Ermənilər vurulmuş SU-25-in fotosunu yaydılar və... Növbəti böhtan!

Ermənilər vurulmuş SU-25 qırıcı təyyarələrinin vurulduqdan sonrakı fotolarını ictimailəşdirərək, hələ də onun guya Türkiyə Silahlı Qüvvələrinə məxsus F-16 qırıcısı ilə vurulduğunu iddia edirlər. SİA xəbər verir ki, Armenianreport-un təqdim etdiyi fotolardan ilk olaraq belə nəticəyə gəlmək olar ki, istənilən hərbi təyyarə yalnız digər qırıcı ilə deyil, həm də havadan müdafiə raketləri ilə məhv edilə, ya da düzgün idarə olunmadığına görə, dağa, müxtəlif yüksəkliklərə çırpılaraq qəzaya düşə bilər.

Başqa tərəfdən, Azərbaycan Prezidenti İlham Əliyev Rusiya telekanalına verdiyi müsahibəsində erməni tərəfinin SU-25 təyyarəsinin məhz Türkiyəyə məxsus F-16 qırıcısı ilə vurulmasını təsdiq edən dəlil tələb etmişdi. Göründüyü kimi, erməni tərəfi dəlil və sübut əvəzinə, sadəcə SU-25-in qırıntılarının şəklini ictimailəşdirib. Ancaq nə radarları, nə də digər aşkaredici qurğuları vasitəsi ilə F-16 qırıcısının görüntülərini sübuta yetirə bilməyiblər.

Digər yandan, bu gün Ermənistan rəhbərliyinə sual oluna bilər ki, əgər onlar Azərbaycanla müharibənin "dqr"-ə məxsus "ordu" tərəfindən aparıldığını iddia edirlərsə, bu zaman qiyməti kifayət qədər böyük məbləğə söykənən SU-25 təyyarəsini heç bir iqtisadi və s. potensialı olmayan qondarma "respublika" haradan əldə edib? Bu faktın özü sübut etmirmi ki, hazırda da qondarma rejim adından Azərbaycana qarşı hərbi təcavüz edən məhz Ermənistanın silahlı qüvvələri tərəfindən davam etdirilir?

Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də sözügedən məsələ ilə bağlı vurğulayıb ki, təyyarə dağa çırpılaraq qəzaya uğrayıb və yaxşı olardı ki, erməni tərəfi ikinci təyyarənin də eyni aqibətlə üzləşdiyini etiraf etsin.

Göründüyü kimi, erməni tərəfi indi də böhtan və yalanları ilə dünya birliyinin diqqətini aldığı sarsıdıcı məğlubiyyətlərinə cəlb etməyə çalışır və bunu etdikdə, daha çıxılmaz vəziyyətə düşür.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə