Yurddaş Partiyası beynəlxalq təşkilat və qurumlara müraciət ünvanlayıb

Azərbaycan Yurddaş Partiyası Ermənistanın ölkəmizə, onun dinc sakinlərinə, o cümlədən, qadınlara, uşaqlara, yaşlılara qarşı törətdiyi hərbi cinayətlər və terror aktları barədə ingilis dilində 20-dən çox beynəlxalq təşkilat və qurumlara müraciət ünvanlayıb. Onların arasında Human Rights Watch, Amnesty International, Reporters Without Borders, Women’s International League for Peace and Freedom, Care International, IƏT, İSESKO, OPCW, CBCTO, Pİ və s. vardır.

Sizi rəhbərlik etdiyim Yurddaş partiyası adından salamlayır və müraciət edirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında beynəlxalq ictimaiyyəti xəbərdar etmişdir ki, torpaqlarımızın 20%- ni 30 ilə yaxın işğal altında saxlayan Ermənistan Azərbaycana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır.

Məlumat üçün bildirirəm ki, BMT Təhlükəsizlik Şurası 1993-cü ildə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edən 4 qətnamə qəbul etmişdir. Lakin təcavüzkar nə bu qətnamələri, nə də digər beynəlxalq təşkilatların saysız - hesabsız qərarlarını yerinə yetirməmişdir. ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar da heç bir nəticə verməmişdir. Minsk qrupunun həmsədrləri də təssüflər olsun ki, erməni silahlı qüvvələrinin Azərbaycanın torpaqlarından çıxarılmasına və təcavüzkarın beynəlxalq qanunlar qarşısında cavab verməsinə nail olmamış və buna ciddi cəhd göstərməmişdir.

Bu ilin sentyabr ayının 27 - də Ermənistanın başladığı növbəti genişmiqyaslı təxribatdan sonra Azərbaycan ordusu əks -hücuma keçmişdir. Artıq işğal altında qalmış bir çox ərazilərimiz ordumuz tərəfindən azad edilmişdir. Biz təcavüzkara qarşı Vətən müharibəsi aparırıq. Torpaqlarımızı azad edərkən Azərbaycan beynəlxalq hüquqa və humanitar prinsiplərə əməl edir.

Rusiya Federasiyasının vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskva görüşünün nəticəsi olaraq əldə edilmiş humanitar atəşkəs rejiminə baxmayaraq, Ermənistan silahlı qüvvələri bu razılaşmanı ciddi şəkildə və daha aqressiv formada pozmaqda davam edir. Beynəlxalq təşkilatların susqunluğundan,təcavüzkarın hərbi cinayətlərinə göz yummasından istifadə edən Ermənistanın hərbi -siyasi rəhbərliyinin əmri ilə ölkəmizin döyüş bölgələrindən çox uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Agcabədi və s. şəhərləri orta və uzaq mənzilli ballistik raketlərdən atəşə tutulur. Ermənistan ərazisindən start götürən bu kütləvi qırğın silahlar uşaqlar da daxil olmaqla onlarla dinc sakinin ölümünə, yüzlərlə insanın ölümünə səbəb olmuşdur. Minlərlə insan evsiz - eşiksiz qalmışdır. Hətta bu günlərdə erməni silahlı qüvvələrinin artilleriyadan Tərtər rayonunda dəfn zamanı məzarlıqda toplaşan mülki insanlara atəş açılması nəticəsində 6 nəfər dünyasını dəyişmiş, coxlu sayda vətəndaşımız yaralanmışdır.

Gördüyünüz kimi, Ermənistan hələ 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımı (bu şəhər bütünlüklə əhalisi ilə birlikdə məhv edilmişdir ) və hərbi cinayətlərini davam etdirməkdədir. Ermənistanın bu addımları insanlığa və bəşəriyyətə qarşı cinayətdir.

Sizi səssiz qalmamağa çağırırıq!Haqqın, ədalətin yanında durmağa çağırırıq!Ermənistanın istəyi müharibənin miqyasını genişləndirmək, buraya 3-cü ölkələri cəlb etməkdir. Əgər bu baş verərsə ,yeni Dünya müharibəsi qaçılmazdır. II Dünya Müharibəsində bəşəriyyətin aldığı zərbələr hələ də axıra qədər sağalmamışdır. Susmayın! Dunyamız böyük təhlükə qarşısındadır. Ermənistanın hərbi cinayətlərinə və dövlət səviyyəsində apardığı terror aktlarına qarşı çıxmaqla sizin təşkilatınız da bu təhlükənin qarşısının alınmasına real töhvə vermış olar. Təşəkkür edirəm.

Hörmətlə, Mayis Səfərli
Yurddaş partiyasının sədri

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə