitərəfli strateji əlaqələri daha da möhkəmləndirdi.

2003-cü ildən indiyə qədər münasibətlərin hazırkı səviyyəyə qədər inkişaf etməsində Prezident İlham Əliyevin rolu danılmazdır. Gürcüstanda tez-tez baş verən hakimiyyət dəyişikliklərinə və müxtəlif mövqeli siyasilərin hakimiyyətə gəlmələrinə baxmayaraq, Prezident İlham Əliyevin yürütdüyü soyuqqanlı və düzgün siyasət münasibətlərin daha da inkişafına gətirib çıxarıb. Münasibətləri pozmağa xidmət edən addımlar məhz İlham Əliyevin təmkinli davranışları, diplomatik gedişləri ilə əngəllənib.

Təsadüfi deyil ki, bu gün Gürcüstanın ən aktiv ticarət əlaqəsi olan ölkələr sırasında Azərbaycan öncül yerlərdən birini tutur və bu ölkə Azərbaycanın ən yaxın müttəfiqlərindən biridir. Bu iki qonşu dövləti birləşdirən cəhətlər; müstəqillik qazandıqdan sonra daxili və xarici vəziyyətin oxşarlığı, geosiyasi maraqların üst-üstə düşməsi, müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrin genişlənməsi, Qafqazda sabitliyin qorunması, Transqafqaz və Transxəzər magistralının təhlükəsizliyinin təmin edilməsi və başqa amillər böyük peşəkarlıqla münasibətlərin inkişafına yönləndirilib.

Rəsmi Bakı əsl qonşuluq münasibətlərinə həmişə sadiq qalıb. İqtisadi rıçaqlardan sui-istifadə etməyib, qonşusuna qarşı güzəştli mövqe tutub. Azərbaycan dar günün qonşusu olduğunu sözün bütün mənalarında sübut edib.

Bütün bunların nəticəsidir ki, Azərbaycanla Gürcüstan birlikdə regionun və daha geniş coğrafiyanın inkişafını şərtləndirən mühüm enerji və nəqliyyat layihələri reallaşdırıblar. Ölkəmizin səyləri sayəsində gerçəkləşən transmilli layihələr Gürcüstanın inkişafında, təhlükəsizliyinin təmin edilməsində çox mühüm rol oynamaqdadır. Azərbaycan Gürcüstanda iki ən böyük investordan və vergi ödəyicisindən biridir. Azərbaycan Gürcüstanda bir çox humanitar və sosial layihələr reallaşdırır.

Ümumiləşdirsək, hazırda Azərbaycan və Gürcüstan strateji tərəfdaşdırlar, iki ölkə hökuməti arasında mükəmməl əlaqələr mövcuddur, münasibətlər qarşılıqlı dəstək, dostluq və yaxın qonşuluq prinsiplərinə əsaslanır. Gürcüstanın hazırkı hakimiyyətinin strateji tərəfdaşlıq, qonşuluq və dostluq münasibətlərinə sadiqlik nümayiş etdirməsi bu münasibətlərin gələcəkdə daha da inkişafına əməli töhfələr verəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə