"Erməni təxribatlarına əvvəl-axır bu cür cavab verilməli idi" - ŞƏRH ÖZƏL

"Erməni təxribatlarına əvvəl-axır bu cür cavab verilməli idi" - ŞƏRH ÖZƏL

"Ermənilər özləri üçün bir yalan uydurur, onu həqiqət kim qəbul edir, sonrakı nəsillərin beyninə yeridirlər. Gələn nəsil də təbii ki, bütün yalanları həqiqət kimi başa düşür. Baxın budur erməni xisləti. Paşinyan artıq ikinci dəfədir ki, BBC-nin müxbirləri qarşısında biyabırçı vəziyyətə düşür və bu da təbiidir. Çünki BBC müxbirlərinin verdiyi suallar çox məntiqlidir və buna görə də suallar qarşısında aciz qalır. BBC müxbirinin "Bura beynəlxalq hüquqla Azərbaycan torpağıdır, siz buna necə baxırsız?", sualına Paşinyanın "Ermənistan Azərbaycan torpaqlarını işğal etməyib" kimi cavab verib. Bu qədər həyasızlıq olar? Bəs onda biz illərdir niyə danışıqlar, indi isə müharibə aparırıq?". Bunu SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, professor Ziyafət Əsgərov deyib.

Deputatın sözlərinə görə, Paşinyanın dediyi heç bir fikrin məntiqi əsası yoxdur: "2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdə belə bir ümid var idi ki, Ermənistanın işğalçılıq siyasətində dəyişiklik ola bilər: "Hətta cənab prezident İlham Əliyev də bir çıxışında dedi ki, Paşinyan hakimiyyətə gəldiyi ilk vaxtlarda bizə siqnal ötürüb və çox sıxışdırıldığını qeyd edərək ona vaxt verilməsini, bu məsələnin həlli üçün çalışacağını bildirib. Sonra məlum oldu ki, Paşinyan əvvəlki siyasi rəhbərlikdən nəyinki fərqlənmir, onlardan da pisdir. Əvvəlki siyasi rəhbərliyin dövründə müəyyən prinsiplər razılaşdırılmışdı və o istiqamətdə də işlər gedirdi. Baxmayaraq ki, onlar da "status-kvo"nu uzadırdılar. Lakin Paşinyan "Qarabağ Ermənistandır" deməklə həmin prinsiplərin üzərindən xətt çəkdi. Bununla da dayanmadı və təxribatlar törətməyə başladı. 2020-ci ilin iyul ayında Tovuz istiqamətində təxribat törədildi, daha sonra diversiya qrupu göndərdi, ən sonda isə sentyabrda yenə təxribata əl atıldı. Biz bu təxribatlara nə qədər dözməliyik? Əvvəl-axır bunlara cavab verilməli idi. Ona görə də biz əks-hücuma keçdik və öz torpaqlarımızı azad edə-edə irəliləyirik".

Komitə sədri bildirib ki, biz Vətən müharibəsi aparırıq və hesab edirəm ki, vətənimizin azadlığı uğrunda apardığımız mübarizədə qalib gələcəyik: "Bizim işimiz haqq işidir. Bizim əsgərimiz xilaskarlıq uğrunda mübarizə aparır. Son günlər Paşinyan yeni bir fikir hallandırır ki, əgər Azərbaycan da razılaşsa mən güzəştə getməyə hazıram. Azərbaycan tərəfi 30 il Ermənistana güzəşt edib danışıqlara getdi. İndi biz hansı güzəşti etməliyik? Azərbaycanın şərtlərini cənab Prezident açıqca bəyan edib. Erməni tərəfi qoşunlarını işğal olunmuş torpaqlardan çıxarır və Azərbaycan xalqından üzr istəyir. Ondan sonra isə hansısa danışıqlardan söhbət gedə bilər. Mən çox təəssüf edirəm ki, Minsk Qrupunun həmsədrləri bu 30 il ərzində heç bir iş görmədilər. Əksinə bu azğınlaşmış, quduzlaşmış iti daha da qızışdırıb üstümüzə saldılar. Ona görə də, işlərin axırı bura gəlib çıxdı".

Z.Əsgərov vurğulayıb ki, Paşinyan küçədən hakimiyyətə gəlmiş bir adamdır: "Küçədən gəlmiş bir insandan siyasi rəhbər olmaz. Siyasətçi siyasi elitadan gəlməlidir. O, hay-haray salaraq küçədən hakimiyyətə gəldi. Lakin unutmaq olmaz ki, küçə başqa, siyasət tamam başqa anlayışlardır. Paşinyan artıq siyasi reallıqları gördükcə çaşdı. Hesab edirəm ki, bu adam nə siyasətdən, nə iqtisadiyyatdan, nə sosial siyasətdən, nə xarici siyasətdən, beynəlxalq münasibətlərdə hansı hadisələrin baş verdiyindən xəbərdar deyil və bunların heç birini düzgün qiymətləndirə bilmir. Bütün bunlara görə də, hazırkı rəzil vəziyyətə düşüb. 5 dəfə Rusiya Prezidentinə zəng edərək yalvarıb ki, kömək et. Həmçinin Fransa, ABŞ prezidentlərinə kömək üçün yalvarır. Belə olan halda ortaya bəzi suallar çıxır. Əgər sən yalvaracaqdınsa, gücün bundan ibarət idisə, niyə təxribatlar törədirdin? Ona görə də bir daha qeyd edirəm bu məsələdə Azərbaycan sonuna qədər haqlıdır. Biz haqqın, beynəlxalq hüququn yanındayıq. Beynəlxalq hüquq bizim tərəfimizdədir. Möhtərəm Ali Baş Komandanımızın başçılığı altında qələbə bizimlədir".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə