"Heç kim bu haqq işində bizim yolumuzu kəsə bilməz!" ÖZƏL-MÜNASİBƏT

"Heç kim bu haqq işində bizim yolumuzu kəsə bilməz!" ÖZƏL-MÜNASİBƏT
"Ordumuz inamla irəliləyir. Düşməni əzə-əzə Böyük Zəfərə doğru gedirik. Hər saat bir yeni uğur, hər gün bir yeni qələbə! Tariximizin yeni səhifəsini yazırıq. Ən yeni tariximizi yazırıq. İgid əsgərimiz ölümün gözünə dik baxaraq hədəfə yaxınlaşır. Onu güclü edən, düşməndən üstün tutan təkcə yüksək döyüş hazırlığı deyil, əlindəki müasir silahlar deyil. Hər şeydən əvvəl Vətən sevgisidir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mayis Səfərli deyib. Onun sözlərinə görə, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında mübariz Ordumuz qısa zaman kəsiyində yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək bütün cəbhə boyu düşmənin illərlə möhkəmləndiyi, betondan inşa edilmiş müdafiə xəttini, istehkamlarını yerlə yeksan edərək xeyli dərinliklərə irəliləyişdir. Xarici ölkələrin, xüsusilə də, NATO ekspertlərin rəyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin döyüş taktikası və strategiyası müasir hərb elminin ən son nailiyyətlərini özündə ehtiva edir. Hətta bəzi mütəxəssislər Azərbaycanın sülhə vadaretmə əməliyyatlarında yaralandığı metod və üsullardan beynəlxalq sülhyaratma əməliyyatlarında istifadə olunmasını tövsiyə edirlər. Ordumuzun əks-hücumlarında müharibə qaydalarına əməl edilir. Mülki sakinlərin həyatlarına və əmlaklarına xətər yetirilməməsi üçün bütün normalar gözlənilir. Erməni tərəfinin yalanlarına, şaiələrinə artıq heç kim inanmır. Beynəlxalq humanitar hüquqa uyğun hərəkət edən döyüşçülərimiz yalnız hərbi obyektləri hədəfə götürür. Düşmən ölkənin liderləri isə çeşidli provakasiyalara əl atır. Onlar müxtəlif bəhanələrlə, xüsusilə də, guya hava hücumundan qorunmaq adı altında Dağlıq Qarabağda əhalini hərbi obyektlərə yığır, onları silahlı birliklərimizin hədəfinə çevirmək istəyirlər. Ordumuzun dəqiq kəşfiyyat məlumatları ilə təmin edilməsi düşmənin belə məkrli planlarını alt-üst edir. Döyüş meydanlarında uduzan, mövqelərini qoyub qaçan ermənilər, ölkəmizə zərbələr vurmaq üçün alçaq və çirkin hərbi cinayətlərə əl atırlar. Neçə gündür ki, düşmən ordusu yaşayış məntəqələrimizi o cümlədən Gəncəni, Mingəçeviri, Abşeronu Ermənistan ərazisindən raketlərlə atəşə tuturlar. Mülki əhali arasında xeyli itkilərimiz var. Əfsuslar olsun ki, Ermənistanın hərbi cinayətlərini gözardı edən beynəlxalq təşkilatlar, böyük dövlətlər işğalçını cəzalandırmaq əvəzinə, bizi dayandırmağa, mənasız danışıqlara məcbur etməyə çalışırlar. Bu mümkünsüzdür! Ermənilərin xalqımıza qarşı törətdikləri cinayətlərə, qətliamlara 30 il ərzində susanların indiki atəşkəs çağırışları, əslində, erməniləri müdafiə etməkdən savayı bir şey deyil. Azərbaycan sonuncu qarış torpağını düşməndən azad etməyənə qədər vuruşacaq! Heç kim bu haqq işində bizim yolumuzu kəsə bilməz!".
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə