Ermənistanın təxribatları barədə süjet hazırlanıb İsrail telekanalında

Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdakı təxribatları və Azərbaycan ordusunun əks-hücumu barədə İsrailin “i24news” telekanalı süjet hazırlayıb. SİA xəbər verir ki, telekanal həmçinin İsrailin Bakıdakı keçmiş səfiri Artur Lenkin fikrini təqdim edib.

Süjetdə A.Lenk öz fikirlərini çatdırıb və Ermənistanın 1990-cı illərin əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal etdiyini bildirib. Həmçinin qeyd edilib ki, son iki ayda çoxsaylı qarşıdurmalar olub, lakin Azərbaycan artilleriyası yalnız keçən həftənin sonunda Ermənistanın təxribatlarına cavab olaraq onların hərbi mövqelərini atəşə tutub.

“Düşünürəm ki, həqiqətən edilməsi lazım olan əsas məsələ ciddi danışıqlar aparmaq və Azərbaycanın bir hissəsi olan işğal olunmuş Dağlıq Qarabağ ilə bağlı fikir ayrılıqlarını həll etmək üçün yol tapmaqdır. Uzun illər ərzində bu münaqişədə vasitəçi olan ABŞ, BMT və Rusiyanın atəşin dayandırılması, həmçinin danışıqların başlanılması üçün yollar tapacağına səmimi qəlbdən ümid edirəm.

Bu gün bölgədə yaşayanlarla danışdım və azərbaycanlılar hesab edir ki, danışıqlar davam etməlidir. Ancaq onların fikrincə, erməni taktikası, danışıqlar aparmaq deyil, yalnız tələb irəli sürməkdən ibarətdir və ermənilər 25 il əvvəlki kimi davranırlar. Azərbaycanın bu ərazisi hələ də işğal altındadır və azərbaycanlılar onu qaytarmaq istəyirlər”, deyə A.Lenk bildirib.

İsrailin Bakıdakı keçmiş səfiri, Azərbaycanın İsrail üçün regional təhlükəsizlik, enerji, tolerantlığın təmin edilməsində mühüm tərəfdaş olduğunu, iki dövləti tarixi əlaqələrin birləşdirdiyini qeyd edib. Eyni zamanda xatırladıb ki, İsrail və Ermənistanın tarixi münasibətləri yoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə