Erməni kinorejissor Ermənistanı ittiham etdi ANALİTİK

Karen Şahnazarov: “Erməni rəhbərliyi Qarabağ uğrunda döyüşməkdənsə, Ermənistanı necə xilas etməli olduğunu düşünməlidir”

“Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması yerinə müharibənin yenidən başlanması Ermənistanın yeni rəhbərliyinin iflasa uğramış siyasətinin nəticəsidir”. SİA xəbər verir ki, bu barədə Vladimir Solovyovun “Rossiya 1” TV kanalındakı aparıcılıq etdiyi verlişində erməni mənşəli rusiyalı rejissor, Rusiyanın xalq artisti, “Mosfilm”in baş direktoru Karen Şahnazarov deyib.

“İrəvanın xaricdən heç bir əhəmiyyətli dəstəyi yoxdur. Erməni rəhbərliyi Qarabağ uğrunda döyüşməkdənsə, Ermənistanı necə xilas etməli olduğunu düşünməlidir. Bu, kifayət qədər çox çətin vəziyyətdir və erməni rəhbərliyinin düşüncəsizliyinin bəhrəsidir”, erməni kinorejissor bildirib.

“İstəsən də, istəməsən də Azərbaycanın ərazi problemini tanımaq lazımdır”

Şahnazarov ermənilərin Azərbaycanın ərazi bütövlüyünü tanımalı olması barədə deyib: “Situasiya belədir ki, istəsən də, istəməsən də Azərbaycanın ərazi problemini tanımaq lazımdır və eyni zamanda, elə bir status axtarıb-tapmaq lazımdır ki, erməni əhalisinin bu regiondakı təhlükəsizliyi, inkişafı və mədəniyyəti zəmanətə alınsın. Başqa heç bir yol yoxdur”.

Kinorejissor Ermənistan ictimaiyyətini özlərini İsraillə eyniləşdirməməyə də çağırıb: “Birincisi, İsrail kifayət qədər və daha çox gücə malikdir, ikincisi, birbaşa deyə bilərik ki, yəhudi diasporu erməni diasporundan qat-qat güclüdür. İsrail olmasa, amerikalılar Yaxın Şərqdə ola bilməzlər”.

“Abxaziya, Cənubi Osetiya, Donbas Rusiya ilə həmsərhəddir, Qarabağ isə Azərbaycanın daxilindədir”

Karen Şahnazarov həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsi postsovet məkanındakı digər separatçı münaqişələrdən fərqlənir. “Abxaziya, Cənubi Osetiya, Donbas Rusiya ilə həmsərhəddir, Qarabağ isə Azərbaycanın daxilindədir. Onun ətrafındakı rayonlar da Azərbaycanın tərkib hissəsindədir. Əgər yeddi rayon geri qaytarılarsa, onda Qarabağ nə edəcək?

Rusiya ciddi əsaslar olmasa münaqişəyə qarışmayacaq. Rusiyanın bu münaqişəyə qatılması üçün heç bir hüquqi imkanları yoxdur. Bəli, Rusiya Ermənistanın maraqlarını təmin etməlidir, ancaq Rusiya hansı əsasla oraya öz qonşunlarını göndərə bilər? Soyqırımı təhlükəsi? Onu heç kim tanımır. Azərbaycan Prezidenti çox inamlı çıxış edir və deyir ki, ermənilər və azərbaycanlılar bir yerdə yaşayacaqlar və Azərbaycan buna zəmanət verir”, Şahnazarov bildirib.

“Rusiyaya gəldikdə isə, ona cənubdakı müharibədə iştirak etmək lazım deyil”

Onun sözlərinə görə, “dqr”in müstəqilliyini heç kim tanımayacaq. Bu kimi məsələlər güclə həll olunur, ancaq güc yoxdursa, kompromis axtarılmalıdır: “Güzəştə getmək lazımdır, anlamaq vacibdir ki, inadla bu məsələni həll etmək mümkün deyil. Onu həll etmək olar - ən əsası, bütün mübahisəli ərazilər geri qaytarılmalıdır, daha dəqiqi isə, bu ərazilər mübahisəli deyil, bunu qəbul etmək lazımdır. Azərbaycan isə həmin ərazidə yaşayan erməni əhalisinin konkret olaraq məsələlərini həll etməlidir.

Kinorejissor hesab edir ki, indi erməni dövlətçiliyi deyil, əsas olaraq erməni xalqının saxlanılması hədəf seçilməlidir. O, Ermənistanın tərəfində olmayan bir sıra xarici ölkələrin adlarını da sadalayıb: “Bəllidir ki, Qərb Ermənistanın tərəfində olmayacaq, əgər formal olaraq götürərsək. Lakin ritorik olaraq, hər hansı ABŞ konqresmeni deyəcək ki, ermənilərə kömək etmək lazımdır. Ancaq Türkiyə reallığı Qərb üçün əhəmiyyətlidir – bu, NATO ölkəsidir.

Düşmən münasibəti göstərən Gürcüstan istənilən hadisələrdə blokada elan edəcək, necə ki, bu, 90-cı illərin başlanğıcında da bu cür idi. Onda İrəvanda ağac, taxta məhsulu olan nə varsa yandırırdılar, çünki qızınmağa heç nə yox idi.

Ermənistana yeganə kömək edən İrandır. İran Ermənistana pis yanaşmır, ancaq İranda bir milyon erməni və 20 milyon azərbaycanlı yaşayır. İranın Ermənistana münasibətinin dəyişməyəcəyini də kimsə deyə bilməz”.

“Rusiyaya gəldikdə isə, ona cənubdakı müharibədə iştirak etmək lazım deyil. Məgər indi Rusiyada belə bir mümkünlük varmı ki, ölkənin cənub sərhədlərində müharibəyə qatılsın? Ona bu kimi addıma getmək ümumiyyətlə lazım deyil. Bütün bunlar məhz ona görə edilir – Rusiyanı cənubdakı münaqişəyə cəlb etmək və gücünü zəiflətmək. Buna isə ancaq sevinərlər”, Karen Şahnazarov bildirib.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə