Azərbaycandan dünyaya dövlət-cəmiyyət-din münasibətləri nümunəsi - ANALİZ

“Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”- Heydər Əliyev

Tarixdən məlum olduğu kimi ta qədimlərdən indiyədək Azərbaycanda dini və etnik tolerantlıq hökm sürür. Lakin, Azərbaycanda dini azadlıqların maksimum təmin edilməsi, dövlət tərəfindən dini icmalara qayğı göstərilməsi müsbət məqamlarla yanaşı mənfi tendensiyalara da rəvac verir. Yaradılmış şəraitdən sui-istifadə nəticəsində ölkədə təhlükəli təriqətlərin də sərbəst fəaliyyətinə imkan yaranıb ki, bu da cəmiyyətin və dövlətin mənafeləri kontekstində arzuolunan deyil. Əlbəttə, əsas problem getdikcə dinə meylin artmasında yox, dindən siyasi və ideoloji məqsədlər naminə istifadə cəhdlərindədir. Bəs dini azadlıqlar, tolerant mühitin təmin edilməsi vətəndaş cəmiyyəti üçün hansı perspektivlər vəd edir? Bu suala aydınlıq gətirmək üçün əvvəlcə dinin bəşər tarixində roluna və səbəb olduğu proseslərə dair qısa tarixi arayış vermək lazım gələcək.

Dünya tarixində dini proseslərin qısa icmalı

Dinlərin meydana gəlməsi bəşər övladının öz yaşam kriteriyalarının və canlı aləmlə qarşılıqlı münasibətləri zəminində əxlaqi kodekslərin bərqərar olunması zərurəti ilə şərtlənib. İlkin dövrlərdə dinlər cəmiyyətin həyatını nizama salıb, qayda-qanunları təsbit edib, əxlaqi kriteriyaların bərqərar olunmasını təmin edib.

Lakin etiraf etməliyik ki, sonrakı dövrlərdə dinin kontekstdən çıxarılması nəticəsində onun onun elmi-texniki inkişafa qarşı çıxması, elmi, təhsili, mədəniyyəti və incəsənəti yalnız dini ehkamlar çərçivəsində görmə cəhdləri, orta əsrlərdə Avropada, Yaxın və Orta Şərqdə sivilizasiyanın inkişafına mane olub.

Müasir dünyaya nəzər yetirsək, dinlərlə bağlı mənfi məqamların təkcə tarixdə qalmadığını görürük. Təəssüf ki, XXI əsrdə də inkişaf etmiş dünya din və məzhəb qarşıdurmalarının şahididir. Yaxın və Orta Şərqdə dinin siyasiləşməsi prosesləri, konfessional təəssübkeşlik, dini qarşıdurma və terror aktları, müxtəli din və məzhəb mənsublarının birgə yaşadığı ölkələrdə vətəndaş müharibələri davamlı xarakter alıb.

Fələstində yarım əsrdən çoxdur ki, kiçik fasilələrlə davam edən yəhudi-ərəb müharibəsinin hansı dəhşətli nəticələrə gətirib çıxardığı ortadadır. Əfqanıstanda, Pakistanda, Misirdə və İraqda təriqətlərarası qırğınları və terror aktlarını, Suriyada, Türkiyədə dinçilərin dünyəvi dövlətə qarşı apardıqları mübarizə göz qabağındadır.

Bəzi cəmiyyətlərdə (Yaponiya, Şimali Amerika, Avropa, Rusiya, Çin və s.) dinin mahiyyətinin düzgün dərk edilməsi və onun cəmiyyətin həyatında yerinin dəqiq müəyyən edilməsi həmin cəmiyyətlərdə ümumbəşəri dəyərləri, insan haqlarını, texniki və elmi inkişafı təmin edə bilib.

Beləliklə, dünyanın hazırki reallıqlarından yanaşsaq, dinin mahiyyəti kimi rolu da fərqli istiqamətə yönəldilib. Bəzi xarici dairələr dini mənsubiyyət cəhətdən qarşıq əhalisi olan ölkələrdə radikal dini təriqətlərin əli ilə vətəndaş müharibəsi törədirlər.

Azərbaycanda da hələ ötən əsrin 90-cı illərindən başlayaraq dini və etnik qrupları qıcıqlandırmaqla ölkədə dini qarşıdurma yaratmağa çoxsaylı cəhdlər edilib, amma bu məsələlər dövlət və cəmiyyətin birliyi fonunda ümumilli lider Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində yüksək ustalıqla yoluna qoyulub. Ara sıra belə cəhdlər edilir, lakin ölkə hakimiyyətinin siyasi iradəsi və cəmiyyətin qətiyyətli mövqeyi buna imkan vermir.

Azərbaycanda dini cəmiyyətdən dünyəvi cəmiyyətə keçid

Tarixə baxsaq, dünyada olduğu kimi, Azərbaycanda da dini ideologiya heç də həmişə tərəqqipərvər və sülhsevər olmayıb. Keçmiş əsrlərdə bu torpaqlarda müxtəlif dinlərin və fəlsəfi cərəyanların tərəfdarları arasında amansız müharibələr baş verib. Nəticədə, milyonlarla günahsız insan məhv edilib. Lakin Azərbaycan xalqı tarixin heç bir dövründə öz dinini əldə bayraq edib heç bir xalqa, dövlətə, dinə qarşı təcavüz etməyib, sülh şəraitində yaşamağa üstünlük verib.

Ötən əsrdə dini cəmiyyət və dövlət formasından dünyəvi cəmiyyət və dövlət formasına keçidin timsalında biz hər iki formasiyanın müqayisəsi imkanını qazanırıq.

XX əsrin əvvəllərinədək Azərbaycan xalqı mövhumat içində yaşayır və elmi, texnoloji, mədəni inkişaf cəhətdən sivil dünyadan xeyli geri qalırdı. Lakin xalqımızın fədakar oğulları- Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Mirə Fətəli Axundov kimi böyük mütəfəkkirlər, Avropada və Rusiyada təhsil alan ziyalılar cəmiyyətin və ölkənin inkişafını elm və təhsildə görürdülər və bunu təbliğ edirdilər. Məhz onların böyük və gərgin əməyi nəticəsində xalqı xurafatdan uzaqlaşdırmaq, təhsilə və mədəniyyətə cəlb etmək işi başladı.

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra isə, bu iş kütləvi xarakter aldı. Qısa bir zamanda xalqımız elmi-mədəni sahədə böyük inkişaf yol keçdi. XX əsrdə Azərbaycan xalqı dünya elminə, mədəniyyətinə böyük dahilər, alimlər, sənətkarlar verdi.

Sovet İttifaqının dağılması və Azərbaycanın fəaliyyətini müstəqil dövlət kimi davam etdirməsindən sonra, respublikada azad vətəndaş cəmiyyətinin qurulması məqsədilə dini azadlıqlar dövlət tərəfindən təmin edildi. Təəssüf ki, bundan mənfi məqsədlərlə istifadə etmək istəyən, din əvəzinə mövhumatın yayılmasına maraqlı olan qüvvələr peyda oldular. Onların fəaliyyəti nəticəsində bəzi gənclər təhlükəli dini təriqətlərin toruna düşürlər.

Azərbaycanda dini qarşıdurma üçün əsas varmı?

Dini maariflənmənin zəif olması səbəbindən dinin əsil mahiyyətindən kənara çıxan təriqətlər bir sıra gənclər üçün daha cəlbedici görünür. Belə təriqətlərin əsas məqsədi isə heç də Tanrı və Yaradılışın həqiqi mahiyyəti haqda bilik yaymaq deyil, yalnızca məkrli qlobal mərkəzlərin siyasətinə uyğunlaşmış təhlükəli təlimlərini cəmiyyətin mümkün qədər çox hissəsinə yaymaqdan və kütlələri öz nəzarətlərində saxlamaqdan ibarətdir.

Belə dini qüvvələrin arxasında xarici dövlətlərin kəşfiyyat orqanlarının dayandığı isə heç kimə sirr deyil. Xarici siyasi-ideoloji mərkəzlər səhv yolda olan dini qüvvələrin vasitəsilə cəmiyyətdə parçalanma və qarşıdurmalar yaratmağa cəhd edirlər.

Kritik situasiyalarda bəzi Qərb dövlətlərinin radikal dindarları müdafiə etməsi onların dünyaya elan etdikləri prinsiplərinə zidd getməkdən əlavə, həm də gizli məqsədlərinin nədən ibarət olduğunu görməyə imkan verir. Ərəb ölkələrində baş verənləri bir balaca analiz edəndə məsələ aydın olur.

Azərbaycanda isə bu sahədə vəziyyət sabitdir, dini və ya etnik qarşıdurma üçün heç bir əsas yoxdur. Xalqımız qədimdən gələn multikultural ənənəsini yaşatmaqla həm ölkədə ictimai-siyasi sabitliyin qorunmasında dövlətin siyasətinə dəstək verir, həm də ölkənin bütün vətəndaşlarının respublikanın xoşbəxt gələcəyinin qurulmasına öz töhfəsini verir.

