Məcburi köçkünlərə 40 ton ərzaq yardımı göndərilib FOTO

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) cəbhə xəttinə yaxın ərazilərdə yaşayan və Ermənistanın mülki əhalini hədəf alan atəş zərbələrindən zərər çəkən Azərbaycan vətəndaşlarına 40 ton ərzaq yardımı göstərib. Hazır və konservləşdirilmiş ərzaq məhsullarından ibarət bağlamalar Tərtər, Ağdam və Bərdə rayonları ərazisində 2 min ailəyə (təxminən 8000 nəfərə) paylanıb.

Ermənistan silahlı birləşmələrinin bu il sentyabrın 27-də genişmiqyaslı təxribatlara başlamasına cavab olaraq Azərbaycan Ordusu torpaqlarının işğaldan qurtarılması məqsədi ilə əks-hücum əməliyyatlarına başlayıb. SİA-nın verdiyi məlumata görə, döyüş meydanında məğlub olan və davamlı şəkildə geri çəkilən işğalçı qüvvələr Azərbaycanın cəbhə xəttinə yaxın yaşayış məntəqələrini aramsız atəşə tutur.

TİKA cəbhə bölgəsindəki mövcud vəziyyətdə çətinliklərlə üzləşmiş azərbaycanlı əhaliyə dəstək olmaq və onların ərzaq təminatına dəstək vermək məqsədi ilə layihə həyata keçirməyə başlayıb. Layihə çərçivəsində hazır və konservləşdirilmiş qida məhsullarından ibarət 40 ton ərzaq cəbhəyanı rayonlarda yaşayan vətəndaşlara paylanacaq. Bu çərçivədə Tərtər, Ağdam və Bərdədə 2 min ailənin (8000 nəfər) qida ehtiyacları qarşılanacaq.

Ət və balıq konservləri, pendir, hazır kartof püresi və makaronlar, cem, meyvə suyu, şəkər, çay, çörək, qaymaq və s. hazır qidalardan ibarət ərzaq bağlamaları 23 oktyabr 2020-ci il tarixində bölgədəki ailələrə paylanacaq.

Hazırlanan ərzaq bağlamaları 22 sentyabr 2020-ci il tarixində Türkiyə Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Erkan Özoral, TİKA Bakı Proqram Koordinatoru Teoman Tiryaki və Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sədr müavini Fuad Hüseynovun iştirakı ilə keçirilmiş yolasalma mərasimi ilə bölgəyə göndərildi.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə