Beynəlxalq konfransda Ermənistanın Azərbaycana təcavüzü haqqında danışılıb

Özbəkistanın Ali Təhsil Nazirliyi, Daşkənddəki Əlişir Nəvai adına Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı ilə keçirilən “Özbək dilinin dünyada təbliği üzrə əməkdaşlıq məsələləri” adlı Beynəlxalq onlayn konfransda Qarabağ məsələsi, Ermənistanın Azərbaycana təcavüzü haqqında da danışılıb.

SİA xəbər verir ki, konfransda Özbəkistan Ali Təhsil Nazirliyinin rəhbərliyi, ABŞ-ın, Çinin, Türkiyənin Özbəkistandakı səfirləri, ABŞ, İngiltərə, Kanada, Türkiyə, Rusiya, Koreya Respublikası və Yaponiyanın tanınmış alimlər iştirak ediblər.

Universitetin rektoru, professor Şuxrat Siracəddinov Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Sərəncamı ilə hər il oktyabrın 21-nin ölkədə Özbək Dili Günü kimi qeyd olunduğunu bildirib. O, özbək dilinin dünyada təbliği ilə bağlı görülən işlər barədə məlumat verib, türk dilləri qrupuna aid olan özbək dilinin daha da təkmilləşdirilməsi, təbliği məqsədilə layihələrin həyata keçirildiyini söyləyib.

Konfransın əhəmiyyətindən danışan rektor tədbirdə iştirak edən xarici qonaqların özbək dilində çıxış edəcəklərini deyib.

Daha sonra konfransda ABŞ-ın Özbəkistandakı səfiri Daniel Rosenblum, Çin səfiri xanım Jiang Yan, Türkiyə səfiri Mehmet Sureyya Er çıxış edərək ana dilinin hər bir xalq və dövlət üçün əhəmiyyəti, türk dilləri arasında özbək dilinin yeri, dilin dövlət səviyyəsində geniş tətbiqi məsələləri haqqında danışıb, Özbəkistanda bu məqsədlə Özbək Dili və Ədəbiyyatı Universiteti adlı ali məktəbin yaradılmasını yüksək qiymətləndiriblər.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Özbək Dili bayramı münasibətilə iştirakçıları təbrik edib və özbək xalqının Əlişir Nəvai, Zahiriddin Babur, Məşrəb, Mukimi, Nadirə Bəyim, Furkat, Oybek kimi tanınmış şəxsiyyətlərinin öz əsərlərini məhz bu dildə yaratdıqlarını qeyd edib.

S.Abbasov konfransın ona verdiyi imkandan istifadə edərək Azərbaycanın haqq işi, torpaqlarının işğalçılardan azad edilməsi haqqında məlumat verib. O, Ermənistan tərəfindən 30 ildən bəri Azərbaycana ərazi iddiaları, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ona yaxın 7 rayonun, ümumilikdə isə torpaqlarımızın 20 faizinin işğal edilməsinə, bütün mədəni sərvətlərin dağıdılmasına, bir milyon insanın doğma torpaqlarından qovulmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri tərəfindən yeni ərazilər zəbt etmək niyyətinin ortaya qoyulduğunu və təcavüzün davam etdirildiyini bildirib. Deyib ki, BMT Təhlükəsizlik Şurası işğala son qoyulması və Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılmasına dair 4 qətnamə qəbul edib, Ermənistan hələ də bu sənədlərə məhəl qoymur. O, oktyabrın 17-nə keçən gecə tərəflər arasında humanitar atəşkəs elan olunmasına baxmayaraq, Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərinə raket zərbələri endirməsi, dinc əhaliyə qarşı hərbi cinayət işlətməsi nəticəsində 15 nəfərin həlak olduğunu, 50-dən çox insanın yaralandığını söyləyib.

Çıxış edən digər natiqlər - Özbəkistan Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutunun direktoru Nizomiddin Mahmudov, Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gulçehra Rixsiyeva, Oxford Universitetinin müstəqil araşdırmaçısı Thomas Vellsford, Lomonosov adına Moskva Dövlət Universiteti Asiya və Afrika İnstitutunun direktor müavini doktor Darya Jigulskaya, Tokio Xarici Araşdırmalar Universitetinin professoru Kimura Satoru özbək dilinin gözəlliyi, cazibəsi və təsiri haqqında danışaraq, yaradılmış minillik dastanlarda, ölməz əsərlərdə bu dilin öz əksini tapdığını vurğulayıblar. Onlar xarici ölkələrdə, elm mərkəzlərində, universitetlərdə özbək dilinin tədrisinə başlanıldığını qeyd ediblər.

Çıxışlarda özbək dilinin türk dilləri ailəsində ən böyük dillərdən biri kimi inkişaf etdirilməsinə, dünyanın 50 milyondan çox insanı arasında ünsiyyət vasitəsi olaraq təbliği məsələlərinə dair təkliflər səsləndirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...