Azərbaycan cəmiyyətində dinin yeri necə müəyyən edilib?

Bütün dünyaya məlum olduğu kimi, Azərbaycanda dini tolerantlıq hökm sürür. Heç kim dininə və əqidəsinə görə ayrı-seçkiliyə, təzyiqlərə məruz qalmır. Dünyəvi dövlət olaraq müasir, demokratik bir cəmiyyətə malik Azərbaycanda dini azadlıqlar maksimum təmin edilib. Ölkəmiz özünün dövlət-din, cəmiyyət-din münasibətləri modeli ilə dünyanın ən yaxşıları sırasındadır.

Dövlətimiz vətəndaşların vicdan azadlığının qorunması üçün üzərinə düşən bütün vəzifələri qətiyyətlə həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ölkəmizdə dövlət-din münasibətləri müasir qanunvericilik səviyyəsində tənzimlənir, dini etiqad azadlığı tam qorunur, tolerantlıq daha da möhkəmlənir.

Ümumilli lider, dünya şöhrətli siyasətçi Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev də hər zaman dini dəyərlərə böyük hörmət göstərib və Azərbaycanın dünyada nümunəvi tolerant ölkə imicini qazanmasında əsas roy oynayıb.

Beləliklə, bu gün respublikamızda hər bir vətəndaşın öz dini inancını qoruması, həmin dinin təbliğ edilməsi, dindarların rahat ibadətlə məşğul olma hüquqları Konstitusiya (18, 48-ci maddələr) ilə təsbit edilib və dövlət bu hüquqların təmin edilməsi üçün kifayət qədər optimal siyasət yürüdür. Azərbaycan cəmiyyəti dinin mənəvi dəyərlər sistemi olduğunu və onun siyasətə, dövlət işlərinə və sair bu kimi məsələlərə qarışdırılmamasının vacibliyini dərk edirlər. Bir sözlə Azərbaycanda dini fanatizmə cəmiyyətin münasibəti müsbət deyil.

Azərbaycanda dövlətin din siyasəti necə qurulub?

1996 və 1997-ci illərdə «Dini etiqad azadlığı haqqında» Azərbaycan Respublikası Qanunununa əlavə və dəyişikliklər edildi. Dövlət-din münasibətlərində yeni bir mərhələnin əsası qoyuldu, dövlətin din sahəsinə və dindarlara qayğısı artdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda dünyəvi dövlət quruculuğunun davam etdiriləcəyini, eyni zamanda dövlətin milli-mənəvi dəyərlərinin qorunmasına böyük önəm verəcəyini bildirdi: “Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik”.

Azərbaycanda dövlət tərəfindən dini icmalara böyük diqqət və qayğı da göstərilir. Son illərdə ölkədə dövlət tərəfindən 500-dən yuxarı məscid, onlarla kilsə, sinaqoq və digər məbəd və ziyarətgahlar tikilib və ya yenidən qurulub. Prezident İlham Əliyevin tapşırığı ilə dövlət tərəfindən çox böyük vəsait ayrılaraq Təzəpir məscidinin dünyanın ən zəngin və ən möhtəşəm məscidlərindən birinə çevrilməsi dini dəyərlərə hörmətin hansı səviyyədə olduğunu göstərir.

Hazırda respublikamızda 2000-dən məbəd və ziyarətgah var. Azərbaycanda dini bayramlar ən yüksək səviyyədə keçirilir. Bundan başqa, Bakıda tez-tez dini tolerantlıq və sivilizasiyaların qovuşması mövzusunda beynəlxalq konfranslar təşkil olunur.

Ölkəmizin ali məktəblərindən biri olan Bakı İslam Universitetində və digər universitetlərin ilahiyyat fakültələrində xeyli gənc dini təhsil alır. Bundan başqa, onlarla gənc islam ölkələrinin aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

Əlbəttə, ölkədə dini və ya etnik tolerantlıq ab-havasının saxlanılmasının təmin olunması olduqca vacib məsələdir. Bu amil dövlətçiliyin qorunmasında və inkişafında önəmli rol oynayır. Lakin, dini azadlıq insanların zərərli təriqətləri müdafiə etməsinə səbəb olmamalıdır. Hansısa təriqətə bağlılıq, cəmiyyət və dövlət maraqlarından üstün tutulmamalıdır. Azərbaycançılıq ideyası hər şeydən əvvəldə gəlməlidir.

Elçin Bayramlı

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Azərbaycançılıq ideyasının təblığı" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə